Akif Çovdarovun bacılarından səs-küylü açıqlamalar – “yalandır, fitnə-fəsaddır”

 
Həbsdəki generalın ailə üzvləri danışdı; Qənirə Çovdarova: “Akifin təkcə mədəsi, öd kisəsi çıxarılmayıb, onun ürəyi də başqasınındı”
 
Gürcüstanın Marneuli rayonunun Alget (əvvəlki adı Gorarx-red.) kəndi….
Həbsdə olan general Akif Çovdarov bu kənddə doğulub, boya-başa çatıb. “Yeni Müsavat” qəzetinin reportyor qrupu A.Çovdarovun qohumları, sinif yoldaşları, ailə üzvləri danışıb, onun barəsində məlumat toplayıb.
Musavat.com-a istinadən Algetdən hazırlanan reportajın sizlərə təqdim edirik:
(əvvəli ötən sayımızda)
 
***
Çovdarovları doğma Gorarx kəndində digərlərindən ayıran bir vacib cəhət, hamı kimi rəncbər deyil, tacir zümrəsindən olmalarıdır. Sovet vaxtları ticarət qadağan edildikdə Çovdarovlar özlərini itirmirlər. Məcbur qalıb rəncbərliyə, əkinçiliyə qayıtmırlar. Üz qoyurlar maarifçiliyə, müəllim sənətinə. Yəni ən çətin anlarda Çovdarovlar düzgün qərar verib, reallıqla barışmağı həmişə bacarıblar. MTN generalı Akif Çovdarovun atası Teymurxan kişi müşkülləri, düyünlü işləri çözüb açan bir şəxs kimi də tanınır öz doğma yurdunda.
 
 
Hümayə Namaz qızı Nəsibova Akif Çovdarovun sinif yoldaşıdır, 10 il onunla eyni parta arxasında oturub. Hazırda Teymurxan Çovdarovun adını daşıyan məktəbin 54 müəllimindən biridir. Həmin günləri o, belə xatırlayır:
– Alget çayı, adından da göründüyü kimi, kəndimizdən həmişə özüylə pay aparıb. Yəni alıb və gedib. Ağacları kökündən qoparıb, qoyun-quzunu, mal-qaranı tələf edib, övladlarımızı dərin sularında boğub batırıb. 1952-ci ilin yazında kəndimizi az qala sel yuyub aparacaqmış. İşə Teymurxan müəllimin qarışmağı çayın arzusunu gözündə qoyub. Hamı taleyi ilə barışdığı bir vaxtda, qollarını çırmalayıb işə girişib. Şagirdlərinə verdiyi “ağacları kəsin, atın çayın axarı qarşısına, sahilləri möhkəmləndirin!” əmri, lap yerinə düşür. Kəndimizi labüd fəlakətdən o vaxt məhz Teymurxan kişinin qətiyyəti qurtarır. Kəndimizin mərkəzindəki “İmam Əli” məscidi də həmin fəlakətin ağzından geri qayıdır. Yəni Çovdarovlar həmişə ən çətin anlarda düzgün qərar verməklə tanınıblar bu kənddə. Uçurumun ağzından labüd qurbanları həmişə geri qaytarmağı bacarıblar”.
 
Məktəbin “Müəllimlər otağı”na yığılmış müəllimlər canlanır. Söhbətə başqaları da qoşulmağa tələsir.
Fizika-riyaziyyat müəllimi Əmiraslan Aslan oğlu Hacıyev deyir ki, Teymurxan müəllimin ailəsində cinayətkar yetişə bilməzdi: “Gördüyünüz bu məktəb binasının bir qanadını, düz sözümdü, o elə öz şagirdlərinə, əmək təlimi dərsləri zamanı tikdirib. Kənardan kimsəni bu işə cəlb etməyib əsla. Zəhmətkeş insan idi, ailəsində özü kimi zəhmətkeş övladlar böyüyüb. Akifə verilən ittihamların heç birinə inanmırıq. O, öz zəhməti ilə gedib o kürsüyə qalxmışdı, əməyi sayəsində general rütbəsinə qədər yüksəlmişdi”.
 
Dediklərinin ardınca, Əmiraslan kişi əl atıb qoltuq cibindən iki qat bükülmüş köhnə bir sənəd çıxarır. Eynəyini, sallaq ciblərində bir xeyli axtarıb, səbrimizi imtahana çəkir sanki. Axır, dodaqlarını yaşlayıb başlayır gürcücə yazılmış bu məktubun mənasını danışmağa:
– Marneuli bələdiyyəsi, bizim bu 1 saylı orta məktəbə mərhum Teymurxan kişinin adını verəndə Akif Çovdarov heç MTN-də işləmirdi, yadınızda saxlayın. Bu da sənəd. Kor-kor, gör-gör. Diqqətlə baxın bu sənədə.
 
Sənəd Əmiraslan müəllimin ovucları arasında tam açılıb geniş ictimaiyyətin diqqətinə çatdırılınca aləm bir-birinə dəyir.
– Görürsüz! Bakıda ictimaiyyəti aldadırlar. Çovdarovlar həmişə öz xeyirxahlıqları ilə tanınıblar kəndimizdə. Bir vaxt məktəb ətrafını su basmışdı. Yola düzdüyümüz daşların üstü ilə yazıq uşaqlarımızın dərsə gedib-gəlmələri zarafat gəlməsin indi sizə. Çovdarovlar bunu da həll etdilər bizimçün. Arx çəkib o suları bu binadan uzaqlaşdırdılar. Yaddan çıxarmı bütün bunlar, həəə, özünüz düşünün?”
Qəfil hamının səsi xırp kəsilir öz-özünə. Araya çökmüş dərin sükutu pozmağa ön sırada oturmuş ancaq bir qadının gücü çatır.
 
– Mən biologiya müəlliməsi Qənirə Çovdarovayam, Akifin doğmaca bacısı. İstintaqa təzyiq bilərəm bütün bu fitnə-fəsadları. Yüzdəyüz! Hadisələr barədə ilk məlumatlar mətbuatı silkələyəndə, bacıyam da, dözmədim, üz tutdum Bakıya, qardaşımın yanına. Dedi, ay qız, yalandı bütün bunlar. Görmürsənmi işimin başındayam, yad yerdə yox, öz kabinetimdəyəm. Get evə, rahat yat”.
Cümləsinin bu yerində Qənirə xanımın gözləri dolur, səsi batır bir an. Söhbətini o, artıq bir başqa səslə davam etməyə məcbur qalır.
– Akif Çovdarov iki dəfə aclıq elan edib, biləsiz! Mədəsi kəsilib götürülmüş adama aclığı necə rəva bilirlər, başa düşmürəm. Akifin öd kisəsi də yoxdu… Kəsib götürüblər. Ürəyini də bir başqasınınkı ilə əvəzləyiblər. Bunu da bilin! Qan-damar sistemi də, Almaniyada büsbütün dəyişdirilib… Nəvələrinə yalandan deyirik, bəs baba Almaniyaya müalicəyə gedib. Bəs bir azdan qayıdıb gələcək.
Bacının harayına qarşı sırada oturmuş o biri bacı, Çovdarovların sonbeşiyi Fəridə də hay verməyi özünə borc bilir bu vaxt.
– Qarabağ veteranı olduğunu, yaralandığını biz ancaq bax bu son zamanlarda eşitdik. Özü barəsində danışmağı sevməzdi qardaşım. Başqalarından həmişə susmağıyla, susqunluğu ilə seçilərdi o. Sənəti bunu belə tələb edirdi axı. Politexnikdən sonra Əhmədlidəki radio zavodunda çalışdı qardaşım. Ürəyiyuxa adamdı. Yaddaşımda axtarsam, cücə başı kəsməyi belə yadıma düşməz, vallah. Anamız ona deyəndə ki, ay Akif, bir cücəni kəs, deyərdi ki, qan tökmək mənlik deyil. Sentimental olub həmişə. Niskilli söhbətlərdə gözləri həmişə dolardı. Qan görəndə pis olardı, yadımdadı… Bir dostu vardı Rahib adında…boksçuydu…
***
Düzü, fikrim başqa yerdəydi deyə söhbətin sonrasını indi unutmuşam. Bacılara uzaqdan-uzağa baxdıqca öz-özümə deyirdim – “Tələsdirmə burdakıları. Görürsən ortada bir şübhəli boksçunun da adı çəkildi. Yadda saxla bu adı. Öyrən niyə görə Akifə kino qəhrəmanı Tarzanın ləqəbini veriblər vaxtı ilə. Kim verib? Niyə verib?”
Bacıları dinlədikcə bir məsələni aydınlaşdırırıq özümüz üçün. Akif Çovdarovun məlum bioqrafiyasında izaholunmaz boşluqlar var. Əvvəla, gözüyaşlı bacıların bu Tarzan adından, deyəsən, qətiyyən xəbərləri yox imiş. İkincisi, bacılar Politexniki bitirmiş Akif Çovdarov barəsində danışırlar indi burda. Rostov Ali Milis Akademiyasının məzunu Akif Çovdarovla isə həəə, belə de… bacılar, deyəsən, hələ tanış deyillər…
***
“Müəllimlər otağı”nda hamı ondan danışmağı özünə borc bilir sanki. Əhəd Abbasov mətbuatda yazılanlardan narazılığını dilə gətirir: “Götürüb yazır ki, Akif Çovdarovun atası qəssab olub. Bu boyda yalan, böhtan olar? Axı Teymurxan müəllimin ad-sanı bütün Gürcüstan azərbaycanlılarına, Azərbaycanda da bir çoxlarına yaxşı tanışdır. Buna bir nöqtə qoymaq, həqiqəti demək lazımdır. Teymurxan müəllim gənc yaşlarından pedaqoji fəaliyyətlə məşğul olub. Çovdarovların nəslində qəssab olmayıb. Bunu bütün el-oba bilir”.
Cavanşir İsmayılov da bu mövzunun ortaya atılmasından narazıdır. Deyir ki, Teymurxan Çovdarovun pedaqoji fəaliyyətinə görə onu dəfələrlə Gürcüstan Təhsil Nazirliyi mükafatlandırıb: “Akif Çovdarov Teymurxan müəllimin oğludur. Həyatında qazandıqları da atasının düzgün tərbiyəsi, istiqamət verməsi ilə baş tutub. Kimsə onun adını qaralamağa çalışmasın”.
 
Humayə Namaz qızı Nəsibova 10 il Akif Çovdarovla eyni partanı bölüşüb. Deyir ki, sinif yoldaşı haqda bu gün qəzetlərdə, saytlarda, TV-lərdə yazılanlar həqiqət ola bilməz:
– Məktəb direktorunun, özü də o cür direktorun övladı heç kiməsə qarşı bir haqsızlıq edərdimi? Özünüz düşünün, mümkün olası deyil axı bu iş.
Humayə xanım bizi sinfə dəvət edir. Bir vaxt Akiflə bölüşdüyü parta arxasında, birinci sırada, müəllimlə üzbəüz otuzdurur.
 
 
 
– On il… düz on il burda, birinci sırada, müəllimlə üzbəsurət oturub mənim Akif qardaşım. İctimaiyyətçi olub. Özünə qapanmayıb heç vaxt. Özünü bir an Akifin yerində hiss et. Gör belə yerdə 10 il əyləşən şagird cinayət-filan edərmi heç? Mümkün deyil.
Sinif otağını buraxıb, aşağıdakı məktəb həyətinə enirik. Həyətdə Azərbaycan və Gürcüstan bayraqları yan-yana dalğalanır. Həmçinin SOCAR bayrağı da bu sıradadır. Ötən il SOCAR Algetdəki “Həzrət Əli” məscidini əsaslı təmir etdirib. Amma ustalar bir səhvə yol verib. Məscidin qədim günbəzini malalayıb, tarixiliyini ört-basdır edib. Bizə isə bu kənddə məhz qədimliyi qorumaq, onu başqalarına göstərmək lazımdı…
Ümid edirik ki, tezliklə həm də bu səhv aradan qalxar.
 
Hələlik isə Alget sakinlərinin bizə verdikləri şikayət məktublarını çantamıza qoyub, Bakıya gedən kənd yoluna çıxırıq.