ADP Səyavuş Novruzovla bağlı HAKİMİYYƏTDƏN HESABAT TƏLƏB EDİR

 

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Turaninfo.az xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər ətrafında müzakirələr aparılıb.
Toplantı iştirakçıları son vaxtlar ölkədə yaranmış və sürətlə dərinləşməkdə olan iqtisadi-maliyyə böhranı bağlı məsələ ətrafinda geniş müzakirə aparıb. Qeyd edilib ki, yaranmış ağır iqtisadi-maliyyə böhranının əsas səbəbi hakimiyyətin uzun müddət arzində yeritdiyi yanlış iqtisadi siyasətdir:

“Bu böhranın aradan qaldırılması üçün iqtidar yetkililəri tərəfindən irəli sürülən bir sıra ideya və təşəbbüslər- strateji obyektlərin özəlləşdirilməsi, pambıqçılıq və digər aqrar sahələruin dirçəldilməsi ilə qeyri neft sektorunun inkişaf etdirilməsi gecikmiş addımlardır və cari statistik dəyişiklıklərə hesablanmış bu addımlar bütövlükdə ölkədə yaranmış böhranın aradan qaldırılmasına heç bir fayda verə bilməz.

Əvvəl özəlləşdirilmiş dövlət müəssisələrinin sonradan profilinin dəyişdirilməsi, onların ilkin təyinatından uzaqlaşdırılaraq dağıdılması bu hakimiyyətin keçmiş özəlləşdirmə prosesindən düzgün nəticə çıxarmadığını ortaya qoyur. Əsrin neft kontraktlarının əsas qayələrindən biri də neftdən gələn gəlirlər hesabına ölkədə qeyri neft sektorunun inkişaf etdilməsi olsa da, təəssüflər olsun ki, bu gəlirlər qeyri-neft sektorunun inkişafina deyil, iqtisadi səmərəsi olmayan layihələrin həyata keçirilməsinə, ayrı-ayrı oliqarxların şəxsi büdcəsinin zənginləşməsinə xidmət etdirildi”.

Bunları nəzərə alaraq, ADP belə hesab edir ki, ölkədə demokratik, siyasi islahatlar həyata keçirmədən planlaşdırılan iqtisadi addımlar heç bir səmərə verə bilməz:

“Hakimiyyət ilk növbədə siyasi plüralizmin, demokratiyanın, insan hüquq və azadlıqlarının, qanunun aliliyinin təmin olunması, alternativ siyasi fikrin, qeyri hökumət təşkilatlarının, azad mətbuatın bərqərar olunması istiqamətində ciddi addımlar atmalı, iqtisadi-maliyyə böhranın yaranmasına zəmin olan, korrupsiya, rüşvətxorluq faktlarına, hökm sürən iqtisadi monopoliyaya son qoymalı və sərbəst bazar iqtisadiyyatinin təməl prinsipi olan orta və kiçik biznesin dirçəldilməsinə şərait yaratmalıdır”.

İdarə Heyəti ABŞ konqresində keçirilən ənənəvi dinləmələrin demokratiyanın dəstəklənməsi üçün əhəmiyyətini qeyd etməklə, keçirilən son dinləmənin aşkarlıq, şəffaflıq şəraitində təşkil edilməməsini, Azərbaycan müxalifətinin geniş spektrinin bu dinləmələrdə təmsil edilməməsi faktını ABŞ-ın müvafiq dairələrinin Azərbaycan müxalifətinə və demokratiyasına vurduğu zərbə kimi dəyərləndirib, adı çəkilən dövləti gələcəkdə bu tip tədbirlərdə xalqın demokratiyanın müdafiəçisi olan müxtəlif təmsilçilərinin fikirlərinin dünyaya çatdırılmasına şərait yaratmağa çağırıb.

ADP İdarə Heyəti dövlət başçısının MDB ölkə başçılarının sammitində iştirakı məsələsinə münasibət bildirib və bu cür sammitlərin formal xarakter daşıdığına diqqət çəkərək hakimiyyəti işğalçı və təcavüzkar Ermənistanın təmsil olunduğu bu qurumda fəaliyyətinə təcavüzün nəticələri aradan qaldırılanadək xitam verməyə, Azərbaycanın iqtisadi, siyasi, mədəni inkişafına geniş perspektivlər açan Avroatlantik məkana inteqrasiya kursunu davam etdirməyə çağırıb.

İdarə Heyəti deputat, YAP İcra Aparatının müavini Səyavuş Novruzovun “torpaqların müdafiəsi ilə bağlı” Rusiyanın ordeni ilə təltif edilməsi məsələsinə də münasibət bildirib və bu mükafatlandırılmanın başa düşülən olmadığını diqqətə çəkməklə hakimiyyət yetkililərini bu məsələyə aydınlıq gətirməyə çağırıb.

İdarə Heyəti Sentyabrın 17 və 18 də AXCP və Müsavat partiyalarının keçirdiyi dinc etiraz aksiyalarına münasibət bildirib və hər iki partiya təmsilçilərinin irəli sürdüyü şüar və tələblərin haqlı olduğunu diqqətə çatdırıb. Eyni zamanda aksiyalar zamanı polisin etirazçılara bəzi hallarda zor tətbiq etməsini, gənclərin həbs edilməsini qətiyyətlə pisləyib.