ADP son həbsləri siyasi xarakterli sayaraq qətiyyətlə pislədi!


Azərbaycan Demokrat Partiyasının İdarə Heyyəti, AXCP sədrinin köməkçisi Faiq Əmrlinin həbsini və keçmiş nazir Əli İnsanov haqqında qaldırılmış cinayət işini siyasi xarakterli olduğunu qeyd edərək pislədi! Hakimiyyəti İnsan hüquqlarına hörmət etməyə və vətəndaşlarının hüquqlarının qorumağa çağırdı...

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları ilk növbədə sentyabr ayının 26-da keçiriləcək referendum kampaniyasını müzakirə edib.

İdarə Heyəti müxalifət düşərgəsindən sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) yeganə olaraq Müsavat Partiyasının təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı "Respublika" təşviqat qrupunun Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmamasını tənqid edərək, bu hadisəni avantürist ideyalara söykənən referendum aktının aşkarlıq və antidemokratik şəraitində keçirildiyinin əlaməti kimi dəyərləndirib.

İdarə Heyəti son günlər ölkədə, müxalifət düşərgəsinə və müxalif fikirli insanlara qarşı aparılan repressiya kampaniyasına diqqət çəkib. İdarə Heyəti AXCP sədri Ə.Kərimlinin köməkçisi Faiq Əmirlinin saxta və qondarma ittihamlarla həbs olunmasını və həbsdə olan keçmiş Səhiyyə Naziri Əli İnsanova qarşı yeni cinayət işinin açılmasını qətiyyətlə pisləyib, bu həbslərin siyasi mötivli olduğunu, insan hüquq və azadlıqları ilə bir araya sığışmadığını qeyd edir və hakimiyyəti qanunun aliliyi prinsipini qorumağa, ölkə konstitusiyası və beynəlxalq öhdəliklərdən irəli gələn tələblərə riayət etməyə və habelə həbs olunan şəxslərlə bağlı ədalətli qərar qəbul etməyə çağırıb.

İdarə Heyəti hakimiyyətin yarıtmaz iqtisadi siyasəti nəticəsində son zamanlar ölkədə gizli və aşkar bahalaşmadan dolayı sosial sferada neqativ halların baş alıb getməsindən narahatçılığını ifadə edir və Azərbaycanda iqtisadi böhranın sosial-siyasi böhran müstəvisinə keçdiyini bildirir.

Sonda cari məsələlərlə bağlı bir sıra qərarlar qəbul edilib.