ADP-dən Milli Şuranın mitinqinə dəstək

ADP-dən Milli Şuranın mitinqinə dəstək Partiya öz üzvlərinin bu aksiyada fərdi qaydada iştirakını məqbul hesab edir
 
Demokrat Partiyası ölkədə yaranmış sosial-iqtisadi böhranla bağlı bəyanat qəbul edib

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan Turaninfo.az verilən məlumata əsasən, toplantıda ölkədəki ictimai-siyasi və sosial-iqtisadi böhran vəziyyətinə dair müzakirələr aparılıb:
 
“Toplantı iştirakçıları ilk növbədə Milli Şura tərəfindən sentyabrın 11-də keçirilməsi nəzərdə tutulan mitinqə münasibət bildirib. Partiya rəsmiləri mitinqlərin və digər xalq narazılıqlarını özündə əks etdirən etiraz aksiyalarının keçirilməsini vətəndaşların Konstitusiya ilə təsbit edilmiş fundamental insan haqlarından doğduğunu diqqətə çəkib və bu etirazların arxasında hakimiyyətin demokratiya ilə bir araya sığmayan, insan hüquq və azadlıqları ilə ziddiyyət təşkil edən repressiv siyasətinin, ağır sosial-iqtisadi böhranlara, işsizliyə, bahalaşmaya, müflisləşməyə gətirib çıxaran yanlış iqtisadi siyasətinin durduğunu bildirib”.
 
 
Bu baxımdan ADP hakmiiyyəti ölkədə siyasi plüralizmin, insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin təmin edilməsi istiqamətində effektli addımlar atmağa, beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
 
“Partiya rəsmi olaraq bu mintiqdə iştirak etməsə də, öz üzvlərinin etiraz aksiyasında fərdi qaydada iştirakını məqbul hesab edib və mitinqin elan edilmiş ümumi tələbləri ilə həmrəy olduğunu bildirib” – deyə partiyadan bildirilib.ADP-dən Milli Şuranın mitinqinə dəstək
 
Sonda ADP İdarə Heyəti ölkədə yaranmış sosial-iqtisadi böhranın aşağıda göstərilən səbəblərini və onun doğurduğu ağır nəticələri özündə əks etdirən bəyanat qəbul edib. Bəyanatda deyilir:
 
“ADP ölkədə yaranmış dərin sosial-iqtisadi böhranın hakimiyyətin siyasi sferada olduğu kimi, sosial-iqtisadi sahələrdə də yürütdüyü yanlış idarəetmə üsulundan doğduğunu və bu yanlış siyasətin qlobal böhran şəraitində xalqın iqtisadi güzəranının daha da ağırlaşmasına gətirib çıxardığını qeyd edib. ADP hazırkı şəraitdə yaranmış ağır sosial-iqtisadi böhranın səbəblərinə diqqətə çəkib və böhranın aradan qaldırılması üçün hakimiyyətə çağrışlar edib.
 
Sərbəst bazar iqtisadiyyatının əleyhinə yönələn monopoliya siyasətinin hökmranlığı və on minlərlə insanın işlə təmin edilməsinə stimul olan orta və kiçik biznesin sıxışdırılıb aradan çıxarılması;
 
Yanlış özəlləşdirmə siyasəti və özəlləşən müəssisələrin məqsədyönlü şəkildə dağıdılması;
 
Yanlış investisiya siyasəti. Azərbaycanın özünün investisiya qoyuluşuna ciddi ehtiyacı olduğu halda, dövlətin valyuta ehtiyatları hesabına xarici ölkələrə nəhəng investisiyalar qoyulması və bu sahədən dövlət büdcəsinə nəzərdə tutulan gəlirlərin daxil olmaması;
 
Yanlış vergi siyasəti. Dünya təcrübəsində böhran yaşayan ölkələrdə vergilərin yumşaldılması, cərimələrin azaldılması, özəl sahələrə subsidiyaların ayrılması siyasəti yeridildiyi halda, Azərbaycanda bunun əksinə olaraq, vergi ödəyiciləri daha ağır şərtlər daxilində fəaliyyət göstərir, iqtisadi böhranın ağırlığı xalqın çiyninə yüklənir;
 
Yanlış kredit siyasəti. Xarici valyuta ilə verilən kreditlərin milli valyuta ilə ödənillməsində milli valyutanın devalvasiyaya uğramasının nəzərə alınmaması.
 
İndeksasiya siyasətinin aparılmaması. Neftin dünya bazarında qiymətlərinin aşağı düşməsi fonunda ölkədə süni bahalaşma, zəruri qida məhsullarının qiymətinin əhalinin sosial vəziyyətinə uyğun olmayan qaydada artmasına baxmayaraq, indeksasiya siyasətini aparılmaması onsuz da ağır şəraitdə yaşayan vətəndaşların vəziyyətini daha da çətinləşdirir.
 
Korrupsiya və rüşvətxorluq. Ölkədə hökm sürən korrupsiya və rüşvətxorluq, dövləti içdən sarsıdan bu neqativlərə qarşı ardıcıl, effektli mübarizənin aparılmaması ayrı-ayrı oliqarxların güclənməsinə, geniş əhali kütləsinin müflisləşməsinə səbəb olur və iqtisadiyyatın effektli idarə edilməsinə və antiböhran tədbirlərin görülməsinə imkan vermir”.