ADP BMT-NİN QÜDSLƏ BAĞLI QƏTNAMƏSİNİ ƏDALƏTLİ QƏRAR KİMİ DƏYƏRLƏNDİRDİ

Baxış sayı: 
167

ADP BMT-NİN QÜDSLƏ BAĞLI QƏTNAMƏSİNİ DÜNYANI XAOSDAN VƏ QANLI TOQQUŞMALARDAN SIĞORTALAYAN ƏDALƏTLİ QƏRAR KİMİ DƏYƏRLƏNDİRDİ
 
Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Toplantıda ötən həftə ərzində dünyada və ölkədə baş verən bir sıra mühüm məsələlər müzakirə olunub. Toplantı iştirakçıları ilk növbədə ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımaq qərarının əksinə olaraq ötən həftə BMT Baş Assambleyasında qəbul edilən qətnamə ətrafında müzakirələr aparıb. Müzakirələrdə qeyd edilib ki, BMT-nin qəbul etdiyi məlum qətnamə ədalətli qərar kimi dünyanı xaosdan və qanlı toqquşmalardan sığortaladı. Eyni zamanda bu qətnamənin dünyanın birqütblü olmasının artıq sona çatmasının əlaməti, islam ölkələrinin vahid bir mövqedən iştirak etməsinin effektiv nəticəsi, demokratiyanın əsas elementlərindən olan hüququn üstünlüyü prinsipinin əsas götürülməsi kimi dəyərləndirilib. İdarə Heyəti bu qərarın presedent hüququ kimi dünyada anoloji münaqişələrə tətbiq edilməsinin vacibliyini də qeyd edib.
 
 
İdarə Heyəti son günlər Rusiyadan Gürcüstan ərazisi vasitəsi ilə Ermənistana yükdaşımalarla bağlı əldə olunan razılaşma ilə bağlı da müzakirə aparıb. Müzakirələr zamanı qeyd edilib ki, Gürcüstanla Ermənistan arasında olan bu razılaşma beynəlxalq hüquq normalarına görə birbaşa və dolayısı yolla üçüncü dövlətin əleyhinə olmamalıdır. Bu prinsipə zidd olaraq Ermənistanla Gürcüstan arasında bağlanan müqavilələr Azərbaycan ərazilərinin işğal olunmasına və Ermənistanın blokadadan çıxmasıyla hərbi-iqtisadi cəhətdən güclənməsinə gətirib çıxarmamalıdır. Əks halda, bu Azərbaycanın maraqlarına ziddir. Bu baxımdan Ermənistanla əməkdaşlıq məsələsində Gürcüstan Azərbaycanın strateji müttəfiqi və GUAM üzvü kimi Azərbaycan dövlətinin maraqlarını nəzərə almalıdır. İdarə Heyəti Azərbaycanın narahatçılıqlarını nəzərə almaqla, Gürcüstan ərazisi vasitəsi ilə Rusiyadan Ermənistana daşınacaq yüklərdə şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə birgə komissiyanın yaradılmasının vacibliyini qeyd edib.
 
 
İdarə Heyəti Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ilin yanvarın 1-dən minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumlarının artırılmasını tənqid edib. İdarə Heyəti bir daha, dövlət büdcəsinin vətəndaşlara fiksal təzyiq hesabına doldurmasının yolverilməz olduğunu bildirib. Eyni zamanda bildirilib ki, nəzərdə tutulan gömrük rüsumlarının artırılması vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsinə, bazarda bahaçılığa və nəticə etibarilə milli valyutanın dəyərdən düşməsinə gətirib çıxaracaq.
 
 
İdarə Heyəti ötən həftə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının qeyri-qanuni olaraq saxlanılması və barəsində inzibati qaydada cərimə tətbiq edilməsini qətiyyətlə pisləyib, baş vermiş hadisəni ölkədə söz və mətbuat azadlığına qarşı aparılan repressiv siyasətin tərkib hissəsi kimi dəyərləndirib. İdarə Heyəti dövlət orqanlarını bir daha azad sözə münasibətdə dözümlü olmağa və cəmiyyətdə indiki gərginlik şəraitində inzibati təzyiqlərdən imtina etməyə çağırıb.
 
 
İdarə Heyəti son zamanlar ölkədə bir çox strateji obyektlərin özəlləşdirilməsi ilə bağlı aparılan qeyri-şəffaf hərraclara da münasibət bildirib. İdarə Heyəti hesab edib ki, strateji əhəmiyyət daşıyan obyektlərin dövlət təhlükəsizliyi baxımdan özəlləşdirilməsi yolverilməzdir və Azərbaycan hakimiyyətini də dövlətçilik maraqları baxımdan strateji əhəmiyyətə malik obyektləri milliləşdirməyə çağırıb.

Загрузка...
Загрузка...