​Akif Çovdarov icra başçısını “ovlamaq” istəyirdi: “Sənin dərini soyacam, ailə üzvlərini…”

 
Ləğv edilmiş MTN-dəki Çovdarov-Mahmudov qruplaşmasının qurbanları bir qayda olaraq onların izləyib tora saldığı sahibkarlar olurdu. Lakin elələri də var ki, özləri öz ayaqları ilə Çovdarovun caynaqlarına ilişiblər və hətta bu qorxunc generalla kommersiya sövdələşmələrinə də girməyə risk ediblər. Və təbii ki, aqibətləri yaxşı olmayıb.
 
Belələrindən biri də “M.M.M” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmmədov Mübariz Müzəffər oğlu və onun dostu, Səbael rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olan Hafiz Abekarov olublar.
 
1996-cı ildə ayrılan 18 sot torpaq
 
Mübariz Məmmədov abreviaturasını öz ad-soyadından götürdüyü bu MMC-ni arvadı ilə birlikdə 1995-cı ildə təsis edib. MMC-nin nizamnaməsinə əsasən o, xüsusi lisenziya tələb etməyən “bütün fəaliyyət növləri” ilə məşğul ola bilərdi. MMC təsis olunandan bir il sonra-1996-cı ildə Səbael rayon icra hakimiyyətinin başçısı bu müəssisəyə Bakının Sovet ordusu ilə 5-ci və 6-cı Badamdar küçələrinin kəsişməsinə 18 sot torpaq sahəsi ayırıb. Niyə ayırıb, nə əsasla ayırıb, bu haqda tarixi mənbələrdə heç nə deyilmir. Ancaq orası məlumdur ki, torpaq sahəsi mübahisəli olub, sənədləri qaydasında deyildi, o vaxtkı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi əraziyə kadastr sənədi verməmişdi.
 
 
 
Məmmədov qərara alır ki, torpağa sənəd alıb satsın
 
2013-cü ildə, Bakıda tikinti bumunun qızğın çağında Məmmədov qərara alır ki, torpaq sahəsinin sənədlərini qaydaya salıb onu çoxmərtəbəli bina inşası ilə məşğul olan biznesmenlərdən birinə satsın. O, məhkəməyə müraciət edir və Bakı İnzibati-İqtisad Məhkəməsi qərar çıxarır ki, Dövlət Torpaq və Xəritəçəkmə komitəsi “M.M.M” MMC-yə ayrılmış torpaq sahəsinə kadastr planı verməyə borcludur. Komitə də bu qərarı icra edir.
 
Lakin paytaxtın mərkəzinə yaxın ərazidə 18 sot torpaq sahəsi sanballı əmlak hesab olunurdu və Məmmədovun 1996-cı ildə aldığı bu torpaqda Bakı Şəhər İcra Hakimiyyətinin də marağı vardı. Nəticədə Bakı şəhər İcra Hakimiyyəti bu qərardan apellyasiya şikayəti verir, beləliklə torpaq sahəsinə görə məhkəmə çəkişməsi davam edir.
 
İlk müştəri-icra başçısının adamı?
 
Buna baxmayaraq Məmmədov torpaq sahəsinə müştəri axtarmaqda idi. İlk müştəri tapılır-Rəfael adlı makler Səbael rayonu Su-Kanalizasiya İdarəsinin baş mühəndisi ilə birlikdə gəlir, torpaq sahəsini almaq istəyir. Məmmədov torpağın sotunu 80 min manatdan (o vaxtkı məzənnə ilə 100 min dollardan) satmağa razılaşır. Eyni zamanda müştərinin nəzərinə çatdırır ki, torpağa görə məhkəmə çəkişməsi gedir.
 
Su-Kanalizasiya İdarəsinin baş mühəndisi ümumi dəyəri 1.5 milyon dollar olan torpaq sahəsini təbii ki, öz gücünə ala bilməzdi. Ehtimal ki, onun arxasında əslində Səbael rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov (hazırda Nəsimi rayonunda başçıdır) dayanırdı. Axı heç kimə sirr deyil ki, icra hakimiyyəti başçıları Bakıda öz adlarına olmasa da başqalarının adına torpaq sahələrini qamarlayıb orada çoxmərtəbəli binaların tikintisini aparırdı. Bakıda bu bizneslə məşğul olmayan icra başçısı çox az olardı, yaxud heç olmazdı. (İndi də belədir)
 
Çovdarov torpağa müştəri çıxır-sotuna 70 min!
 
Lakin su-kanalizasiya mühəndisinə perspektivli torpaq sahəsini almaq nəsib olmur. Bu sövdələşmədən xəbər tutan MTN generalı Akif Çovdarov öz adamını-biznesini “fırladan” Rafiq Tağıyevi Məmmədovun yanına göndərir. Tağıyev kimi təmsil etdiyini onun nəzərinə çatdırır, torpaq sahəsinin ona satılmalı olduğunu bildirir.
 
 
 
Bu söhbətdən cəmi yarım saat sonra general özü Məmmədova zəng vurur. “Torpaq doğrudan da sənindir? Sənədləri var?”-deyə soruşur.Məmmədov vəziyyəti generala danışır, Çovdarov torpağın ona satılmalı olduğunu bir daha MMC rəhbərinin nəzərinə çatdırır, üstəlik qiyməti də aşağı dalır: “Sotuna 70 min , cəmi 1 milyon 260 min manat verəcəm!”.
 
