ADR hərəkatı siyasi partiyaya çevrilir - Gizli müzakirə

 
Azərbaycanda Demokratiya və Rifah Hərəkatı (ADR) siyasi partiyaya çevriləcək.
 
Teleqraf.com-a daxil olan xəbərə görə, artıq hərəkatda bu mövzuda qapalı müzakirələr başlayıb.
Mənbə deyib ki, ADR Hərəkatı qeydiyyatdan keçmək məqsədilə Ədliyyə Nazirliyinə müraciət edib. Lakin hələlik qeydiyyata alınmayıb. Məhz bu faktor ictimai hərəkat formatında yaradılan ADR-in siyasi partiyaya çevrilməsi üçün əsas yaradır.
 
Mənbə qeyd edib ki, ADR rəhbərliyində aparılan müzakirələrin sonunda belə fikrə gəlinib ki, əgər qeydiyyatla bağlı məsələ həllini tapmasa, bu zaman ADR Hərəkatını siyasi partiyaya çevrilmək məqsədilə addımlar atılsın. Hələlik bu plan mediada kənar tutulur və onun ictimailəşdirilməsinə ehtiyac duyulmur.
Yeri gəlmişkən, deyək ki, ADR Hərəkatında çoxluq Müsavat Partiyasını tərk edən şəxslərdir. Onlar uzun illər siyasi fəaliyyətlə məşğul olublar.
 
Mənbə əlavə edib ki, əgər ADR Hərəkatı rəhbərliyinin bu ideyası gerçəkləşsə, qurum 2016-cı ilin sonlarına qədər siyasi partiyaya çevriləcəyini elan edəcək.