"ADP ciddi bir siyasi niyyət ətrafında birləşməyə hazırdır"

"ADP ciddi bir siyasi niyyət ətrafında birləşməyə hazırdır"Həsrət Rüstəmov: “Bu ilin sonlarına qədər "taym-aut" götürmək fikrimiz var”
 
Son günlər müxalifət düşərgəsində birləşmək haqda müzakirələr gedir. Belə ki, ölkənin aparıcı müxalifət partiyalarının sədrləri böyük koalisiyanın yaradılması barədə düşünürlər. Hətta bu koalisiyanın yaradılması istiqamətində hazırlıqlara start verildiyi də deyilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Demokrat Partiyası (ADP) müxalifətin "Antiböhran koalisiyası"ndan çıxdığını bəyan edərək, yaradılması planlaşdırılan böyük koalisiyanın tərkibində yer almaq istədini açıqladı. Maraqlıdır ki, müxalifləri qəfildən bir düşərgədə birləşməyə sövq edən nədir? İyunun 9-dan etibarən Milli Məclisin sabiq sədri Rəsul Quliyevin adının İnterpolun axtarış sistemindən çıxarılması və keçmiş səhiyyə naziri Əli İnsanovun bu ilin oktyabrında həbs müddətinin bitməsi bu məsələdə hər hansı rol oynayırmı?
Bununla bağlı Hurriyyet.org-a açıqlama verən ADP sədrinin 1-ci müavini Həsrət Rüstəmov bildirdi ki, bu informasiyalr kiminsə beyninin təxəyyülüdür: "Belə bir niyyət və hansısa siyasi bir faəliyyət yoxdur. Amma prinsipcə bu mümkündür. Çünki Azərbaycan Demokrat Partiyasının ən müxtəlif qruplarla çox uğurlu koalisiya qurmaq təcrübəsi var. Başqa heç bir partiyada bu yoxdur. ADP hər zaman ciddi bir siyasi niyyət ətrafında birləşməyə hazırdı. Bu günə kimi lazım olan bütün güzəştləri etmişik və bundan sonra da etməyə hazırıq".
Həsrət Rüstəmovun sözlərinə görə, hazırda müxalifətin böyük koalisiyasının yaradılması istiqamətində hər hansı bir siyasi partiya ilə danışıqlar aparılmır: "Bu gün bizim qarşımızda duran əsas məsələ, ölkədəki siyasi vəziyyəti bir daha təhlil etmək və partiyanın fəaliyyətini aktivləşdirməkdir. Belə ki, partiyanın keçirdiyi sonunucu qurultaydan xeyli vaxt keçib. Bu ilin sonlarına qədər "taym-aut" götürmək fikrimiz var. Bu müddət ərzində biz kiminlə əməkdaşlıq edəcəyimizi də müəyyən edəcəyik".​