Akademikin atüstü qərarı - işdən çıxarılan jurnalistin yazısı

Mən işdən çıxarılmağımı ictimailəşdirməyə məcbur oldum. Ona görə ictimailəşdirdim ki, insanları heç avtoritar sovet dönəmində bu cür işdən azad etməyiblər. Bir də məni işdən çıxaran Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovdur.
 
O akademiya ki, orada Azərbaycan Respublikasının dövlət idarəetmə aparatında çalışacaq kadrlar hazırlanır. Bir də ona görə bu məsələni ictimailəşdirmək istədim ki, bu pis nümunə gələcəkdə tendensiya xarakteri almasın.
 
Mən adıçəkilən akademiyanın nəşriyyatında baş redaktor vəzifəsində işləyirdim.
 
Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, Azərbaycan dilində redaktə sənətində respublikada fəaliyyət göstərən azsaylı peşəkarlardan biriyəm. Bunu əsassız yerə söyləmirəm . Mən vaxtaşırı Azərbaycan dilinin orfoqrafiyası, durğu işarələrinin işlənilmə qaydaları və kütləvi informasiya vasitələrində bu sahədə yol verilən nöqsanlar barəsində qəzet və internet portallarında müxtəlif elmi məqalələrlə çıxış edirəm. Bunları təsadüfən yazmıram. Mən 2011-ci ilin fevral ayından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşriyyatında redaktor vəzifəsində çalışıram. Onu da tam məsuliyyətlə deyirəm ki, mən həmişə peşə borcumu dəqiq, düzgün və vicdanla yerinə yetirməyə çalışmışam.Bunu öz peşə bacarığı və vərdişlərimi qorumaq, həmişə formada qalmaq məqsədi ilə etmişəm. Bu faktı redaktə etdiyim “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalında elmi məqalələri dərc olunan müəlliflər dəfələrlə nümayişkaranə şəkildə bəyan ediblər. Onlar bu fikri respublikada dərc olunan analoji jurnallarla müqayisə edərək söyləyiblər.
 
2016 - cı ilin noyabrın 1-dən heç bir əsas olmadan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru məni redaktor vəzifəsindən azad edibdir. Mənim işdən çıxarılmağıma səbəb redaktə etdiyim “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalının 2016-cı ildə nəşr olunmuş 2-ci sayında bir neçə məqalədə səhifələnmə prosesində baş vermiş nöqsandır.( Əslində, yol verilmiş nöqsanın mənimlə heç bir bağlılığı yoxdur).Adıçəkilən jurnal səhifələnərkən bir neçə məqalənin başlanğıc cümləsinin dörd sözü səhv olaraq əvvəlki məqalənin son hissəsinə düşübdür. Jurnalda yol verilmiş nöqsan (poliqrafiya işində buna “sürüşmə” deyilir) barədə 11 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın elmi işlər üzrə prorektoru, professor Əlikram Abdullayevin rəhbərliyi altında jurnalın redaksiya heyətinin bir neçə üzvünün iştirakı ilə qısa sürən bir yığıncaq keçirildi. Jurnalı səhifələyən xanım jurnalda yol verilmiş nöqsan barədə yığcam şəkildə danışaraq səhvini etiraf etdi. DİA-nın elmi işlər üzrə prorektoru, professor Əlikram Abdullayev yığıncağın sonunda bildirdi ki, DİA- nın rektoru, “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının baş redaktoru Urxan Ələkbərovla məsləhətləşəndən sonra müvafiq qərar veriləcəkdir. Tədbir qurtaran məqamda rektorun binaya daxil olduğunu görüb bir anlıq ayaq saxladıq. Aradan bir neçə dəqiqə keçəndən sonra DİA-nın elmi işlər üzrə prorektoru, professor Ə. Abdullayev bizi - jurnalı səhifələyən xanımı və məni kabinetinə dəvət etdi. O, bizə söylədi ki, rektor hər ikimizin könüllü ərizə yazıb işdən çıxmağımızı, əks təqdirdə sizinlə imzalanmış əmək müqaviləsinin birtərəfli qaydada pozulacağını bildirir. Biz də prorektora bildirdik ki, bu son dərəcə ağır bir cəzadır.(Sonra kluar söhbətlərindən bizə çatdı ki, prorektor, professor Ə. Abdullayev rektora cəzanın sərt olduğunu bildirib, bizim işdən çıxarılmamağımızı xahiş edib). Sonra DİA-nın rektoru, “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının baş redaktoru Urxan Ələkbərovla görüşdük. DİA-nın rektoru Urxan Ələkbərov adıçəkilən jurnalda yol verilmiş nöqsanın səbəblərini araşdırmadan , bizi ətraflı dinləmədən qəti formada bildirdi ki, qərar qəbul olunub, siz işdən azadsınız.
 
