​Aktyorun ailəsi bir-birinə dəydi: cənazə qalmaqalı – Video

 
Məşhur aktyor Tarık Akanın vəfatı ailəsində ikitirəliyə səbəb olub.
 
Axar.az xəbər verir ki, mərhumun böyük qardaşı Turqut Ürəgül xəstəxanadan cənazəni tələb edib. Lakin xəstəxana rəhbərliyi mərhumun cənazəsini ailəsinə təhvil verib.
 
Jurnalistlərə açıqlama verən T.Ürəgül xəstəxana rəhbərliyini cənazəni qaçırmaqda ittiham edib:
 
“Səhərdən buradayıq, qardaşımın cənazəsini bizdən qaçırırlar. ABŞ xəstəxanası cənazəni bizə vermir. Deyirlər ki, Nazım Hikmət Fondu açıqlama yayıb. Nazim Hikmət kimdir? Mən kommunistləri sevmirəm. Məni siyasətə qarışdırmayın. Mən onun böyük qardaşıyam, cənazəni mənə təhvil verməlidirlər”.
 
Tarık Akanın böyük oğlu Barış Zəki Ürəgül əmisinin açıqlamasına münasibət bildirib. Onun sözlərinə görə, aktyorun cənazəsi qaçırılmayıb, dəfn üçün hazırlıq görülür:
 
“Atam 3 həftədir ki, xəstəxanada müalicə alırdı. Bodrumda sadəcə 1 həftə istirahət üçün qaldı. Sonra xəstəliyi ağırlaşdı və xəstəxanaya gətirdik. Dünən gecə saat 1-də üç övladının yanında vəfat etdi. Atam sadəcə bizim üçün deyil, bütün Türkiyə üçün önəmli insan idi. İndi yalan, yanlış danışan o şəxs (əmisi Turgut Ürəgülü nəzərdə tutur - red) şou üçün danışır. Atamın cənazəsinin itməyini deməsi çox maraqlıdır. Çünki atamın cənazəsi bizdədir və dəfn üçün hazırlıqlar görürük. İndi danışan o şəxs atam sağ ikən onun ətrafına belə yaxınlaşa bilmirdi”.