ADP xalqı mübarizəyə səslədi...

 Azərbaycan Demokratik Cumhürriyyətinin (AXC) elan olunmasından 98 il keçir.
 
Bu münasibətlə Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti Azərbaycan xalqını, hər bir vətəndaşımızı, Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı təbrik edir.
 
Azərbaycan Xalq Cumhürriyyəti xalqımızın milli nailiyyətidir. Uzun əsrlər dövlətçilik tarixinə malik xalqların respublikaçılığa keçiddə ciddi problemlər yaşaması ilə müqaisədə əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə biavasitə bağlıdır. Azərbaycan Demokratik Cumhürriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir. Səttarxanın başçılığı ilə cənubda həyata keçirilən Məşrutə hərakatı isə AXC-nin təməlində duran respublikaçılığın əsas qaynaqlarından olmuşdur.
 
İki il ərzində mövcud olan Azərbaycan Xalq Cumhürriyyətinin ağır şərtlər altında ciddi siyasi islahatlar həyata keçirməsi, birinci Respublikanın banilərinin – M.Ə.Rəsulzadənin, F.X.Xoyskinin, Ə.Topçubaşovun və digərlərinin siyasi uzaqgörənliyindən, yüksək idarəçilik qabiliyyətindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verirdi.
 
Cumhürriyyətçilik ideyaları, müstəqillik və Azərbaycan Respublikasının bütövlüyü uğrundakı mübarizədə indiyədək minlərlə insan canından keçərək şəhid olub. İşğal altında olan ərazilərimizin azad edilməsi uğrunda bu ilin aprel ayındakı döyüş əməliyyatında şəhid olan Vətən oğulları da bir daha sübut etdilər ki, ölkəmizin bütövlüyünü heç bir düşmən sarsıda bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz ruhlarını daim yüksəkdə tutmalı və Vətən uğrunda şəhid olmağa daim hazır olmalıyıq.
 
Bu gün Azərbaycanda yaşayan müxtəlif etnosların nümayəndələri, Respublikamızın vətəndaşları çiyin-çiyinə böyük dövlətçilik əzmi nümayış etdirərək yeni tarix yaratmaqdadırlar. Azərbaycan xalqı onu müxtəlif hissələrə parçalamaq istəyən düşmənlərə özünün möhkəm birliyi və bərabərliyi ilə layiqli cavab verməkdədir.
 
Təəssüf ki, hazırkı iqtidarda olan siyasi qüvvə və hakimiyyətin yüksək eşalonunda təmsil olunan, əsasən keçmiş sovet məmur təbəqəsinə aid olan hakim zümrə respublikaçılıq ənənələrini real olaraq dərk edə bilmir və tətbiq etməkdən yayınır,
 
Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolunu kiçiltməyə çalışır, ölkədə yüksək vətəndaşlıq şüurunun formalaşdırılması üçün zəruri olan siyasi, hüquqi, iqtisadi, sosial və s. sahələrdə islahatları gecikdirir, xalq qarşısında hesabatlı olan hakimiyyətin formalaşmasına imkan vermir.
 
ADP İdarə Heyəti hesab edir ki, qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq və hakimiyyət bölğüsü, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında şərqdə ilk respublika qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır. ADP İdarə Heyəti insanlarımızı həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırıb.