Ağdamın icra başçısı: "Hazırda hərbi müdaxilələr olsa da, əhali öz yerindədir"

"Ağdam rayonuna hazırda hərbi müdaxilələr olsa da, əhali öz yerindədir". Bunu  açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.
O qeyd edib ki, hər kəs öz gündəlik kənd təsərrüfatı və məişət işləri ilə məşğul olur: "Ağdam rayonu təmas xəttində yerləşir. Təmas xətti rayonun 21 kəndindən keçir. Rayonda 94 min əhali yaşayır. Hazırda hərbi müdaxilələr var, buna baxmayaraq, əhali öz yerindədir".
İcra başçısı əlavə edib ki, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və icra strukturlarının nümayəndələri kənd sakinləriylə görüşüb: "Bu gün rayonda baş verən hadisələr əhalidə ruh yüksəkliyi yaradıb. Hər kəs işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması üçün bütün çağırışlara hazırdır".
R.Məmmədov vurğulayıb ki, bu saata qədər Ağdam ərazisində ölən və yaralanan olmayıb: "Rayonun bir neçə kəndinə mərmi düşüb. Mərmilərin düşdüyü ərazilər ziyansız ötüşüb, insan tələfatı və yaralanan olmayıb. Baş verən hadisələrlə bağlı yayılan məlumatlar tamamilə yanlışdır, rayonda hər şey öz axarı ilə gedir".