Ağabalanın əngəli...- Keçmiş nazirdən satirik hekayə (II hissə)

Baxış sayı: 
234

 
 
“Ağabala rus qadına elə hey “tı moy anqel” əvəzinə “tı moy əngəl, tı moy əngəl” deyirdi...”
 
 (Əvvəli bu linkdə:  http://www.moderator.az/news/202719.html)
 
...Qəzetlər Balaəmini alt-üst etməkdə idilər, kimsə qurddalayıb-çıxarmışdı ki, onun əldə etdiyi ali təhsil diplomu da, sən demə saxta imiş. İnsafsızlar, xainlər yazırdılar ki, necə oldu ki, Balaəmi şoferlik etdiyi, səhər-axşam sükan dalında oturduğu dövrdə, özü də iki ilin içində 4 illik universitet təhsili diplomunu ala bildi və birdən-birə şoferlikdən böyük və mühüm əhəmiyyətli bir dövlət idarəsinə müdir müavini təyin edildi...
 
Həmin hadisələr vaqe edərkən Ağabala çox gərgin və narahat idi, gecələr yuxusu belə ərşə çəkilirdi. Ağabalanı təəccübləndirən şofer dostu, həm də “xozeyin”i və himayədarı Balaəminin diplomunun saxtalığı deyildi, əsla yox. Ağabala işlərin altına da, üstünə də yaxşı bələd olan birisi idi. Onu narahat edən, hətta özündən çıxaran, əsəbiləşdirən o idi ki, nə çoxdur belə vəzifəli və saxta diplomlu zadlar, axı nəyə görə gərək bu yaramazlar, bu mərdi-məzarlar gəlib məhz onun sadiq dostuna, Balaəmiyə ilişəydilər…
 
Nə isə, Balaəmini işdən çıxarmalı oldular. Onun idarədəki dəbdəbəli kabinetini təzə təyin olunmuş “xozeyin” tutdu. Yeni “xozeyin” kreslosuna oturan günün səhərisi Ağabala xidməti “Mersedes”ini onun yeni şoferinə təhvil verməli oldu. Ağabala yazığın ağzı nə idi ki cınqırını çıxarsın, və ya haqqını tələb etsin, başqa bir işlə təmin olunmasını xahiş etsin, işsiz qalası olduğuna görə sosial təminat istəsin...
Ağabala ağır cail idi, nə etməli olduğunu mükəmməl bilirdi. O gün maşını yeni “xozeyin”in yeni şoferinə təslim edib, xeyir-duasını da verib suyu süzülə-süzülə, kor-peşman evinə döndü.
 
Sonralar keçmiş dostunu və xozeyini Balaəmini axtarıb tapmağa, onun vasitəsi ilə yenidən bir işıq ucu əldə etməyə çalışsa da, faydası olmadı. Məlum oldu ki, Balaəmi saxta diploma görə işdən çıxarılan kimi təcili surətdə xaricə köçübdür. Artıq Dubaydadır və oradakı villasında öz keyfindədir.     
 
Bir neçə müddət idi ki, Ağabala öz “malalitrajka” (yəni kiçik tutumlu) Yapon avtomobilində “taksavat”lıq edirdi. Həyat birdən-birə al-əlvan boyalardan yeknəsək boz rənglərə dövr etmişdi. “Stayanka” (yəni dayanacaq) yeri üçün hər gün o biri taksi şoferləri ilə, nəqliyyat nazirliyinin inspektorları ilə üz-üzə gəlmək, maşın xarab olanda saatlarla servisdə, pul olmayanda isə öz əlləri ilə təmirlə məşqul olmaq, evdə arvadının get-gedə vüsət alan dedi-qoduları- bunların hamısı Ağabalanın zəhləsini tökürdü. Qonşularla məhəllədə domino çırpmaqdan da fərli bir təskinlik yox idi. Ən yaxşı halda domino axşamları- Ağabala üçün yatağa gedənə qədər arvadının dedi-qodusundan, donquldanmağından xilas olmaq sarıdan bir vasitə idi.
 