Bu məqamda bir haşiyə çıxaq, sonra təfərrüatı davam etdirərik. Əminəm ki, yazacağım əhvalat oxucular üçün maraqlı olacaq. Danışacağım əhvalatla mənim əsassız yerə işdən çıxarılmağım arasında analoji bir oxşarlıq var. Yaşlı nəslin nümayəndələrindən eşitmişəm ki, doğulub boya-başa çatdığım Qubadlı rayonunda keçən əsrin 30-cu illərində Alışov soyadlı bir prokuror olub. Alışov tez-tez at üstündə rayonun kəndlərini gəzirmiş. Kənd yeri, camaat əkin-
 
biçin, yır - yığışla məşğuldur. Kimi buğda, kimi çəltik biçir, kimi meşədən odun daşıyır. Əlqərəz, hərə bir işlə məşğuldur. Alışov qarşısına əlində bir dəstə buğda başağı çıxana, bir yük odun gətirənə və b. elə at üstündəcə deyirmiş :”sənə bir il verdim”, digər birinə deyirmiş: ”sənə beş il verdim”. Biz iki nəfəri də - məni və jurnalı səhifələyən xanımı akademik Urxan Ələkbərov 30-cu illərin idarəetmə üsulu ilə işdən çıxardı.
 
İndi qaldığımız yerdən fikrimizi davam etdirək. Mən həmin vaxt söylədim ki, bu çox ağır cəza oldu, yol verilmiş nöqsana adekvat deyildir. Onu da rektorun diqqətinə çatdırdım ki, çap üçün göndərilmiş jurnalın mətbəədən ( jurnal “Təhsil” nəşriyyatının mətbəəsində nəşr olunur) gələn ilk nüsxəsi ilə (poliqrafiyada buna siqnal nüsxəsi deyilir) jurnalın məsul katibi tanış olur, onun hər bir səhifəsini öz imzası ilə təsdiqləyir. Birmənalı olaraq mən jurnalda dərc olunacaq məqalələri əlyazma nüsxəsindən redaktə edib hazırlayıram. Əslində, ”Dövlət idarəçiliyi : nəzəriyyə və təcrübə” jurnalının məsul katibinin üzərinə daha çox məsuliyyət düşür. Belə ki, məsul katib jurnalda dərc olunacaq məqalələri əlyazma nüsxəsindən redaktə etməli, səhifələnmiş materialın mətbəəyə verilməsinə və çapının keyfiyyətinə birbaşa məsuliyyət daşıyır. Bir sözlə, məsul katib jurnalda A-dan-Z-yə bütün proseslərə cavabdehdir. Mən isə nəşriyyat redaktoru kimi jurnalda dərc olunacaq elmi məqalələri məsul katibdən sonra ədəbi-bədii cəhətdən redaktə etməli, cümlələrin qrammatik strukturuna diqqət yetirməliyəm. “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalının məsul katibi Elman Nəsirovun isə yalnız bir işi vardır: dərc olunacaq məqalələrə “hə, yox” razılığını bildirmək.
 
