ADP İDARƏ HEYƏTİ LALƏ ŞÖVKƏTİ TƏBRİK ETDİ

 
Azərbaycan Demokrat Partiyası İdarə Heyəti, Azərbaycanın görkəmli ictimai- siyasi xadimi, Azərbaycan Liberal Partiyasının qurucusu və lideri, professor Lalə Şövkəti 65-illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrik mətnində deyilir:
 
“Hörmətli Lalə Şövkət, sizi yubileyiniz münasibəti ilə təbrik edirik.
Siz - Azərbaycan və çağdaş türk-islam tarixinin ən görkəmli siyasi liderlərindən birisiniz və islam coğrafiyasında Tansu Çillər, Bənazir Bhutto kimi siyasi liderlərlə bir sırada durmağa layiqsiniz.
Siz həm qısamüddətli iqtidar dönəmində, həm də müxalifətdəki siyasi fəaliyyətinizdə özünəməxsus siyasi prinsipiallığınız, siyasi uzaqgörənliyiniz, qətiyyətiniz və mərdliyinizlə nümunə olmusunuz.
Siz müxalifətdə olduğunuz illərdə həmişə müxalifətin birliyi, siyasi əməkdaşlıq və siyasi blokların yaranmasında  ümumxalq maraqlarından çıxış edən, şəxsi və qrup maraqlarını ümumi maraqlara qurban verməyi bacaran, eyni zamanda birləşdirici fiqur olaraq da seçilmisiniz.
 
Hörmətli Lalə xanım!
Biz Sizi həmçinin keçmiş sovetlər birliyində mərkəzi hökumətdə çox yüksək vəzifə tutaraq xalqına xidmət edən azsaylı həmvətənlərimizdən biri, elmdə gənc yaşlarında ciddi nailiyyətlər əldə edən, elmlər doktoru, professor adını alan bir Azərbaycan xanımı kimi də tanıyırıq.    
 
Hörmətli Lalə xanım!
Bir daha sizi, 65 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, sizə şəxsi həyatınızda xoşbəxtlik, uzun ömür və daha böyük siyasi nailiyyətlər arzu edirik.
 
Hörmətlə,
Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti”