Akif Çovdarov “çörək ağacı”na çevrilir - təfsilat

 
 
Sabiq MTN generalı ilə bağlı yalançı şikayətçilərin sayı çoxalmaqdadır
 
Məqsəd rəsmi və ya qeyri-rəsmi şəkildə alınan kompensasiyadır
 
Sabiq MTN generalı, hazırda həbsdə olan Akif Çovdarovla bağlı şikayətçilərin sayı günbəgün artmaqdadır. Bu barədə Politika.Az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, A.Çovdarovla bağlı həqiqi şikayətçilərlə yanaşı, yalançı zərərçəkənlərin də sayı artıb ki, burada da məqsəd yaranmış vəziyyətdən sui-istifadə edib kompensasiya almaqdır.
 
Məhz bu səbəbdən də həyatada A.Çovdarovun üzünü görməyən, onunla bu və ya digər şəkildə təmasda olmayan, bu insanın mövcudluğu haqqında yalnız “MTN işi” meydana çıxandan sonra xəbər tutan bəzi dələduzlar da, A.Çovdarovun əməlindən zərər çəkdiyini iddia edir, ona qarşı pul və torpaq iddiası qaldırırlar.
 
Bilgili qaynağın sözlərinə görə, həqiqi zərərçəkənlərin öz haqqını təmin edə bilmədiyi bir halda, yalançı zərərçəkənlər arasında kompensasiya alanlar mövcuddur ki, bu da digər dələduzları A.Çovdarovla bağlı iddia səsləndirməyə həvəsləndirir.
 
Bir sözlə, görünən odur ki, vaxtiylə məmur və sahibkarların çörəyini əlindən alan A.Çovdarovun özü tədricən “çörək ağacı”na çevrilməkdədir. Bu gün bir çox insan A.Çovdarov bəhanəsi ilə kompensasiya kisəsinə yol taparaq firavan şəkildə dolanmaqda, özünün və yaxınlarının maddi problemlərini bu yolla həll etməkdədir.