ADP funksionerindən müxalifətə iynəli sözlər

Taliyət Əliyev: “Yaxşı olar müxalifət ilk öncə bu problemi çözsün”
“2018-ci il prezident seçkiləri ilə bağlı müxalifət düşərgəsinin görəcəyi işlər çoxdur, müxalifət partiyaları arasında qeyri-sağlam münasibətin hökm sürməsi bu işlərin reallaşdırılmasında əngəllərdən biridir”.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında ADP sədrinin seçkilər üzrə müavini Taliyət Əliyev bildirib. T.Əliyev həmçinin deyib ki, seçkilərə qədər görülməsi vacib olan işləri həyata keçirmək üçün ölkədə münbit şəraitin yoxluğu da əlavə bir əngəldir: “Ölkədə siyasi partiyaların fəaliyyəti üçün çox ciddi maneələr var. Amma bütün maneələrə baxmayaraq, müxalifət nəyi bacarırsa onu etməlidir. Hesab edirəm ki, indiki halda müxalifətin qarşısında duran ən ciddi problemlərdən biri də özündən qaynaqlanan problemdir. Hamımıza bəllidir ki, müxalifət partiyaları arasında qeyri-sağlam münasibət hökm sürür, demək olar ki, müxalifətdə bir pərakəndəlik var. Bu münasibətlər düzəlməsə, müxalifətin 2018-ci il prezident seçkilərində birliyinə nail olmaq çətin olacaq. Birlik olmayan yerdə isə ”dirilik" olmayacaq".
ADP yetkilisinin sözlərinə görə, yaxşı olar müxalifət ilk öncə bu problemi çözsün, sonra isə ölkədə siyasi islahatların həyata keçirilməsi istiqamətində birgə mübarizəni təşkil etsin.
Konkret ADP-nin növbəti prezident seçkiləri ilə bağlı planının olub-olmadığına gəlincə, T.Əliyev qeyd edib ki,  2018-ci il prezident seçkiləri ilə bağlı partiyanın hələ konkret planı yoxdur. Çünki seçkilərə kifayət qədər zaman var: “Qarşıdakı zaman ərəfəsində istər ölkəmizdə, istərsə də regionda və beynəlxalq aləmdə çox şeylər dəyişə bilər. Bu baxımdan 2018-ci il prezident seçkiləri ilə bağlı partiyamız seçkilər ərəfəsində mövcud olacaq situasiyanın diktə edəcəyi addımı atacaq”.