ADP KORRUPSİONER MƏMURLARA QARŞI CİNAYƏT İŞİNİN AÇILMASINI TƏLƏB ETDİ

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ötən həftə keçirilən BMT-nin 72-ci sessiyasını müzakirə edib. Müzakirələrdə bildirilib ki, BMT-nin son sessiyasında səslənən bir çox fikirlər bu qurumun yeni dünya düzəninə uyğun olaraq yenidən formalaşdırılmasının, bir çox beynəlxalq hüquq normalarının, xüsusi ilə beynəlxalq təhlükəsizliyi təhdid edən korrupsiya və separatizmlə bağlı beynəlxalq hüquq normalarının müəyyən edilməsinin və bunlarla bağlı ümumi qətnamələrin qəbul edilməsinin vacibliyini ortaya qoydu.

Müzakirələrdə həmçinin Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın BMT tribunasından, İslam dünyasının problemlərini səsləndirməsi və İslam xalqlarının hüquqlarını müdafiə etməsi təqdir edilib, eyni zamanda Azərbaycan dövlət başçısının Dağlıq Qarabağ problemini BMT müstəvisinə layiqli şəkildə gətirmədiyi təəssüf hissi ilə qeyd edilib. Qeyd edilib ki, Dağlıq Qarabağın işğalı ilə bağlı BMT-nin xüsusi qətnamələrinin hər dəfə gündəmə gətirilməsi əvəzinə işğal ilə bağlı BMT-nin ümumi qətnaməsinin gündəmə gətirilməsi problemin hüquqi müstəvidə həlli baxımdan daha məqsədə müvafiqdir.

İdarə Heyəti 23 sentyabr tarixində Milli Şuranın keçirdiyi mitinqə də münasibət bildirib. İdarə Heyəti aksiyanın baş tutmuş aksiya kimi dəyərləndirərək, Azərbaycan hakimiyyətini bir daha mitinqin tələblərindən olan adı korrupsiya cinayətlərində keçən məmurlar haqqında təhqiqat və istintaq hərəkətlərini başlamağa çağırıb. İdarə Heyəti mövcud korrupsiya faktı ilə bağlı istintaq hərəkətləri başlamayacağı halda bu cinayətlərin dövlət siyasəti kimi həyata keçirildiyi anlamı daşıyacağını bildirib.

İdarə Heyəti Şimali İraqda keçirilməsi nəzərdə tutulan referendumu da müzakirə edərək münasibətini açıqlayıb. İdarə Heyəti belə hesab edib ki, bu referendum siyasi avantüra kimi beynəlxalq hüquq normalarına zidd olduğundan heç bir hüququ və siyasi nəticəsi olmamalıdır. Müzakirələrdə həmçinin bu referenduma dəstək verən dövlətlərin Yaxın Şərqdə uzunmüddətli münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğu, bu referendumun Azərbaycanın və qardaş Türkiyənin strateji maraqlarına zidd olduğu, həmçinin dünyada separatizmin çiçəklənməsinə rəvac verəcəyi, əksər dövlətlərin ərazi bütövlüyünü təhdid edəcək pis bir presedent olacağı qeyd edilmiş, eyni zamanda Azərbaycan hakimiyyətini Şimali İraqdakı referendumla bağlı qardaş Türkiyə dövlətinin xarici siyasətini təqib etməyə, bu məsələdə Türkiyə dövlətinə hər cür dəstək verməyə çağırıb.

Müzakirələrdə son vaxtlar siyasi motivlərlə həbs olunan şəxslərə qarşı saxlanıldıqları cəzaçəkmə müəssisələrində qeyri-qanuni davranışlar da müzakirə olunub. Siyasi motivlərlə həbs olunan Rüfət Səfərov, Cavid Şirəliyev və ADP üzvü Məhbub Zülfüqarlıya qarşı saxlama yerlərində beynəlxalq hüquq normalarına uyğun olmayan münasibətlərdən narahatçılıq ifadə edilib, hakimiyyət orqanlarından bu cür qanunsuz hərəkətlərdən çəkinməyə və siyasi motivli həbs olunanların azadlığa buraxılması üçün addımlar atmağa çağırıb.

Müzakirələrdə son vaxtlar ölkədə yüksək rütbəli məmurlar haqqında korrupsiya faktlarını çap edən şəxslərə və mətbuat orqanlarına qarşı açıq-aşkar baş verən təzyiqlər müzakirə olunaraq, ötən həftə “hurriyyet.org” saytının Prezident Administrasiyasının göstərişi əsasında girişinə qadağa qoyulması faktı da kəskin şəkildə pislənilib. Müzakirələrdə qeyd edilib ki, baş verən bu hallar Azərbaycan hakimiyyətinin nəinki korrupsiyaya qarşı mübarizə apardığını, əksinə korrupsioner məmurları himayə etdiyini göstərir.

Sonda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Загрузка...
Загрузка...