​“Akif Çovdarov sabiq MTN generallarının əleyhinə ifadə verməyəcək”

Mahmud Hacıyev: “O, yaxşı bilir ki, bu, onun üçün yaxşı olmaz”
 
 
 
 
Yaxın günlərdə məhkəməsi başlayacaq sabiq MTN generalı Akif Çovdarovun istintaq zamanı verdiyi ifadə, məhkəmə zamanı səsləndirəcəyi fikirlər ictimaiyyət tərəfindən maraqla gözlənilməkdədir. Maraqlıdır, A.Çovdarovun məhkəmə zamanı Eldar Mahmudov və azadlıqdakı digər generalların əleyhinə ifadə verməsi mümkündürmü? Bu ifadələr həmin şəxslərin də məsuliyyətə cəlb edilməsinə səbəb ola bilərmi?
Turaninfo.az Moderator.az-a istinadən açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bu ehtimalı inandırıcı hesab etmədiyini vurğuladı:
“A.Çovdarov yaxşı bilir ki, o, kənarda qalan generalların əleyhinə ifadə versə, bu, onun üçün yaxşı olmaz.  O, bunu çox yaxşı bilir. Istintaqın gedişində çox güman ki, xala xətrin qalmasın deyə istintaqçılar da ona bu sualları veriblər. A.Çovdarov isə bu suallardan ya yayınıb, ya da istintaqı qane edən cavablar verməyib. Proseslərdən kənarda qalan, haqqında hər hansı maddə ilə ittiham elan edilməyən generalların əleyhinə ifadə verməyib. Məhkəmə istintaqı zamanı isə bu kimi sualalr həm hakim, həm də zərərçəkən şəxslərin vəkillər tərəfindən verilə bilər. Çox güman ki, A.Çovdarov məhkəmə zamanı da bu suallardan yayınacaq və onların əleyhinə ifadə verməyəcək”.
 
Seymur Əliyev