​Akif Çovdarov özünü təqsirli bilmədi – YENİLƏNİR

 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin məhkəməsi davam edib.
 
Teleqraf.com xəbər verir ki, prosesdə prokuror ittiham aktının nəticəvi hissəsinin elan edilməsini tamamlayıb.
 
İttihama münasibət bildirən Akif  Çovdarov və digərləri özlərini təqsirli bilməyib.
 
Prosesdə fasilə elan edilib.
 
12.42
 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edir.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutan prosesdə prokuror ittihamnaməni oxumağa davam edib.
 
Prosesin rəsmi olaraq qapalı keçirilməsi nəzərdə tutulmasa da, mətbuat nümayəndələri içəri keçə bilməyib.
 
Prokurorun ittihamnamənin oxunmasını başa çatdırdıqdan sonra Akif Çovdarovun ifadə verəcəyi gözlənilir.
 
Hazırda proses davam edir.
 
İttihama görə, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.