DİA-nın rektoru Urxan Ələkbərov heç bir araşdırma aparmadan məni və jurnalı səhifələmiş xanımı dinləmədən, heç bir yazılı izahat almadan işdən azad edəndən sonra kluarlarda belə bir söhbət dolaşırdı ki, guya yuxarılarda rektorla çox sərt söhbət aparılıb. Mən yuxarıların bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirdiyinə əsla inanmıram. Bu, heç cür inandırıcı deyil. Bu versiyanın kluarlarda danışılması yalnız “özünə bəraət qazandırmaq” və “özünə haqq qazandırmaq” məqsədi daşıyır. Əminliklə deyirəm ki, olsa-olsa yuxarılar sadəcə jurnalda yol verilmiş nöqsanı diqqətə çatdırarlar. Bu məqamda yadıma 1970-80-ci illər Azərbaycan poeziyasının ünlü simalarından olan Eldar Baxışın sözləri düşdü. Eldar Baxış söhbətlərinin birində məqamında belə bir ifadə işlətdi: ”Kremldən desələr ki, gedin Eldar Baxışın çeçələ barmağını kəsin, bizimkilər gəlib qolunu dibindən kəsəcəklər”. Mən tam məsuliyyətimlə bir daha deyirəm ki, heç vaxt Prezident Administrasiyasından redaktor və jurnalı səhifələyən xanımın işdən çıxarılmasını tələb etməzlər. Bu, son dərəcə absurd görünür.
 
Sovet dönəminin adını çəkmişkən, totalitar rejimlə bağlı bir fakt da bu məqamla səsləşdiyindən xatırlatmaq yerinə düşərdi. Sovet hökumətinin qüdrətli, rejimin asıb-kəsən dönəmində sovet ideologiyasının banisi V.İ. Leninin vaxtaşırı nəşr olunan silsilə kitablarında nəinki texniki, hətta fakt səhvləri gedirdi.Kitabı nəşrə hazırlayan nəşriyyat yol verilmiş səhvləri çap məhsulunun kütləvi tirajından sonra aradan qaldırırdı. Oxucuların yadına düşürsə, həmin kitabların sonuna “düzəliş” adı altında bir səhifə əlavə olunurdu.
 
Əslində, DİA-nın rektoru, ” Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalının baş redaktoru Urxan Ələkbərov məsul katibin iştirakı ilə yol verilmiş nöqsanın səbəblərini araşdırmalı idi. Əksinə , mən bildirəndə ki, jurnalın mətbəədən gələn “siqnal” nüsxəsi ilə məsul katib tanış olur, onun hər bir səhifəsinə imza atır. Rektor cavabında söylədi ki, nə siqnalnı, siqnalnı-zad yoxdur, məsul katib deputatdır. Onda bildim ki, məsul katib deputat olduğu üçün “günahsızdır”. Amma rektor unudur ki, deputat toxunulmazlığı məsul katib vəzifəsinin icrasına aid deyildir. Deputat toxunulmazlığı bakılılar demişkən, alayı bir şeydir.
 
Bizi dinləmək istəməyən DİA-nın rektoru,” Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalının baş redaktoru Urxan Ələkbərov sonradan məsul katiblə təklikdə görüşüb.
 
Bəs “sürüşmə” necə olub?
 
Mən indi yol verilmiş nöqsanın əsl səbəblərini ardıcıllıqla diqqətə çatdırmaq istəyirəm. Əsl həqiqətin üzə çıxması üçün bir qədər təfərrüata varmaq çox vacibdir. “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalı rübdə bir dəfə nəşr olunur. 2016-cı ilin 2-ci sayı ən geci
 
iyul ayının birinci ongünlüyündə mətbəəyə təqdim edilməli idi. Jurnalın mətbəəyə vaxtında göndərilməməsinin günahı da birbaşa məsul katibin təşkilatçılığı ilə bağlıdır. Belə ki, o, jurnalın söhbət gedən sayında dərc olunacaq məqalələrin ingilis və rus dillərindəki xülasələrini redaktə üçün yaxından tanıdığı bir şəxsə göndərdi.( Bunu da məsul katib etdi. Bu iş həmişə DİA-nın özündə aparılırdı).Həmin xülasələrin( xülasələrin həcmi qısa və lakonik olur) redaktəsi hansı səbəbdənsə iki aya yaxın çəkdi.
 
