Aktrisa: “Ssenarinin üstündə həyat yoldaşımla dalaşırıq” – MÜSAHİBƏ

 
Teleqraf.com gənc aktrisa Vüsalə Ağamalıyevayla müsahibəni təqdim edir:
 
-Vüsalə xanım, deyirəm bəlkə, müsahibəmizə oxuculara tanışlıq verməklə başlayaq?..
 
-Mən Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” ixtisasını bitirmişəm. Tələbəlik vaxtlarından Vaqif İbrahimoğlunun “Yuğ” teatrındakı ustad dərslərində iştirak etmişəm. Müəyyən vaxtlarda Musiqili Teatrın ədəbi hissə şöbəsində, “Space” telekanalının yaradıcılıq emalatxanalarında təcrübə keçmişəm. “Pəri qala” qısametrajlı, “Niyyət” tammetrajlı filmlərində, eləcə də reklam roliklərində  çəkilmişəm. Ümumilikdə deyə bilərəm ki, çox çəkilməmişəm.
 
-Çox çəkilməməyinizə səbəb nə olub?
 
-Mən axı aktyorluğu bitirməmişəm. Amma həmişə bu sənətə marağım olub, deyilənə görə də alınır. Bu işdən həzz alıram, sevirəm, ona görə davam etdirirəm.
 
-Hazırda nə işlə məşğulsunuz?
 
-Həyat yoldaşım, rejissor Namiq Ağayevin “Ol” bədii filminin post- prodakşn işləri ilə məşğuluq. Film “Run” və “Turan” prodakşının birgə işidir. Post- prodakşn işləri Türkiyədə həyata keçirilir, bitməsinə az qalıb. İlk premyerasını da Türkiyədə keçirməyi nəzərdə tutmuşuq.
 
-Əgər sirr deyilsə filmin süjet xətti barədə danışardınız.
 
-Sirr deyil, amma filmi bir kəlməylə də izah etmək olmur. Ekran əsəri ssenarist və rejissor olan iki qardaşın başına gələn əhvalatdan bəhs edir. Onların çəkdikləri film alınmır, ona görə də premyera günü sponsorlar tərəfindən döyülüb çölə atılırlar. Qardaşların qarşısına dalaşıb gecə klubundan çölə atılan, sərbəst həyat yaşayan, özünəməxsus bir qız çıxır. O qız rolunu da mən canlandırıram. Bu insanlar çıxılmaz vəziyyətə düşürlər, amma bu vəziyyətdə belə mövcud olmaq, yaşamaq uğrunda mübarizəyə girişirlər. Filmin janrı tragikomediyadır. Tərəf müqabillərim Namiq Ağayev və Fikrət Məmmədovdur. Onlarla tərəf müqabili olmaq çox yaxşı və rahat idi. Filmdə eyni zamanda türk aktyor dostumuz  Tuncer Salman da rol alıb.
 
-Adətən xarici aktyorları maddiyyat baxımından yerli filmlərə dəvət etmək elə də asan olmur. Namiq müəllim yəqin şəxsi münasibətlərindən istifadə edib.
 
-Tuncer bəylə Namiq uzun illərdir ki, dostdurlar. İkisi də vaxtilə Türkiyədə Bələdiyyə Teatrında çalışıblar. Bu filmi öz təşəbbüsümüzlə çəkməyə başladıq, daha sonra xəbər tutanlar, dostlarımız, yaxınlarımız bizə çox kömək oldular. Yəni Tuncer Salman da bizimlə dost olduğu üçün bu filmdə çəkilməyə razılıq verdi.
 
-Eyni peşə sahəsində çalışan insanların ailə həyatının həm müsbət, həm də mənfi tərəfləri var. Siz ikiniz də sənət adamısınız. Yəqin çəkilişdə, ssenariyə, mətnə münasibətdə fikir ayrılıqlarınız, toqquşmalarınız olur. Üstəlik, Namiq müəllim sizdən təcrübəlidir.
 
-Həm təcrübə, həm də yaş baxımından məndən böyükdür. Bir də nəzərə alın ki, o rejissor, mənsə hər nə qədər öz ixtisasım üzrə işləməsəm də teatrşünasam. Ssenarinin üstündə davalarımız, mübahisələrimiz çox olur.
Mən əvvəl “Ol” filminin ssenarisini qəbul etməmişdim. Bir az da Namiqi qıcıqlandıran suallar verirdim ki, mətn üzərində yaxşı işləsin. Elə bir sənət əsəri ortaya qoymaq lazımdır ki, tamaşaçı ona “yox” deyə bilməsin. Əgər “yox” deyirsə, deməli, biz nəyisə düz etməmişik. “Tamaşaçının zövqü fərqlidir”, “Biz sənət filmləri çəkirik” tamam başqa mövzudur və bununla bağlı saatlarla danışmaq olar. “Ol” isə geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulan tammetrajlı filmdir.
 
Ssenari tam hazır olandan sonra bir də oxudum və başa düşdüm ki, bu filmdə oynamaq istəyirəm. Namiq əvvəl məni obrazda görmürdü, amma sonra razılaşdı.
 
-Vaqif İbrahimoğlunun dərslərində iştirak etmisiniz. Onun tələbəsi olan sənətkarlarla söhbətdən belə qənaətə gəlmişəm ki, Vaqif müəllim bəlkə də yeganə rejissordur ki, sənət adamlarını sözün yaxşı mənasında ayılda bilib. Bəs sizə necə təsir edib? Onun dərslərindən sonra sizdə köklü dəyişiklər baş baş verdimi?
 
-Vaqif müəllimin mənə çox böyük təsiri olub. Onunla ünsiyyətdə olmaq böyük şans idi. Ruhu şad olsun. Məncə, şadddır, çünki arxasında çox gözəl nəsil qoyub getdi, yetərincə davamçıları da var. Vaqif müəllim bir başqa cür aktyor yetişdirirdi. Aktyor və aktrisa ilk növbədə intellektual olmalıdır. Vaqif müəllim bütün elmləri teatra sintez edirdi. Bir sözlə, əvəzolunmaz insan idi.
 
-Onu əllaməçilikdə də günahlandırırlar. Kifayət qədər savadlı jurnalist, publisist dostlarımız var, özləri etiraf edirlər ki, “Yuğ” tamaşalarını başa düşmürlər. Hərdən də deyirlər sanki “Yuğ çular bunu qəsdən edirlər ki, onları başa düşən olmasın.
 
-Dedim axı intellektual aktyor, intellektual rejissor, intellektual insan...Vaqif müəllim “Teatr poetikası”nı yaratdı. Teatrın içində olanlar bu konsepsiyanın nəyə xidmət etdiyini, nəyə əsaslandığını yaxşı bilirdilər. Orda məntiqsiz heç nə yox idi. Kənardan gələnlər üçün bəlkə də məntiqsiz görünə bilərdi, amma elə deyildi. Biz də təzə-təzə “Yuğ” un tamaşalarını izləyəndə başa düşmürdük, anlamırdıq. Amma ustad dərslərində iştirak edəndən sonra Vaqif müəllimin konsepsiyasını daha dərindən əxz etməyə başlayırdıq. Ümumiyyətlə, şanslı adamam. Çünki yaxşı müəllimlərim olub.
 
Bəzən Mədəniyyət və İncəsənət Universitetinə dırnaqarası baxırlar. Amma elə deyil. Orda mənim çox yaxşı müəllimlərim olub: Məryəm Əlizadə, Aydın Talıbzadə...
 
-Bəs Namiq müəllimdən nə öyrənmisiniz?
 
-Namiqlə “Space”in emalatxanasında rastlaşdıq. Biz ora teatrla bağlı layihə təqdim etmişdik, sağ olsun ki, qapılarını açdı, bir neçə veriliş çəkməyə imkan yaratdı. Eyni zamanda, vaxtaşırı çəkilişlərdə də iştirak edirdim. O vaxt Cabir Novruzun sözlərinə şeir-kompoziyası hazırlanmışdı. Orda Ramiz Novruzovla tərəf müqabili idim.
 
-Teatrda gedən prosesləri izləyirsiniz?
 
-Bəli, izləyirəm. Ola bilər bir az ailə-məişət problemlərinə görə sənətdən kənar qaldım. Hərdən deyirəm ki, mən teatrdan küsmüşəm. Amma teatr bizim ilk məhəbbətimizdir. Fransızların bir sözü var: insan həmişə ilk məhəbbətinə dönür. Teatr başlanğıcdır, kökdür.
 
-Teatr aləmində son ajiotaj doğuracaq məsələ Fuad Poladovun “Azdrama”nı tərk etməsi oldu...
 
-İstənilən halda xoşagəlməz hadisədir. Əsas teatrımızda bu cür qarşıdurmalar yaxşı hal deyil. Əsas işə, sənətə köklənmək lazımdır, şəxsi münasibətlərə yox. Fuad Poladov bizim nəslimizin kumiri, çox bəyəndiyimiz aktyor olub.
 
-Sevdiyiniz teatr, baxdığınız tamaşalar hansılardır? “Yuğ”dan başqa...
 
-Təəssüflər olsun ki, “Yuğ”un son tamaşalarına baxa bilməmişəm. Təzə yaranan kollektivlərdən “Ado”nu bəyənirəm. Tamaşalarına baxıram. Avanqard, həvəsli, cəsarətlidirlər, mütləq onları dəstəkləmək lazımdır. Onların inkişaf nəticəsində hara gedib çıxacaqları mənim üçün çox maraqlıdır. Sonuncu dəfə “Stop” tamaşasına baxmışdım və çox bəyənmişdim.
 
-Bizdə teatrları birləşdirmək ənənəsi var. Hətta bir ara deyirdilər ki, “Yuğ”la hansısa teatr birləşdiriləcək. Vaxtilə üç teatr birləşdi. Ümumiyyətlə, bu birləşməyə necə baxırsınız? Bu inkişafa, yoxsa tənəzzülə aparır?
 