Çovdarovdan beh-300 min manat…və general dəri soyur
 
Məmmədov razılaşmayb nə edəsiydi ki? Ertəsi gün Rafiq Tağıyev Səbael rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin rəhbəri Hafiz Abekarovun iştirakı ilə M.Məmmədova torpaq sahəsinə görə 300 min manat beh verir. (Bu əhvalat vaqe olur 2014-cü ilin may-iyun aylarında). Behin verilməsinə dair heç bir sənədləşmə aparılmır. Çovdarov telefonda deyir ki, gənclər və idman naziri Azad Rəhimovla danışıb bu torpaqla bağlı mübahisəni həll edəcək.
 
 
 
Məmmədov nəql edir ki, Çovdarov bu vədinə baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti torpaqla bağlı iddiasını geri çəkməmişdi. Çovdarov torpağa başqa iddiaçının olduğunu görəndə Məmmədova zəng vurur. “Bu nədir? Sən mənə atırsan? Behi geri qaytar, yoxsa sənin dərini boğazından çıxaracam, səni məhv edəcəm!”-deyir.
 
M.Məmmədov tez əl-ayağa düşür, qohum-əqrəbasının adına olan torpaq sahələrini tələm-tələsik satıb 175 min dollar düzəldir, Rafiq Tağıyevə çatdırır. MMC direktoru Çovdarovdan aldığı 300 min manat behi hara sərf edib, bu haqda da bizim mənbəmizdə məlumat yoxdur. Bu minvalla 2014-cü ilin oktyabrında Bakı Apellyasiya Məhkəməsi torpaq sahəsinə kadastr planı verilməsinə dair birinci instansiyanın Məmmədovun xeyrinə çıxardığı qərarı qüvvədə saxlayır. Beləliklə, mübahisə həll olunur.
 
İcra Hakimiyyətinin şöbə müdirini və MMC rəhbərini MTN-ə aparırlar: “Yaz ki, pulu Asif Əsgərova vermişəm…”
 
Ancaq bu dəfə Çovdarov Məmmədova zəng vurur və deyir ki, həmin torpaq sahəsi artıq ona məxsusdur. 2014-cü ilin noyabrında R.Tağıyev bu məsələ ilə bağlı M.Məmmədovu Nərimanovun heykəlinin yaxınlığında yerləşən ofisinə çağırır. Orada isə Məmmədovu və dostu Abekarovu MTN əməkdaşları gözləyirdi. Onları qamarlayıb MTN-ə aparırlar, Çovdarovun otağına salırlar.
 
Məmmədov nəql edir ki, Çovdarov onu görən kimi başladı söyməyə, hədələməyə. General onun oğlunun cibinə narkotik atdırıb içəri basdıracağını, ailə üzvlərini məhv edəcəyini deyib, 300 min manat behi “əkişdirməkdə” günahlandırıb. Daha sonra Çovdarov Məmmədovun sinəsindən yumruq zərbəsi endirib, ardınca otaqdakı digər MTN-çilər onu döyməyə başlayıblar. Məmmədov huşunu itirib. Ayıldıb yenə döyüblər, Çovdarov ondan tələb edib ki, 300 min manat behi Səbael rayon icra başçısı Asif Əsgərova verdiyi barədə izahat yazsın. Təbii ki, belə izahat olardısa Çovdarov icra başçısını məhşər ayağına çəkəcəkdi. Məmmədov isə deyilən izahatı yazmır. Onları MTN-dən buraxırlar, bir şərtlə ki, torpaq sahəsindən Çovdarovun xeyrinə imtina etsin.
 
 
 
M.Məmmədov ürəyindən təzə əməliyyat olunubmuş və MTN-də döyüldüyünə görə onun vəziyyəti pisləşir. Çovdarov Hafiz Abekarova tapşırır ki, dostunu MTN-dən çıxarıb aparsın həkimə. Abekarov Məmmədovu Mərkəzi Gömrük Hospitalına aparıb müayinə etdirir, oradan evə aparır.
 
MMC-ni torpaq qarışıq verir generalına adamına, əvəzində…
 
2014-cü ilin dekabrında Məmmədov torpaq sahəsini əvəzsiz olaraq R.Tağıyevə məxsus olan “Şərq F” MMC-yə vermək barədə öhdəlik imzalayır. Lakin Bakı şəhər İcra Hakimiyyəti bu məktubu qəbul etmir. Məmmədov məcbur olub torpaq sahəsinin hüquqi sahibi olan “M.M.M”-ni Çovdarovun digər adamı Nəbiyev Nicat İbadullah oğlunun adına rəsmiləşdirir. Bununla da torpaq sahəsi keçir Çovdarovun əlinə.
 
Məmmədov torpaq sahəsinin pulunun heç olmasa bir qismini almaq üçün R.Tağıyevə çox yalvar-yaxar edir. Axırda o, Zərifə Əliyeva adına parkın içərisində tikdirdiyi çoxmərtəbəli binadan iki ədəd 3 otaqlı mənzili (ümumi sahəsi 262 kvadrat metr ) 1 kvadratmetrlini 1000 manatdan hesablamaqla Məmmədova verir. Məmmədov isə mənzilləri daha ucuz-kvadrat metri 600 manatdan sataraq borclarının bir qismini ödəyib.
 
İstintaq bu epizod üzrə M.Məmmədovu Akif Çovdarovla üzləşdirib, Məmmədov ifadəsini generalın üzünə qarşı təsdiq edib. Çovdarov heç nəyi təkzib etməyib.