Məni və jurnalın səhifələnməsinə məsul şəxsi DİA-nın kadrlar şöbəsi avqust ayının 1-dən növbəti əmək məzuniyyətinə çıxardı. Məzuniyyətdə olduğum dövrdə (avqust ayında) məsul katib zəng etdi ki, jurnalı çapa verməliyik. Mən həmin gün işdə oldum. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəşriyyatının dizayneri tərəfindən ( rəsmi olaraq mütəxəssis adlanır) jurnalın səhifələnmiş nüsxəsinə baxış keçirdim, səhvləri düzəltdikdən sonra mobil telefonla məsul katibə jurnalın çap üçün hazır olduğunu bildirdim. O, DİA-da olmadığı üçün həmin nüsxəni rektora çatdırmağımı dedi. Mən jurnalın həmin nüsxəsini rektorun özünə təqdim edib binadan çıxdım. Evə qayıtmaq üçün “İçərişəhər” metrosuna getdim. Metroda olarkən rektorun katibəsi mobil telefonuma zəng edib bildirdi ki, rektor jurnalın nüsxəsinin məsul katibə çatdırılmasını istəyir. Mən mobil telefonla rektorun fikrini məsul katibə çatdırdım. O, jurnalın həmin nüsxəsini DİA-nın giriş qapısında əyləşən mühafizəçilərin yanında qoymağımı söylədi. Belə də etdim. Məsul katib jurnalın həmin nüsxəsi ilə tanış olduqdan sonra sabahı, ya birisi günü yenidən rektora təqdim edib. Rektor məqalələrin xülasələrini oxuyub, bir neçə səhv tapıb və bəzi düzəlişlər aparıb.Bu prosesdən bir - iki gün sonra məsul katib mənim mobil telefonuma zəng edib bildirdi ki, bu gün (Təəssüf ki, həmin tarixi dəqiq xatırlamıram. Avqust ayının ortaları idi.)) hökmən jurnalı çapa verməliyik. Mən jurnalı səhifələyən xanımla mobil telefon vasitəsi ilə əlaqə saxlamaq istədim. O, dəfələrlə etdiyim zəngə cavab vermədi. Nəhayət, bir müddət keçəndən sonra jurnalı səhifələyən xanım özü mənə zəng etdi. Mən məsul katibin söylədiklərini onun diqqətinə çatdırdım. O isə mənə cavabında bildirdi ki, bir ay bundan əvvəl oftalmoloq həkimin qəbuluna yazılıb. Hazırda da həkimin qəbulundadır, həkim onun gözlərinə müayinə və müalicə etmək üçün dərman töküb. Jurnalı səhifələyən xanım mənə onu da bildirdi ki, gözlərinə dərman damcılandığından obyekti yaxşı görmür, bu səbəbdən bu gün jurnalı işləyib mətbəəyə göndərə bilməyəcəkdir. Mən onun söylədiklərini məsul katibin diqqətinə çatdırdım. Məsul katib təkid etdi ki, həmin gün rayona getməlidir, hökmən jurnal çapa verilməlidir. Belə olduqda mən jurnalı səhifələyən xanıma telefonla bildirdim ki, özün məsul katiblə danış. Məsul katib bir daha təkid edib ki, elə həmin gün jurnal mətbəəyə göndərilməlidir. Nəhayət, həmin gün jurnalın elektron nüsxəsi “Təhsil” nəşriyyatının müvafiq elektron ünvanına göndərilib. ”Təhsil” nəşriyyatının mətbəəsində poliqrafiya işi çox yüksək səviyyədə təşkil edildiyindən ilk nüsxə (siqnalnı) ilə sifarişçi tərəf tanış olmamış ( çap məhsulunun hər bir səhifəsi sifarişçi tərəfindən imzalanır) bütöv tiraj çap olunmur. Əminəm ki, “Təhsil” nəşriyyatı mətbəəsinin əməkdaşları “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalının 2016-cı il 2 –ci sayının nəşrində də həmişə ciddi formada əməl etdikləri bu proseduru izləyiblər.
 
Jurnalda dörd sözün “sürüşməsi” belə olub. İndi ədalət naminə deyin görək: kimdir günahkar?
 
P.S.Mən tutduğum vəzifədən tam əsassız olaraq çıxarılmağım barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə “ elmi-nəzəri jurnalının redaksiya şurasının sədri cənab Ramiz Mehdiyevə ərizə ilə müraciət etmişəm.Həmin müraciətə DİA-dan hüquqşünas V.Eldarovun adından verilmiş cavab məktubunda yazılıb ki, mən öz xahişimlə işdən çıxmışam.Bəli, mən təkidlərdən sonra işdən çıxmaq barədə ərizə yazmağa məcbur olmuşam.Görəsən, ilin-günün bu vaxtında başqa bir iş yeri tapmayan şəxs könüllü ərizə yazıb işdən çıxar?!
 
Xeybər Göyyallı