ADP sədri yeni faktlar açıqladı: “Afiyəddin Cəlilov söz verdi ki...”

“Mən mahiyyəti daha vacib hesab edirəm. Hadisələrə subyektiv yanaşmanı doğru saymıram. Mənim hansı partiya sədri ilə görüşməyim, onun mənə Gəncə qiyamına dəstək, Elçibəyi devirmək və növbəti hakimiyyətdən pay almaq kimi təklifləri mühüm deyil. Tarix keçdikcə, şəxsiyyətlərin deyil, mahiyyətin önəmli olduğu ortaya çıxacaq”.
 Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Xatırladaq ki, ötən gün ADP sədri saytımıza açıqlaması zamanı qeyd etmişdi ki, 1993-cü ilin 4 iyun Gəncə qiyamından əvvəl bir partiya sədri onunla görüşüb və hərbi müxalifətə dəstək verməyi, Elçibəyi devirməyi təklif edib. Lakin ADP sədri bu təklifi rədd edib.
Əbülfəz Elçibəyin Türkiyədə yaşayan kürəkəni Aqil Səmədbəyli isə mətbuata açıqlama verərək Sərdar Cəlaloğlundan həmin partiya sədrinin adının açıqlamasını istəyib.
ADP sədri isə qeyd edib ki, ad çəkməyə, danışmağa ehtiyac yoxdur: “Həmin partiya sədri sağdır. Qiyam ərəfəsində baş verən prosesləri təhlil edərək bu şəxsin kimliyini müəyyən etmək olar. Sadəcə ad çəkmək, diqqəti bu adın üzərinə istiqamətləndirmək, həmin şəxsin ittiham edilməsi işində vasitəçi olmaq niyyətində deyiləm”.
Bununla belə S.Cəlaloğlu qeyd edib ki, mərhum prezident Əbülfəz Elçibəy Bakını tərk edib Kələkiyə getdikdən sonra, onunla daima sıx kontaktda olub: “Kələkiyə dəfələrlə gedib-gəlmişəm. Əbülfəz Elçibəyin devrilməsi həmin dövrün ictimai-siyasi, regional və dünyəvi əhvalın məntiqinə uyğun idi. Əgər Surət Hüseynovu məğlub edilsəydi, daha sonra Ələkrəm Hümmətovu ortaya çıxaracaqdılar. O da, zərərsizləşdirilsə, ortaya hansısa rayondan biri atılacaqdı. Yəni bu həmin dövrün məntiqinə uyğun idi.
 Baxın, həmin dövrdə Lex Valensa hakimiyyətdən getdi. Onu kanadalı biznesmen seçkidə məğlub etdi. Amma buna baxmayaraq Polşada Lex Valensanın kadrları seçkilərdən sonra hakimiyyətdə təmsil olundular. Ukraynada da xalq dalğası üzərindən iqtidara gələn hakimiyyəti Kuçma əvəzlədi. Başqa sözlə, xalq hərəkatının dalğasının əks istiqaməti zamanı bu şəxslər hakimiyyətdən getməli oldu. Qonşu Gürcüstanda Qamsaxurdiya müqavimət göstərmək xəttini seçdi. Bu zaman həm özü öldürüldü, həm də Gürcüstan vətəndaş müharibəsinə çəkildi. Əbülfəz Elçibəy isə Qamsaxurdiya təcrübəsini görmüşdü, hadisələrdən yaxşı baş çıxarırdı”.
ADP sədri daha sonra qeyd edib ki, həmin dövrdə hakimiyyətə gələn Heydər Əliyev uzaqgörən, dövlətçi adam olsa da, ilkin dövrdə onu da pusquya salmaq niyyətində olan qüvvələr olub: “Heydər Əliyev dövlət təcrübəsini bilirdi. O, hətta qanunun yanından keçməyin mümkün olduğunu görəndə belə çalışırdı ki, hər şeyi qanunlar və konstitusiya çərçivəsində həyata keçirsin. Lakin həmin dövrdə bir sıra şəxslər və qüvvələr var idi ki, onlar tələm-tələsik işləri görməyə çalışırdı, bu zaman fəaliyyətin qanundan kənar həyata keçirilməsi onların marağında idi.
 Çünki sonradan bundan istifadə edərək Heydər Əliyevə qarşı addımlar atmaq niyyətlərində idi. Bu qüvvələr çalışırdılar ki, Heydər Əliyev ilkin dövründə legitimlik problemi ilə üzləşsin. Həmin dövrdə AXC və Müsavatın hakimiyyətdə olan kadrlarını geri çəkməsi ən böyük səhvlərdən biri idi. Fikirləşirəm ki, Heydər Əliyevin bizim hakimiyyətdə təmsil olunmaqla bağlı təklifinə müsbət cavab verməməyimiz səhv idi. Ədalət naminə deyilməlidir ki, o dövrdə Heydər Əliyev müxalifətlə birgə işləməyə hazır olduğunu ifadə edirdi”.
Sonda ADP sədri daha bir faktı açıqlayıb: “Hələ Əbülfəz Elçibəy prezident idi. Rəhmətlik Afiyyəddin Cəlilov bir vasitəçi ilə xəbər göndərdi ki, mənimlə görüşmək istəyir. Mən də buna etiraz etmədim. Görüşdük və təxminən 3 saata qədər müzakirə apardıq. Mən bəzi təklif və fikirlərimi ona çatdırdım. O da, bildirdi ki, mənim sözlərimi rəhmətlik Heydər Əliyevə çatdıracaq”.