​“Akif Çovdarovla İstanbulda sövdələşdik, qızıl dükanlarımı satdım” – YENİLƏNİR

 
Fasilədən sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin məhkəməsi davam edib.
 
Teleqraf.com xəbər verir ki, qapalı keçirilən prosesdə zərərçəkmiş Şahmar Qurbanov ifadə verib.
 
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, “Riyad Prodakşn” şirkətinin rəhbəri olub və Akif Çovdarovun idarədə müavin işlədiyi 2007-ci ildə MTN-ə çağırılıb, soyulub. Zərərçəkmişin sözlərinə görə, “Riyad prodakşn” qızıl istehsalı ilə məşğul olurmuş.
 
Şahmar Qurbanov deyib ki, bir gün MTN-ə çağırılıb, ona MTN rəhbərliyinə yaxın olan “Qruşa” ləqəbli hindistanlı iş adamına borclu olduğu xatırladılıb, borcu qaytarmaq məsləhət görülüb.
 
Şahmar Qurbanovun ifadəsinə görə, 1 milyon manat verməyəcəyi təqdirdə qaçaqmalçılıqda və narkotik vasitələrin daşınmasına ittiham edilərək həbs ediləcəyi deyilib: “Akif Çovdarovla yerdə qalan məbləğin hansı formada qaytarılması üçün İstanbulda görüşdük. Razılaşmadan sonra Azərbaycana qayıtdım və qızıl dükanlarımı sataraq Binəqədi rayonunda şəxsən Akif Çovdarova 500 min dollar verdim”.
 
Zərərçəkmiş iş adamı qeyd edib ki, Akif Çovdarova 500 min dollar nəğd və 380 min dollarlıq brilyant olmaqla, cəmi 880 min dollar verib.
 
Akif Çovdarov isə Şahmar Qurbanovun yalan danışdığını qeyd edib.
 
Daha sonra zərərçəkmiş Şahmar Qurbanov vəkillərin suallarını cavablandırıb.
 
Akif Çovdarovun vəkili Şahin Rəfiyev bildirib ki, prosesdə müvəkkilinin səhhəti pisləşib: "O, yenə həkim nəzarətində məhkəməyə gətirildi. Həkim müayinə edərkən Akif Çovdarovun ürək döyüntülərinin artığını dedi. Bu da prosesə təsir etdi”.
 
Vəkil prosesdə məhkəmə tərkibinə etiraz etmək istədiyini bildirib: “Vəsatətlə çıxış etmək istəyirdim, lakin hakim bunu qəbul etmədi”.
 
Şahin Rəfiyev əlavə edib ki, Akif Çovdarovu mətbuatda “Qanlı general” adlandırıblar: “İşə qoşulandan sonra onun ittiham aktı ilə tanış oldum və mənə məlum oldu ki, o, “Qanlı general” deyil, “Robin Qud”dur”
 
Proses noyabrın 23-də davam edəcək.
 
***
 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin məhkəməsi davam edib.
 
Teleqraf.com xəbər verir ki, prosesdə prokuror ittiham aktının nəticəvi hissəsinin elan edilməsini tamamlayıb.
 
İttihama münasibət bildirən Akif  Çovdarov və digərləri özlərini təqsirli bilməyib.
 
Prosesdə fasilə elan edilib.
 
12.42
 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edir.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutan prosesdə prokuror ittihamnaməni oxumağa davam edib.
 
Prosesin rəsmi olaraq qapalı keçirilməsi nəzərdə tutulmasa da, mətbuat nümayəndələri içəri keçə bilməyib.
 
Prokurorun ittihamnamənin oxunmasını başa çatdırdıqdan sonra Akif Çovdarovun ifadə verəcəyi gözlənilir.
 
Hazırda proses davam edir.
 
İttihama görə, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.