Aktrisamız erməni təklifindən imtina etdi

 
Axar.az aktrisa, gənc yazar Gülay Hüseynova ilə müsahibəni təqdim edir:
 
- Gülay, bir-birinin ardınca seriallarda, reklamlarda, filmlərdə gördük səni. Sonra birdən-birə ekranlardan uzaqlaşdın. Bu bir seçimdir, yoxsa şəxsi səbəb?
 
- Yox, əlbəttə ki, bu, nə seçimdir, nə də şəxsi həyatla əlaqədar bir şey. Sadəcə olaraq, artıq 1 il olacaq ki, İstanbula köçmüşəm. Bu səbəbdən də, Azərbaycan ekranlarından uzaqdayam hazırda.
 
- Azərbaycanda kifayət qədər tamaşaçı kütlən var idi. Birdən-birə hər şeyi qoyub getmək, yeni bir ölkədə sıfırdan başlamaq kifayət qədər cəsarətli addımdır. Necə bu qərarı verdin?
 
- Sözün düzü, həqiqətən, hər şey birdən-birə oldu. İstanbulu sevirdim, yaşamaq istədiyim ölkə idi, bu öz yerində. Amma bu qədər tez köçəcəyimi özüm də gözləmirdim. Hər şey mənim ilk kitabım olan “P.S. Zaten boyun da küçüktü…” ilə başladı. Bilirsiniz ki, 2015-ci ildə nəşr olunan bu kitab Azərbaycanda ilin ən çox satılan kitabı olmuşdu. Bestseller olandan sonra da “Qızıl Qələm” mükafatına layiq görülmüşdüm. Kitabın uğurları qardaş ölkəyə kimi səs-soraq salmışdı. Orijinal dili türkcə olduğuna görə də Türkiyədəki nəşriyyatlardan kitabı orada nəşr etdirməyə dair təkliflər gəlməyə başladı. Aylarla mail yolu ilə danışıqlar davam etdi, sonda ən yaxşı təklifi dəyərləndirib, kitabın Türkiyədə nəşrinə razılıq verdim. Transfer yazar olaraq, “İthaki” yayınlarından dəvət alıb yanvarın 1-də İstanbula köçdüm, müqaviləmizi imzaladıq. Fevralın 19-da kitabım nəşr olundu və Türkiyənin dörd bir tərəfində kitab mağazalarının rəflərini bəzədi. Ardınca imza günlərim başladı, İstanbul, İzmir, Trabzon, Bursa, Kocaeli kimi böyük şəhərlərdə çalışdığım nəşriyyatlar tərəfindən çox yüksək səviyyədə imza günlərim təşkil olundu. O böyük, möhtəşəm kitab sərgilərində Azərbaycanı təmsil edən tək yazar kimi, çox qürurverici və məsuliyyətli hiss var idi ürəyimdə. Allaha şükür ki, ölkəmi ən layiqli şəkildə, alnıaçıq, üzüağ təmsil etdim. Türkiyənin bir çox böyük şair və yazıçılarıyla, eləcə də minlərlə oxucuyla tanış oldum. Mən imzamla onların kitablarında, onlarsa sevgiləri ilə mənim ürəyimdə dərin izlər buraxdılar. Sırf bunları düşünərək anlayıram ki, həyatda heç nə təsadüf deyil, ola da bilməz. Hər şey göylər tərəfindən planlaşdırıldığı kimi cərəyan edir.
 
- Özün üçün ssenari yazmağı düşünmüsən bəs?
- Beynimdə özümə dair layihələrimi yazmışam da, oynamışam da (gülür). Amma real olaraq, hələ ki, “P.S. Zaten boyun da küçüktü…” var. Onun filmi çəkiləndə baş rolunu özüm oynayacağam inşallah. Bundan başqa, ssenarist olaraq, yeni bir serial müqaviləsi imzalamışam. Hazırda onunla məşğulam, vaxt məhdudiyyəti var deyə, tətilə də gedə bilməmişəm. Həftəlik 80 dəqiqəlik serial yazıram çünki. Sentyabrda Allahın izni ilə çəkilişlər başlayacaq. Bir neçə bölüm sonra eyni serialda, sırf xatirə üçün aktrisa olaraq da özümə bir rol yaza bilərəm.
 
- Türkiyə şou-biznesində yazar-ssenarist, yoxsa aktrisa kimi tanınmaq istəyərdin?
 
- Düşünürəm ki, incəsənət sahəsindəki qabiliyyətim hər ikisinə imkan verir. Həm yazar-ssenarist, həm də aktrisa kimi uğurlu fəaliyyət göstərəcəyimə inanıram və iddialıyam. Sadəcə olaraq, xaricdə yaşayan zaman bəzən planda olmayan xoşagəlməz hadisələrlə də üzləşir insan. Uzağa getməyim, elə 4-5 gün əvvəl olan bir hadisəni misal göstərim. Türkiyənin çox böyük və reytinqli bir kanalından ssenarist olaraq, 90 dəqiqəlik bir televiziya serialı təklifi aldım. Ard-arda hər gün iclas oldu, bütün komanda ilə yığışdıq. Sinopsis və 2 bölüm üçün tretmanlar yazdım, bəyənildi. Maddi məsələlərdə də şərtlərimi dedim, qəbul edildi, razılaşdıq. Və təsəvvür edin, sözləşmə imzalamağa hazırlaşırıq, hamı bir-birinə “xeyirli olsun” deyir. Birdən mənə dedilər ki, serialda bir erməni qadın obrazı olmalıdır və finala kimi bu qadın müsbət qəhrəman olaraq qalmalıdır. Masa üstündə müqavilə, əlimdə qələm, qətiyyətlə deyirəm ki, bu, mümkün deyil, mən belə bir obraz yazmayacağam. Ortaya sükut çökdü, hamı şokda mənə baxırdı. Qələmin qapağını keçirib qoydum masanın üstünə. Dedim, Azərbaycanla Ermənistanın düşmənçilik münasibətini az-çox bilən biri olaraq, məndən bunu istəyə bilməzsiniz. Mən ölkəmi, millətimi hər şeydən çox sevən, Azərbaycanı Türkiyədə təmsil edən bir yaradıcı insan olaraq, tərcümeyi-halıma ləkə salmaq istəmirəm. Bəlkə siz bunu qeyri-peşəkarlıq və ya millətçilik adlandıra bilərsiniz. Amma əmin olun ki, mən bu serialı yazmayıb evimdə ac otursam, özümü daha xoşbəxt və vicdanlı hiss edəcəyəm. Və eyni situasiya yenə yaransa, mən yenə imtina edərəm. Vətənimi və adımı nə böyük pullara, nə də reytinqlərə sataram. Sözümün canı odur ki, hər nə qədər qardaş ölkə olsaq da, xarici vətəndaş olduğumuz üçün heç də hər zaman hər şey planlaşdırdığımız kimi olmur.
 
- Yeri gəlmişkən, özün öz ayağınla getmişkən, türk vətəndaşı ilə ailə qurmaq barədə düşünmüsən heç?
 
- Sözün düzü, Türkiyəyə gələndən başım işə-gücə o qədər qarışıb ki, nəinki türk vətəndaşı, ümumiyyətlə, ailə qurmaq barədə düşünmürəm. Hətta inanın, Azərbaycanda olanda daha çox düşünürdüm evlilik haqqında. Əlbəttə ki, gələcək övladlarımın atasının öncə insan, sonra müsəlman, daha sonra da Azərbaycanlı olmağını istəyərəm.