Ağdamlı Məhəmməd adını Aleksandr qoymağa qərar verdi - İnanılmaz

Hər kəs seçimində azaddır, amma soydaşını, dindaşını yanlış yoldan çəkindirmək də hər bir müsəlmanın borcudur...
Məhəmməd Gərayev“Mən ərəb deyiləm. Və onları bir xalq olaraq vətənimə, namusuma böyük ləkə görürəm. Bu halda bu adı daşımağı öz türk qanıma sığışdıra bilmərəm...”
 
 
 
Bu gənclə 3 il öncə təsadüfən  rastlaşmışdım. Elə ilk görüşdən, təxminən 2 saata yaxınlıq ünsiyyətdən sonra azadfikirliliyi, Vətən, millətsevərliyi ilə diqqətimi cəlb etmiş, rəğbətimi qazanmışdı. Lakin təəssüf ki, dinimizə  yanaşmada yanlış  baxışlara malik  olduğunu  anlamışdım. Dediyinə görə, SSRİ-nin ilk rəsmi milyonçusu olmuş, çoxlarının məşhur “Təbriz” mahnısının bəstəçisi, 12 imam şərəfinə hazırladığı 12 metrlik “Zülfüqar” qılıncının ideya müəllifi  mərhum Cənnət Əliyevlə yaxın olub. Ona çox simpatiyası vardı. Belə başa düşdüm ki,  bir növ Cənnət Əliyevin “mürid”i olub. Mərhum  iş adamı və bəstəkarın isə ziddiyyətli dünyagörüşünə malik olduğu, gah xristian, gah Krişna dinini qəbul etdiyi, gah da yenidən dönüb müsəlmanlığı qəbul etdiyi, hətta Həccə getdiyi məlumdur.  Bütün bunları düşündükcə gənc Məhəmmədin taleyi  məni narahat etməyə başlamışdı. BDU-nun fəlsəfə fakültəsində  təhsil alırdı. Səhv etmirəmsə, Ağdamın Mərzili kəndindən idi. Azərbaycandakı təhsil sistemindən, ali məktəblərin çoxunda verilən bilgilərin natamamlığından, korrupsiyadan, bürokratik əngəllərdən narazı idi.  Universitetdən çıxıb təhsil almaq üçün xaricə gedəcəyini söyləyirdi. 
Məhəmmədə İslamın gerçək  mahiyyəti haqda qısa da olsa, danışdım, bir neçə tövsiyə verdim. Səbirli olmağını, xaricə getməyin hələ bütün mənalarda   çıxış yolu olmadığını anlatdım. Lakin hiss edirdim ki, onu beyninə hakim kəsilmiş yarı avropaçı, yarıtürkçü dünyagörüşündən döndərmək çətindir. Nə yazıqlar ki, sonralar bu gənclə görüşüb söhbət edə bilmədim. Yalnız hərdən sosial şəbəkə vasitəsi ilə əlaqə saxlaya bilirdim. Buna görə çox peşmanam. Bəlkə də onu bu yanlış baxışlardan döndərə bilərdim...
 
 
 
 
Bir neçə ay öncə isə Məhəmmədin Moskvada Rusiya Dövlət Humanitar Universitetinin Filologiya və Tarix İnstitutunun beynəlxalq münasibətlər fakültəsində təhsil aldığını, eyni zamanda böyük ərzaq topdansatışı  mərkəzində baş mühasib işlədiyini öyrənib xeyli sevindim.  Amma axı, insan səadətini yalnız Qərbin sümürgəçi dairələrinin öz maraqlarına uyğun yönləndirdiyi   dünyəvi elmləri öyrənmək və dolanışıq üçün kifayət qədər para qazanmaqla dəyərləndirmək olmaz. Yanlış dünyagörüşü və əqidə insanı uçuruma aparır...   
15-20 gün öncə Məhəmməd Gərayevin “Maqomed Gerayev” adlanan profilində adının Aleksandr Gerayev yazıldığını görəndə öncə bunu zarafatla yazdığını düşündüm. Lakin özündən soruşanda  məlum oldu ki, bu azərbaycanlı, ağdamlı cavan doğrudan da adını dəyişərək məşhur xristian adını götürməyə qərar verib.  Amma hələ adını rəsmən dəyişməyib, vətəndaşlığını dəyişib Rusiya pasportu alanda dəyişəcək:”Aleksandr Elçinoviç Gerayev”... 
Məhəmmədə cavab verdim ki, bəlkə bir az da düşünəsən, Azərbaycanı tərk etməyin, vətəndaşlığını dəyişməyin bir yana... Axı sənin adın Peyğəmbərimizin(s) adıdır... Yenə bir neçə fikir söylədim. Onun sosial şəbəkədə mənə son cavabını olduğu kimi nəzərinizə çatdırıram:
“Mən ərəb deyiləm. Və onları bir xalq olaraq vətənimə, namusuma böyük ləkə görürəm. Bu halda bu adı daşımağı öz türk qanıma sığışdıra bilmərəm. Ulu türkün Tanrısı iman yerimdir. Əl ilah isə Məhəmməd ailəsinə xas olan bütlərdən biri qədim Məkkədə. Bütün bütləri dağıtmış məhz öz ailəsinin bütünü saxlamışdır. Azərbaycanı tərk etmək istəməzdim. Amma qalacaq, buna dəyəcək bir səbəb yox idi...”
Ona son cavabım yalnız “çox təəssüf” oldu... Daha ona izah etmədim ki, heç Aleksandr da türk adı deyil və sən nə rus, nə də yunan, fransızsan...
 
Sözsüz ki, hər kəs seçimində və düşüncəsində azaddır.  Bizi Məhəmməd özü  və ya onun yaxınları kiminsə şəxsi həyatına qarışmaqda günahlandıra bilər. Amma biz özümüzü  gerçəkdən müsəlman hesab ediriksə, İslamda əmr bə-məruf(yaxşı əmələ dəvət)  və nəhy əz-münkər(pis əməldən çəkindirmə) prinsipləri olduğunu unutmamalıyıq.  Bu sətirlərin  müəllifi də  hər hansı bir tanışını, əslən müsəlman, türk, Azərbaycan vətəndaşı bildiyi şəxsi yanlış yoldan –Allah yolundan uzaqlaşmaqdan çəkindirməyi özünə borc bilir. Bəlkə də həmin gəncin doğma, qohum və ya dostlarından da kimsə  bu yazını oxuduqdan sonra ona təsir göstərməyə çalışdı...
 
 
 
Bax belə... Son onilliklərdə Azərbaycanda  öz adını, dinini dəyişmək hallarına tez-tez rast gəlinir. İlk belə “nümunəni” 1990-cı illərin  sonunda Prezident Aparatının məsul məmurlarından birinin övladı göstərmişdi... O da var ki, gənclərin Azərbaycanı tərk etməsinin, dinindən üz döndərməsinin səbəbkarları həm də ölkədə təhsilin, elmin, yaradıcılığın, azad sahibkarlığın və s. inkişafına əngəl yaradan korrupsioner, inhisarçı, bürokratik məmur şəbəkəsi, vəzifəsini İslamı düzgün təbliğ etmək yox, İslam vasitəsilə qazanc əldə etməkdə görən üzdəniraq din xadimləridir.  Və müsəlman, türk dünyasına, o cümlədən Azərbaycana hədsiz basqıların olduğu, torpaqlarımızın işğal altında qaldığı bir vaxtda  potensialını başqa ölkəyə, başqa xalqa, başqa dinə xərcləyən gənclərin  çoxalması böyük təhlükədir...
 
Sultan Laçın  

Загрузка...
Загрузка...