​Ağ Evdə “partlayan” İran “bombası”- əks-sədası Bakıda da eşidiləcək

Baxış sayı: 
159

 
İran mövzusu Tillersonun yola salınmasına səbəb oldu, bundan sonra nə olacaq?
 
ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu gözlənilmədən vəzifədən azad etməsinin də içindən “İran çıxdı”. Tramp deyib ki, Tillersonla yaxşı anlaşsalar da, tərs düşən tərəfləri də olub, xüsusən də İran məsələsində. Sitat: “Mən İranla əldə olunan nüvə anlaşmasının qorxunc olduğunu düşünürdüm, ancaq o (yəni Tillerson - K.R.) qaydasında olduğunu düşünürdü. Mən İranla anlaşmanı ləğv eləmək və ya nə isə etmək istəyirdim, o isə fərqli düşünürdü”.
 
Belə görünür ki, ABŞ administrasiyasında İranla bağlı ciddi fikir ayrılığı olub. Nə qədər həqiqət olub-olmadığı bəlli olmasa da, hər halda, Trampın Tillersonu yola salmasına səbəb kimi İran siyasətini göstərməsi ABŞ-ın hazırkı rəhbərliyinin Tehranla  bağlı daha sərt addımlar atmaq istəyinin olduğunu ortaya qoyur.
 
Əslində biz bunu bir neçə ay əvvəl də yazmışdıq. Hələ ötən ilin oktyabrında Trampın İranla imzalanmış nüvə anlaşmasını uzatmaqdan imtina edərək Konqresə göndərməsi də bəlli təhlükədən xəbər verirdi. Bu ilin yanvarında isə Tramp vəzifəsinin icrasına başlamasının bir illiyi ilə bağlı çıxış edərkən 4 ölkəni - Rusiya, Çin, Şimali Koreya və İranı hədəfə alıb. Tramp deyib ki, İran xalqı sərt diktaturanın cinayətlərinə qarşı üsyan etdikdə səssiz qalmayıb. O, ABŞ-ın azadlıq mübarizəsində İran xalqının yanında olacağını bildirib. Bundan başqa, Tramp deyib ki, Konqresdən İranla əldə edilən nüvə anlaşmasının çərçivəsi ilə bağlı məsələlərə yenidən baxmasını istəyib. İranda ötən ilin sonunda başlayan aksiyaları dəstəkləyən ABŞ prezidenti eyni zamanda Qərb ölkələrini və sələfi Barak Obamanı İran siyasətinə görə də tənqid edib. Tramp deyib ki, Obamanın ağılsızcasına İrana etdiyi yardımlar terrorçulara gedib.
 
Yeri gəlmişkən, İranda ötən ilin son günlərində başlayan və sürətlə bütün ölkəyə yayılan etirazların xaricdən təşkil olunduğu iddiaları dünya mediasına çıxıb. Daha dəqiqi, etirazların hazırlanması ABŞ kəşfiyyatının adına bağlanıb. Tramp ötən ilin iyununda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran əməliyyatları bölümünə Yaxın Şərqdə ciddi fəaliyyət təcrübəsi olan “Ayətullah Mayk” ləqəbi ilə tanınan Maykl D’andreanı təyin edib. Bəzi media orqanları son iğtişaşların əsas müəllifinin “Ayətullah Mayk” olduğunu yazırlar. Yəni bir mənada Tramp artıq İrana qarşı “düyməyə basıb”. İndi isə administrasiyadakı daha bir “tormozlayıcı” fiqur uzaqlaşdırıldı.
 
Məsələ ondadır ki, bir qayda olaraq ABŞ hökumətinin ölkə xaricindəki fəaliyyəti ilə bağlı qərarlar Dövlət Departamenti, yəni xarici siyasət idarəsi, Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyinin tövsiyələri əsasında verilir. Tillerson həm daha əvvəl çalışdığı neft sahəsindəki təcrübəsi, həm də diplomatik idarəsinin xarakterindən doğan barışdırıcı missiyaya daha yaxın idi. Doğrudur, ABŞ siyasətində aqressiv xəttə aid olan çoxlu sayda dövlət katibləri olub. Ancaq diplomatiya idarəsinin funksiyası problemləri sülh və danışıqlar yolu ilə çözməkdir. Son kadr təyinatlarından belə məlum olur ki, Tramp İranla bağlı sərt addımlar atmasında “ayağına dolaşan” əsas kadrlardan biri ilə sağollaşıb.
 
