ADP-dən Avropa İttifaqına etiraz

Partiya qurumun Türkiyə ilə bağlı bəyanatını pislədi
 

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. “Hürriyyət” xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə mövzusu olub. Toplantı iştirakçıları ilk növbədə Avropa İttifaqının qardaş Türkiyəni qoyulan tələbləri yerinə yetirmədiyi halda adı çəkilən quruma daxil olmaqla bağlı danışıqları dayandıracağı barədə təhdid dolu bəyanatlarına münasibət bildirib. ADP bu bəyanatların əsassız və qərəzli olduğunu qeyd edib. İdarə Heyəti ikili standartlara, xristian təssübkeşliyini köklənən bu qərarı qətiyyətlə pisləyib və strateji müttəfiqimiz olan Türkiyəyə qarşı bu cür qərarın qəbul edilməsinin Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri şübhə altına salacağını diqqətə çatdırıb.
 
Demokratlar ABŞ-da keçirilən seçkilərin bir neçə ştatda düzgün aparılmaması səbəbi ilə səslərin təkrar sayılması ilə bağlı məsələnin gündəmə gəlməsinə münasibət bildirib. Partiya təkrar səsvermə keçirilməsindən asılı olmayaraq, Amerika xalqının seçiminə hörmətlə yanaşdığını ifadə edib.
 
ADP İdarə Heyəti Rusiyanın Ermənistan ərazisində “İskəndər” tipli raketlərin yerləşdirilməsi faktını qətiyyətlə pisləyib və bu addımı işğalçı bir ölkəni dəstəkləmək, güc balansını onun xeyrinə dəyişmək kimi dəyərləndirib. Partiya bu cür hərəkətlərin Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü barış missiyasına zidd olduğunu bildirib və Azərbaycan hakimiyyətini bu hərbi birləşməyə qarşı alternativ addımlar atmağa çağırıb.
 

İdarə Heyəti ölkədə sosial-iqtisadi böhranın getdikcə gərginləşməsi faktından bir daha narahat olduğunu bildirib və hakimiyyəti qiymətlərin artımı, işsizliyin sürətlənməsi, manatın məzənnədən düşməsi ilə müşayət olunan sosial böhranın aradan qaldırılması üçün təcili addımlar atmağa, cərimələrin, rüsumların minimuma endirilməsi, aztəminatlı ailələrə dövlət qayğısının artırılması, kəskin bahalaşmaya uyğun olaraq indeksasiya siyasəti tətbiq etməyə çağırıb.
 

Demokrat Partiyası İran İslam Respublikasında baş verən qəza nəticəsində çox sayda insanın həlak olmasından narahat olduğunu bildirib və adı çəkilən ölkənin Azərbaycandakı səfirliyinə dərin hüznlə başsağlığı ünvanlayıb.