"Adini “Çay evi” qoyub içində min hoqqadan çıxırlar" - Deputatdan sərt təpki

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkəni başına götürmüş çay evlərində baş verən neqativ hallardan danışıb.
 Teleqraf.com-un xəbərinə görə, BAXCP sədri bununla bağlı vaxtında tədbir görülməsinin vacibliyini bildirib:
 "Biz qanun qəbul etmişik ki, orta məktəblərin yaxınlığında spirtli içkilərin və tütün məmulatlarının satılması qadağandır. Gedin baxın, orta məktəblərin ətrafında görün hansı acınacaqlı mənzərədir? Elə mənim övladlarım oxuyan məktəbin ətrafında 3 çay evi var, amma adı çay evidir, içəridə spirtli içki də satılır, siqaret də, sulu qəlyan da. 13-14 yaşında uşaqlar məktəbələri əhatəyə almış qəlyan evlərinə bu yolla cəlb olunur. Hesab edirəm ki, ümumiyyətlə, Azərbaycanda qəlyan evləri qadağan olunmalıdır və qanunları pozanlar sərt şəkildə cəzalandırılmalıdır”.
 BAXCP sədri mətbuatı bu problemin üzərinə getməyə çağırıb: “Azərbaycan dünyada ən çox spirtli içki
içilən və ən çox siqaret çəkilən ölkələr sırasındadır. Təhsil Nazirliyi də bu istiqamətdə tədbirlər görməlidir. İqtisadiyyat və Sənaye Nazirliyi ümumiyyətlə, bu sahəyə nəzarəti həyata keçirmir. “Çay evi”ndə pivə satmaq olar? Qanunla qadağandır, amma satılır. “Çay evi”ndə necə qəlyan satıla bilər? Qanunla qadağan olsa da, kimsə qanuna məhəl qoymur. Adini “Çay evi” qoyub içində min hoqqadan çıxırlar. Ona görə də hesab edirəm ki, müvafiq qurumlar bu məsələyə bir əncam çəkməlidirlər. Gələcək nəsil sağlam olmalıdır ki, sonra onun təhsilinin qayğısına qalasan. Xəstə insan heç istəsə belə yaxşı təhsil də ala bilməz”.
 Qüdrət Həsənquliyev müvafiq icra strukturlarının “Çay evi” adlanan məkanlarda baş verənlərlə bağlı tədbir görmədiklərini və bunun anlaşılmaz olduğunu bildirib. Onun qənaətinə görə, ictimaiyyətin özü də bu məsələnin üstünə getməli, valideyinlər həyəcan təbili çalmalıdırlar: “Küçələrə baxın, məktəb yaşlı uşaqların az qala hamısının əlində siqaret, əksəriyyəti sulu qəlyan təklif edən "Çay evləri"nin müştəriləridir. Orada spirtli içkilər də qəbul edirlər və belə qənaətə gəlmək mümkündür ki, kimlərsə bilərəkdən gənc nəslin tərbiyəsini korlamaqla millətimizin axırına çıxmaq istəyir. Qanundakı boşluqlar və qüvvədə olan mövcud qanunların işləməməsi bu cür acınacaqlı mənzərənin yaranmasına səbəb olur. Sizə bir misal gətirim: Qardaşım deyir ki, övladı ilə birlikdə xaricə gedibmiş, bir yerdə oturublar və oğlunu göndərib ki, durub onun üçün pivə alsın. Amma satıcı qardaşımın yerdən işarə edərək özü üçün istədiyini bildirməsinə baxmayaraq, pivəni verməyib ki, qanun azyaşlının əlinə pivə şüşəsinin dəyməsini belə qadağan edir. Ona görə də pivə içirsənsə, özün sifariş etməlisən. Qanun bu cür olmalıdır. Amma bizdə bu sahədə vəziyyət necədir? Lap 5 yaşındakı uşaq da gedib nəinki siqaret, hətta bir neçə şüşə spirtli içki də ala bilər. Ona görə həm cəmiyyət, həm əlaqədar dövlət orqanları çəkinmədən bu problemin üstünə getməlidir. Sonra gec olacaq”.