Ağ Evin dünyanı parçalayan Qüds QƏRARI

Baxış sayı: 
147

 
    
 
Amerika Birləşmiş Ştatlarının Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıması dünya dövlətlərinin ciddi narazılığına səbəb olub. ABŞ prezidenti Donald Tramp bunu Yaxın Şərqdə sülh proseslərinə təkan vermək üçün "uzun zaman gecikmiş addım" kimi təqdim etsə də, ekspertlər hesab edir ki, bu addım  yeni müharibə ocağının yaranmasına təkan verəcək. Fələstin lideri Mahmud Abbas Trampın qərarını "acınacaqlı" adlandırıb, ABŞ-ın artıq sülh vasitəçisi ola bilməyəcəyini deyib.
 
BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən 8-i ABŞ-ın qərarını müzakirə etmək üçün həftəsonu təcili toplantı keçirməyə çağırıb. Səudiyyə Ərəbistanı isə ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasını "ədalətsiz və məsulliyyətsiz" qərar adlandırıb. Digər tərəfdən, Rusiya, İran, Türkiyə, Azərbaycan və digər bir sıra ölkələr ABŞ-ın bu qərarına etiraz edib.
 
Bütün bunlara baxmayaraq ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dəstək verən ölkə də olub. Belə ki, artıq Çexiya da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını rəsmən bəyan edib. “Çexiya İsrail və Fələstin arasında sülh müqaviləsi imzalanana qədər Qüdsü İsrailin paytaxtı kimi tanıyır”-Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
 
Maraqlıdır, daha hansı ölkələr Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər?
 
 
 
Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında Qüdslə bağlı ABŞ-ın qərarını qabaqlayıcı tədbir adlandırıb:  “Şərqi Avropa ölkələrindən hansılarsa bu yöndə dəstək xarakterli bəyanatlar verə bilərlər. Ancaq onlar anlamalıdırlar ki, belə bir dəstəyin verilməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarına, eyni zamanda, bir çox beynəlxalq normalara ziddir. 1980-ci ildə BMT-nin qəbul etdiyi konkret sənəd var ki, həmin qətnamədə Təl-Əviv İsrailin paytaxtı kimi göstərilib. Başqa beynəlxalq sənədlər var ki, İsrail-Fələstin arasında yaşananlar konkret sülhlə nəticələnməyə qədər status məsələsi həll olunmayacaq. Eynən paytaxt məsələsi də buna daxildir”.
 
Natiq Miri hesab edir ki, qərara verilən dəstək dünya ictimaiyyətinə qarşı çıxmaqdır, beynəlxalq hüquqlara, sənədlərə, ictimaiyyətə hörmətsizlikdir: “Çexiya dövlətinin özü də,  1980-cı ildə Çexoslovakiya olan zaman bu sənədin qəbulu üçün səs vermiş ölkələrdən biridir. Yəqin ki,  ABŞ-ın qərarına dəstək verən başqa dövlətlər də tapılacaq.  Bütün hallarda böyük dövlətlər, o, cümlədən, ABŞ-ın yaxın müttəfiqi olan Avropa Birliyi bu qərarın əleyhinə çıxdı. Hətta Roma papası da Trampa qarşı bəyanat verdi.
 
ABŞ və digər ölkələrdə yaşayan İsrail kökənli ziyalılar, akademiklər, diplomatlar belə bu qərara etiraz olaraq Ağ Evə məktub yolladılar. Bu faktın özü göstərir ki, bu Şərqi yenidən odun-alovun  içinə atmaqdan başqa bir şey deyil. Ağıllı yəhudilər onu da anlayırlar ki, bu odun içində ilk yanan müsəlmanlar deyil, məhz İsrail olacaq. Ona görə də Trampın sadəcə, özünün siyasi hakimiyyətini qorumaq üçün ortaya atdığı bu absurd qərar Yaxın Şərq və İsrailin özü üçün çox baha başa gələcək”.
 
Vilayət Muxtar
 
Cebhe.info

Загрузка...
Загрузка...