 
 
Artıq keçmiş dostları, “xozeyin” şoferləri, vaxtı ilə işlərini aşırdığı adamlar  vaxtaşırı olduğu kimi Ağabalanın mobil telefonuna zəng çalmırdılar, onu yeyib-içmək məclislərinə dəvət etmirdilər.
“Köpey oğlunun vəzifəsi, nə piş olarmış səni itirmək, əldən vermək”, -deyə Ağabala hərdən dodaqaltı gileylənərdi. Nəinki keçmiş dostlar, qohumlar, hətta doğma arvadı belə, işini, gəlir və hörmət mənbəyini itirdikdən sonra Ağabalanı əvvəlki kimi saya salmırdılar...
 
Nə yaxşı ki, Ağabala ələ fürsət düşən kimi arvadını qonşuluqda yerləşən uşaq bağçasında “zavxoz” (yəni təsərrüfat müdiri) vəzifəsinə işə düzəltmişdi. İndi evin əsas pul qazananı, çörək ağacı da arvad idi. Bu məsələnin, bu medalın o biri üzü də var idi. Belə ki, öz maddi statusunun üstünlüyündən istifadə edərək, arvadı yavaş-yavaş Ağabalanın evdəki mövqelərini endirməkdə davam edirdi.
“-Buna bax, bu da bizim kişimiz, bir dənə iş gəlmir əlindən. Səhər domino, axşam domino. Camaatın kişiləri qaz vurur, qazan doldurur, bizimkinin elə bil, əli bişibdür, başı “vasmyorka” vurur maşınun çarxları kimi”, deyib arvadı Ağabalanı hər gün aşağılamaqdan sanki zövq alırdı.
 
Hələ bunlar az imiş kimi, o biri yandan da hökumət Ağabalanın doğulduğu, boya-başa çatdığı, yaşamaqda olduğu qədim, köhnə, əldən gedən “Sovetski” məhəlləsini sökməyə və yenidən qurmağa qərar vermişdi. Bu da bir yana, hökumətin söküləcək evinə görə Ağabalaya verəcəyi kompensasiya (yəni haq-hesab) cəmi 30 min manat pul edirdi. Bu pula nəinki şəhərin kənarında, heç Bakı kəndlərində də fərli-başlı yaşayış yeri almaq mümkün deyildi. Bu səbəbdən, Ağabala inad göstərərək verilən səmərəsiz pul payını almaqdan və mənzili boşaldıb köçməkdən imtina edirdi. Buna baxmayaraq, yerli hakimiyyət nümayəndələri ona son xəbərdarləq etmişdilər. Müəyyən edilmiş vaxta kimi mənzili tərk etməyəcəyi halda, icbari qaydada Ağabalanı ailəsi ilə birlikdə çölə atacaqdılar.
 
Bu ağır və “lomka”lı (yəni dözülməz) günlərdə Ağabalanın yaşadığı gərginliyi aradan qaldıra bilən bir əşya var idi, o da vaxtı ilə dostu Balaəminin ona bağışladığı bilgisayar (yəni kompüter) idi. Daha doğrusu, Ağabalanın bilgisayarda özünə qulaq yoldaşı, sirdaş tapdığı “Facebook” (“Feysbuk”)  səhifəsi idi.
 
Ağabala “Feysbuk” adlanan sosial şəbəkədə yeni, özünün dili ilə desək  “vozdux dostlar” (yəni virtual dostlar) tapmışdı və onlarla yazışmaqdan-pozuşmaqdan təskinlik tapırdı.  Virtual “dostlarının” sayı artıq mini vurub keçmişdi. Gecə ya işdən, ya da qonşularla domino oynamaqdan evə dönən kimi, köhnə nimdaş mətbəxdə bilgisayarını açır və öz ünsiyyət dünyasına qərq olub ötən günün acılarını, pulsuzluğun yaratdığı gərginliyi, arvadın “non-stop” (yəni ara verməyən) donquldanmalarını unutmağa çalışırdı.
 
Bu arada Ağabalanın başına xəlvəti saxlamağa çalışdığı bir qəziyyə gəlmişdi. Virtual qadın dostlarından biri Ağabalaya qarşı həddindən artıq maraq nümayiş etdirməyə başlamışdı. Nəhayətdə bu maraq – qarşılıqlı marağa, və daha sonra daha isti və mülayim virtual münasibətlərə çevirilmişdi.
 
