Addım-addım müharibə səsləri: Səudiyyə sürətlə silahlanır, İranla toqquşma baş verəcəkmi?

Səudiyyə Ərəbistanı Yaxın Şərq ölkələri arasında silahlanma yarışına liderlik edir. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ər-Riyad silahı ən çox ABŞ və Avropa ölkələrindən alır.
 
Bu ilin mayında ABŞ-la 110 milyard dollarlıq anlaşma imzalayan Səudiyyə, İngiltərə ilə hərbi ticarətin miqyasını 5, Almaniya ilə 3,5 dəfə artırıb.
 
Bununla da Səudiyyə Ərəbistanı regionda ən çox hərbi büdcəyə malik ölkəyə çevrilib.
Bölgədə silahlanma yarışı iki ölkə - İran və Səudiyyə arasında daha sürətlənib.
 
Səudiyyənin silahlanması kral Salman bin-Əbdüləzizin vəliəhd Məhəmməd bin-Salmanı səhnəyə çıxarmasından sonra daha da intensivləşib.
 
Ər-Riyadın bu istiqamətdə davranışının bölgə ölkələri - xüsusilə İran tərəfindən təhlükə kimi qarşılandığı vurğulanır. İsrailin Suriya ərazisinə zərbələr endirməsi, İrandan başqa Livanı da hədələməyə başlaması və Yəməndə baş verənlər regionda müharibə təhlükəsini artırır.
 
Almaniyanın "Süddeutsche Zeitung" isə Səudiyyənin qonşu ölkələrə qarşı strategiyasını təməldən dəyişmə siyasətinə start verdiyini yazıb. Hədəfdə ilk ölkənin Yəmən olduğunu vurğulayan qəzet əsas məqsədin Yəmən husilərinə silah çatdırılmasının qarşısının alınması olduğunu vurğulayır.
 
Ən maraqlı məqamlardan biri isə Yəməni bombalamağa başladıqdan sonra Ər-Riyadın İngiltərədən silah almağa çox üstünlük verməsidir. Səudiyyə hərbi aviasiyasının Yəmənə atdığı bombalar məhz Britaniya istehsalıdır.
 
ABŞ Senatının üzvü Rand Paul isə Səudiyyənin sürətlənmə silahlanmasının İsrail və İran arasında da müharibə təhlükəsini artırdığını deyir. Senator adı çəkilən ölkələrin düşmən mövqedə olduğundan Ər-Riyadla paralel olaraq hərbi büdcələrini artırdığını və silahlanmaya daha çox üstünlük verdiyini iddia edir.
 
"The Financial Times"da yer alan bir məqalədə isə ABŞ prezidenti Donald Trampın Ər-Riyada açıq mesajla "daha çox Amerikan silahı al, ABŞ-a yatırılan sərmayələri artır, radikal İslam dəyərləri ilə vidalaş, sizə istər İranla mücadilədə, istər Yəmənlə müharibədə, istər Qətərə qarşı siyasətinizdə qarşılıqsız dəstək verək" təklif etdiyi yazılıb.

Загрузка...
Загрузка...