​Alimlərdən XƏBƏRDARLIQ: Duz bağırsaq florasını məhv edir

İnsanların gündəlik qidalanma zamanı istehlak etdiyi məhsullar arasında sağlamlığa zərər olan qidalar kifayət qədərdir. Belə ki, əhalinin 80 faizi duzlu və acılı qidalara üstünlük verir. Məsələn, normadan artıq qəbul edilən duz bağırsaq florasını məhv edir.
Publika.az xəbər verir ki, amerikalı alimlər iddia edir ki, qidada mütəmadi olaraq normadan artıq miqdarda duz istifadə etmək immuniteti zəiflədir, nəticədə isə insanın koqnitiv funksiyalarının deqredasiyası baş verir.
Aparılan elmi araşdırma nəticəsində məlum olub ki, natrium-xloriddən normadan artıq istifadə endotial disfunksiyaya yol açır. Bu, arterial təzyiqə təsir etməsə də, beyin qan dövranının sürətlə zəifləməsinə gətirib çıxarır.
Duz bağırsaqda "T-helper 17" hüceyrələrinin miqdarını artırır. Mütəxəssislər qeyd edir ki, qan dövranında interleyk molekullarının sürətli artımı zərərli dietanın beyin qan dövranına mənfi təsiri ilə müşahidə olunub.
Tədqiqatçılar siçanlar üzərində aparılan sınaqlardan sonra bu qənaətə gəliblər. Lakin bu nəticələr insanlar üçün də keçərlidir. Sınaqlar zamanı siçanlara əvvəlcə normadan artıq duzlu qidalar verilib. Daha sonra isə gəmiricilər normal qidalanma şəraitinə qaytarılıb. Bu zaman yüksək duzlu qidalarla normal dieta arasındakı fərq aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, insan orqanizminin gündəlik qidalanma zamanı maksimum 5 qramdan artıq duz qəbul etməsi tövsiyə edilmir. Araşdırmaya görə, gündəlik qəbul edilən qidaların tərkibində duzun 5 qrama qədər norması gözlənilərsə, dünyada hər il qeydə alınan ölüm halları 2.5 milyon azalar.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı son statistikaya görə, Yer kürəsində yaşayan insanların yarıdan çoxu gündəlik olaraq normadan artıq (80-140% çox) natrium-xlorid qəbul edir. İzafi duz insan orqanizminə birbaşa olaraq çörəklə, quru səhər və qəlyanaltı yeməklər vasitəsilə daxil olur.
Könül Cəfərli

Загрузка...
Загрузка...