-Teatrları birləşdirmək idarəçilik problemlərini həll edir, çünki bilirik ki, teatrlar maddi tərəfdən sıxıntı çəkir. Amma hər teatrın öz inkişaf istiqamətləri mövcuddur və buna mane olmaq olmaz. Əksinə, çalışmaq lazımdır ki, teatrlar daha geniş, daha əhatəli, daha rəngarəng olsun. Yadımdadır, tələbə vaxtı Kamera Teatrına tez-tez gedirdik, sonra Gənc Tamaşaçılar Teatrı ilə birləşdilər və bununla da itdilər. İnkişafın qarşısını almaq lazım deyil. Yanlış istiqamətə getsə belə onu izləmək, şans vermək lazımdır. Yaradıcı prosesdir və o prosesin içində get-gəllər çox ola bilər. Mənim üçün prosesin özü nəticədən daha maraqlıdır.
 
-Bildiyim qədər ƏR Toğrul Kamalovun rejissoru olduğu filmdə çəkiləcəksiniz. Bununla bağlı işlər nə yerdədir?
 
-Toğrul ssenarini iki il bundan əvvəl yazmışdı. İlk oxuyanda məni qəribə hiss bürüdü. Sənət əsərində hiss, enerji mütləq olmalıdır. Səni o əsərdə tutub saxlayan da o hissdir. Bəzi planlar qurduq, amma Toğrul Dərbənd Teatrına baş rejissor təyin olunandan sonra onları həyata keçirə bilmədik. İndi qayıdıb və yenidən bu filmi çəkmək barədə görüşlərimiz oldu. Ümid edirəm ki, filmi çəkəcəyik.
 
-Melodramanın tamaşaçısı olacaq?
 
-Bütün janrların tamaşaçısı var.
 
-Azərbaycanda hələ ki, ancaq komediya janrında filmlər çəkilir.
 
-Ancaq komediya çəkirlər, başqa janrlar çəkilsə onlara da baxılacaq.
 
-O qədər baxılacağına inanırsınız.
 
-İnanmaq istəyirəm. Bizim filmin janrı da tragikomediyadır.
 
-Yeni çəkilən filmlərdə, hazırlanan tamaşalarda janrlararası sərhədlər itir. Sizcə, bu yaxşıdırmı?
 
-Bilirsiniz, cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə, həyatda, incəsənətdə sərhədlər sonradan qoyulub. Hər şeyin ibtidai formasında konkret sərhədlər olmayıb. Bir şey inkişaf edir, yüksək həddə çatır, daha sonra özü-özünü analiz edir. Postmodern düşüncə, postmodern analiz bu deməkdir. Bir məqalə oxumuşdum, orda postmodernizmin analizini kukla teatrı variasiyasında təqdim etmişdilər: Biz kuklanı sındırıb, onun içinə baxmaq istəyirik. Yenə kökə, mahiyyətə qayıdırıq. Bu yaradıcı prosesdir və belə də olmalıdır. Mən bütün eksperimentlərdən istifadənin tərəfdarıyam.
 
-Vaxt baxımından ailə və sənətinizi eyni səviyyədə daşıya bilirsinizmi? Bəzən düşünmürsünüz ki, ailə sənətkarı çərçivəyə salır. 
 
-Azadlıq insanın ruhundadır. Mənim ruhumun azadlığını heç kim ala bilməz. İnsanın gərək özü, hisləri, düşüncələri azad olsun. Mən hər şeydə mənimsəməyi çox sevirəm. Ailəni də sənəti də mənimsəyirəm. Müəyyən vaxt mən ailəyə, evə qapandım. Bu da mənimsəməkdən irəli gəlirdi. Anamgilin evinə yaxın bir evə köçdük ki, uşağımı başqa kiməsə etibar edə bilmərəm. Allah anamın, bütün  valideynlərin canını sağ eləsin. Yaxşı ki, onlar var. Onlar olmasa çox çətin olar. Ailə, məişət əlbəttə ki, vaxt alır. Maksimalist insan olduğuma görə ailədə, sənətdə də maksimuma nail olmaq istəyirəm. Ona görə ikisinin arasında qalmışam. Amma bundan sonra tam sürətdə irəli getmək lazımdır. O qədər evdə oturdum, uzaq düşdüm, indi 24 saat işləmək istəyirəm. Təki şərait yaransın, iş olsun.
 
-Kitab oxumağa vaxtınız olur. Hansı istiqamət üzrə kitabları oxuyursunuz?
 
-Əlimə nə keçsə oxuyuram. Sosial həyat insanı o qədər sıxır ki, rahat oturub kitab oxumağa da vaxt olmur.
Ramiz Rövşənin, Günel Mövludun, Sevinc Elsevərin şeirlərini oxumağı sevirəm.
 
-Bəs müasir Azərbaycan filmlərini izləyirsiniz?
 
-Əlbəttə. “Pərdə”, “Oğlan evi” filmlərinə baxmışam. Noyabrda da yeni filmlər ekranlara çıxacaq. Bu, çox yaxşıdır, buna ancaq sevinmək lazımdır. Dünya kinosundan isə italyan filmlərini sevirəm.