ADP NÖVBƏTİ İLİN BÜDCƏSİNİ “BÖHRAN BÜDCƏSİ” KİMİ DƏYƏRLƏNDİRDİ

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısısı keçirilib. Toplantıda ölkə həyatına dair bir sıra məsələlər müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Nazirlər Kabinetində müzakirə edilən 2017-ci ilin dövlət büdcəsi və icmal büdcəsinin laiyhəsinə münasibət bildirib. Qeyd edilib ki, təqdim olunan layihdə keçən ilin dövlət büdcəsindən fərqli olaraq bu ilki büdcənin gəlirlərinin azalması, o cümlədən müdafiə xərclərinnin azalması, büdcənin formalaşmasının neft gəlirlərindən yenə də birbaşa və dolayı şəkildə asılı olması, dövlət büdcəsi gəlirlərinin bir qisminin vergi və gömrük rüsumlarının artırılması hesabına təşkil olunması məqsədəuyğun hesab edilməyib və təklif olunan büdcə layihəsi böhran büdcəsi kimi dəyərləndirib. Toplantıda qeyd edilib ki, ölkədə yaranmış hazırkı iqtisadi böhranın bilavasitə səbəbi hakimiyyətin uzun illər həyata keçirdiyi yanlış iqtisadi siyasət, habelə demokratik siyasi islahatların həyata keçirilməməsidir və indiki davranışları ilə bu hakimiyyət ölkəni mövcud böhrandan çıxara bilməz.

İdarə Heyəti beynəlxalq səhiyyə hesabatında Azərbaycanın sonuncu yerlərdən birində durmasını təəssüf və narahatlıqla qarşılayaraq, bu faktın ölkə əhalisinin sağlamlığının olduqca pis qorunduğunu təsdiq etdiyini qeyd edib. Səhiyyədəki hazırkı durumun ölkənin siyasi, iqtisadi və digər sosial sahələrində olduğu kimi yürüdülən yanlış konservatizm, sürətli islahatlardan imtina siyasətinin nəticəsi olduğu bir daha vurğulanıb.

İdarə Heyəti mövsümi yağıntılarla əlaqədar Bakı şəhərində yolların dağıdılması, kanalizasiya sistemlərinin yararsız hala düşməsi, nəqliyyatın hərəkətinin iflic vəziyyətə salınması faktlarından ciddi narahat olduğunu bildirib və hakimiyyəti şəhərin infrastrukturlarının qurulmasında məsul olan təşkilatlar haqda ciddi ölçü götürməyə, qış mövsümünə hazırılıq işlərini sürətləndirməyə çağırıb.

İclasda bir sıra partiyadaxili məsələlər ətrafında da müzakirələr aparılıb.