 
 
Qara günün üzü qara olsun. Məsələ burasındadır ki, virtual cəbhədə də Ağabalanın bəxti düz gətirmirdi, mehribanlaşdığı qadın dostu rus dilli idi, və ünsiyyətdə tez-tez texniki sorumlar yaşanırdı. Ağabala hələ orta məktəbdə oxuyanda Rus dilindən həmişə güc-bəla ilə bir “3” alardı, nədənsə dil öyrənmək qabiliyyəti çox məhdud idi. Ən son müşkülü “Feysbuk” dostunun Ağabalaya bəzi rus kəlmələrini öyrətməyə çalışması idi. Qadın dostu bunun üçün əlindən gələni əsirgəmirdi, hətta sözlərin mənasını Ağabalanın ana dilində düzgün başa düşməsi naminə Ağabalaya şəkillər və illustrasiyalar göndərirdi.
 
Ağabala ilə bu rusdilli qadın arasındakı münasibətlər daha da dərinləşərək, növbəti yüksək məlum fazaya keçməkdə idi. Bu mərhələdə qadın dostu Ağabalaya “anqel” (yəni mələk) sözünü doğru və lazım olan mənada işlətməyi öyrətməyə çalışırdı. “Feysbuk”da canlı danışıqları zamanı Ağabaladan xahiş edir di ki, ona “mənim mələyim” desin, təbii ki, özünün anladığı və arzuladığı rus dilində…
“Агабала, мой родной, повтори пожалуйста еще раз, у тебя все лучше получается. Скажи мне, ты мой ангел. У тебя обязательно получится”
(yəni, “Ağabala, mənim əzizim, zəhmət olmasa bir də tələffüz et, get-gedə səndə daha yaxşı alınır. Mənə de ki, sən mənim mələyimsən. Səndə mütləq alınacaq” )-deyə qadın xahiş edirdi.   
 
Tərslikdən də, Ağabala “tı moy anqel” (yəni, “sən mənim mələyimsən”) ifadəsini fərli-başlı tələffüz edə bilmirdi. Elə hey “tı moy anqel” əvəzinə “tı moy əngəl, tı moy əngəl” deyirdi.  Bu anlarda Ağabalanın qadın dostu xəttin o biri başında gülə-gülə, nəvazişlə dilçilik imkanlarını işə salırdı, amma Ağabalanın tələffüzü düzəlmirdi ki, düzəlmirdi...
 
Gecə yarısı Ağabala astaca, oğrun-oğrun, arvad oyanmasın deyə, yatağına girdi, yorğanı başının üstünə kimi çəkib beynində virtual qadın dostu ilə son söhbətlərini canlandırmağa başladı, astadan “tı moy əngəl, tı moy əngəl, əngəl” deyə-deyə yuxuya getdi…
 
“A kişi, a kişi dur ayağa, evün yıxılsun sənün! Səhərə kimi yuxuda o qədər “əngəl, əngəl” deyib sayıqladun ki, axırda əngələ saldun bizi! Dur, tez elə, dur, evi sökdülər”,- deyə-deyə Ağabalanın arvadı qışqırırdı.
 
…Sübh çağı idi. Ağabala qışqırıq səslərinə yuxudan dik atıldı, küçədən gələn motorların gurultusu altında tələm-tələsik əynini geyinib, nimdaş şap-şuplarını ayağına taxa-taxa bayıra qaçdı. Nəhəng bir ekskavator artıq onların həyət divarlarını söküb ağır yük maşınına yükləyirdi. Hər tərəfi toz-torpaq bürümüşdü.
Arvad ekskavatorçunun və yerli hakimiyyət nümayəndələrinin üstünə bağırırdı, dişinin dibindən çıxanı döşüyürdü. Sən demə, evi boşaltmaq barədə son xəbərdarlıq vaxtı artıq bitmişdi...
 
Ağabala məyus-məyus, sıxılmış və boğulmuş halda, bir az da əsəbi tərzdə mənzərəyə tamaşa edirdi, heç bilmirdi nə desin, nə etsin. Bu anda dilindən bir kəlmə qopdu: “Ağabala, yatdığun yerdə əngələ düşmey budu a...” 
 
 
 
Qüdrət Quliyev
01 aprel 2016-cı il. Bakı”
Təqdim etdi: Sultan Laçın

Загрузка...
Загрузка...