 
 
Trampın Tillersonun yerinə təyin etdiyi kəşfiyyat rəisi Pompeo isə məhz sərt xəttin tərəfdarıdır. Bunu Trampın öz reaksiyası da təsdiqləyir. ABŞ prezidenti dövlət katibi təyin etdiyi Pompeonu tərifləyib, “Pompeo ilə eyni fikirlərə sahibik, müdhiş bir enerjisi və təcrübəsi var” deyib.
 
Yəni görünən odur ki, Trampın xarici siyasətlə bağlı qərarlarını formalaşdıracaq dövlət katibi postu və kəşfiyyat rəhbəri arzuladığı kimi sərt xəttin adamı olacaq. Yeri gəlmişkən, Pompeonu bu postda sabiq müavini, “təpədən dırnağa” kəşfiyyatçı olan Cina Haspel əvəz edib. Haspel Pompeonun kadrıdır və o da sərt xətti təmsil edir. Pompeonun dövlət katibi təyinatını İsrail də məmnuniyyətlə qarşılayıb. Baş nazir Benyamin Netanyahu Pompeonu tərifləyib və onunla “yaxşı işləyəcəklərini” deyib. Pompeo özü də böyük İsrail vurğunu və Netanyahu dostudur. Bir neçə il əvvəl o, Netanyahu haqqında yüksək fikirlər səsləndirib.
 
Trampın Tillersonu qovma səbəbi və onun yerinə Pompeonu təyin etməsi onun İranla bağlı sərt qərarlar qəbul edəcəyini indidən göstərir. Məsələ ondadır ki, Pompeo İsraili sevdiyi qədər də İrana nifrət edir. ABŞ-ın yeni dövlət katibi bir müddət əvvəl İranın terrorun ən böyük dəstəkçisi olduğunu, nüvə anlaşmasının fəlakət olduğunu və anlaşmanın zibilqabına atılmalı olduğunu deyib.
 
 
İndi isə belə bir adam Trampın xarici siyasət üzrə məsləhətçisi (ABŞ dövlət katibi postunun açıqlaması bu cürdür - K.R.) olacaq. Əlbəttə ki, artıq Trampı İran mövzusunda kimsə dayandırmağa çalışmayacaq. Əksinə, daha sərt qərarlar verməsi üçün təşviq edəcək. Üstəlik, Pompeodan sonra kəşfiyyata rəhbərlik edəcək Haspel də bu məsələdə ona “yardımçı” olacaq. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə ciddi qlobal hadisələr baş verməsə, ABŞ İranla anlaşmadan imtina etmək də daxil olmaqla, kəskin qərarlar qəbul edəcək. Doğrudur, İrana birbaşa hərbi müdaxilə hələ də real görünmür. Çünki bu cür qərarlar bir qayda olaraq Pentaqonun və generalların tövsiyəsi əsasında verilir. Generallar isə daha praqmatik olur, qərarlarını real şəraitə görə verirlər. Real şərtlər isə istənilən halda ABŞ-ın İrana hərbi müdaxiləsini əlverişli görə bilməz.
 
 
Lakin aydın məsələdir ki, yeni komandası ilə Tramp İranla bağlı sərt addımlar atacaq, o cümlədən Yaxın Şərqdə İran əleyhinə ərəb koalisiyası daha da gücləndiriləcək və dəstəklənəcək. Yeri gəlmişkən, bu günlərdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və eləcə də BƏƏ, Qətər liderləri Vaşinqtona səfər edəcək. Böyük ehtimalla, Vaşinqton görüşlərində İrana qarşı mümkün fəaliyyətlər, regionda maraqlarının vurulması, daxildən qarışdırılması kimi müxtəlif ssenarilər müzakirə olunacaq.
 
Bir sözlə, yaxın illərdə qonşuluğumuzda vəziyyət heç də sakit keçməyəcək. 10 il əvvəl yaşananları xatırlasaq, o zaman bu narahatlıqdan bizə də pay düşəcəyini deyə bilərik.
 
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...