“İŞ ADAMI ŞƏRLƏNƏRƏK HƏBS OLUNUB…” – Ailəsi və vəkili Prezidentə müraciət etdi + FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində bir neçə ay əvvəl “Xaliq Faiq oğlu” MMC-nin rəhbəri Seyidov Faiq Sadiq oğlu ilə aralarında yaranan mübahisə zəminində həbs olunan sahibkar Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov, qardaşı Əlifağa Xanməmmədov, həyat yoldaşı Əsmər Fətullayeva, oğlu Tural Xanməmmədov və qardaşı oğlu Cavid Xanməmmədovun birgə mətbuat konfransı olub.
A.Xanməmmədovun vəkili C.Yusifov bildirib ki, mətbuat konfransının məqsədi ictimaiyyətə, dövlət orqanlarına, media qurumlarına və bu məsələ ilə əlaqədar səhv təsəvvürü olan bütün şəxslərə müdafiə etdiyi şəxsin başına gələn faciənin tam təfərrüatı, dəqiqliyini, sübutlarını və səbəblərini təqdim etməkdir: “İlk öncə Cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya azad sahibkarlığın inkişafı üçün yaratdıqları şəraitə görə öz təşəkkürümüzü bildiririk. Cənab Prezident və birinci vitse-prezident hər zaman öz humanistlikləri ilə seçiliblər və bütün məsələlərə düzgün və ədalətli qiymət veriblər
Bugünkü mətbuat konfransını keçirilməsinin məqsədi ictimaiyyətə, dövlət orqanlarına, mesia qurumlarına və bu məsələ ilə əlaqədar səhv təsəvvürü yaranan bütün şəxslərə başımıza gələn faciənin tam təfərrüatını, dəqiqliyini təqdim etməkdir.”

Daha sonra vəkil həbs olunan iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlu barəsində qısa məlumat verdi : “Azadxan müəllim Azərbaycanın qanuni şəkildə öz biliyi və savadı ilə uğurlar əldə edən sahibkarlarından biridir. O, hər zaman sahibkar olaraq, sadə insanlara əl tutur. Hətta doğulduğu yer, Sabirabadda əhali üçün öz hesabına məscid tikdirmişdir. Bu şəxs hər hansı məsələ ilə kömək istəyən şəxsə hər zaman əl uzatmışdır. Bəlkə də buna görə o bir çox sahələrdə uğurlar qazanmışdır. Özünə dayaq olaraq isə hər zaman cənab Prezidenti və onun sahibkarlığın inkişafı üçün qəbul etdiyi qərarları görmüşdür“.

“Faiq Seyidov tərəfindən şərlənərək əsassız yerə həbs edilib”

faiq_xaliqoglu

A.Xanməmmədovun daim qanunlara əməl etdiyini bildirən C.Yusifov müdafiə etdiyi şəxsin “Xaliq Faiq oğlu” MMC-nin rəhbəri F.Seyidov tərəfindən şərlənərək əsassız yerə həbs edildiyini vurğuladı: “A.Xanməmmədovun əsas məqsədi xüsusi mülkiyyətində olan 2100 kv.m. sahənin F.Seyidov tərəfindən ələ keçirilməsinin qarşısını almaq olub. Belə ki, F.Seyidov mülkiyyətimizdə olan əmlakdan 5 ildən çoxdur ki, qanunsuz olaraq istifadə edir və bunun müqabilində icarə haqqının ödənilməsindən belə boyun qaçırır. Xahişlərimizə, özünə və müvafiq orqanlara etdiyimiz müraciətlərə baxmayaraq, F.Seyidov tələblərimizə məhəl qoymur və ondan şikayət etməmək üçün ailəmizi hədələyir, müxtəlif yollarla təzyiq göstərir”.

Vəkilin sözlərinə görə,  A.Xanməmmədov F.Seyidov tərəfindən zəbt edilmiş 4 əmlakının boşaldılması barədə məhkəməyə və özünə müraciət edib: “Faiq Seyidov qeyd olunan məsələdən xəbər tutduqdan sonra həmin əmlakların yerləşdiyi binada təxribat törədəcəyini və ailəmizi hədələyərək hamımızı zindanlarda çürüdəcəyini bildirmişdir. Azadxan müəllim isə əmlakların onun adına olmasından, həmin əmlakların yararsız hala düşməsindən, habelə binada təxribat törədiləcəyindən və bu təxribat nəticəsində sadə insanların zərər çəkməməsindən ehtiyat edərək obyektləri qorumaq məqsədilə qanunauyğun şəkildə Riyad Mühafizə Xidməti ilə yalnız obyektin mühafizə olunması məqsədilə qanuni şəkildə müqavilə bağlamışdır. Bir daha qeyd edirik, müqavilə tam əsaslı və qanuni şəkildə bağlanıb və qanunvericiliyin bütün tələblərin müqavilənin bağlanması zamanı təmin edilib. Mühafizə Xidməti ərazinin mühafizəsini həyata keçirilməyə başlayan zaman Faiq Seyidov və onun tərəfdaşları tərəfindən Mühafizə Xidmətinin işçilərinə qarşı əvvəlcədən planlaşdırılmış provokasiya xarakterli hərəkətlərə yol verilərək məqsədli şəkildə münaqişə yaradılmış və nəticədə onlar hadisədə heç bir iştirakı olmayan Azadxan müəllimi şərləyərək həbs etdirməklə niyyətlərinə nail olmuşdurlar. Faiq Seyidov öz niyyətinə çatdıqdan sonra sifarişlə hadisədə heç bir iştirakı olmayan  Azadxan müəllim barəsində cinayət işi qaldırmış və 3 ay müddətində həbs qətimkan tədbiri verdirmişdir. Heç bir təqsiri olmayan şəxs barəsində cinayət işinin başlanmasında əsas məqsəd isə əmlakımızı əlimizdən almaqdan ibarətdir. Yəni hər hansı ödəniş etmədən, qanuni şəkildə müqavilə bağlamadan, yalnız şər və böhtan xarakterli hərəkətlər edərək böyük məbləğli obyektləri təzyiq göstərərək öz əlinə keçirib, varlanmaqdır. Bizdə və fikrimizcə Sizdə də bu şəxsin kimlərə arxalanaraq bu cür qanunsuzluqlara yol verdiyi və heç kimdən və heç nədən çəkinməyərək açıq-aşkarına əmlakımızı adına keçirtməkdən ötrü halal əziyyəti ilə qazanmış əmlakın sahibini şərləyərək həbs edilməsinə nail olması, qanunların aliliyinə məhəl qoymaması böyük sual doğurur və həmin şəxslərin aşkarlanmasına zərurət yaradır.

“Azadxan müəllim ümumiyyətlə baş vermiş hadisənin iştirakçısı olmayıb

IMG_20170718_141351

Vəkil hazırda işlə bağlı istintaq getdiyini,  qanunlarına arxalandıqlarını bildirib: “Biz hər zamankı kimi, Azərbaycan Respublikasının qanunlarına arxalanmışıq və əminik ki, istintaq tam qanuni və qərəzsiz şəkildə gedəcək. Biz düzgünlüyümüzə əminik, çünki Azadxan müəllim ümumiyyətlə baş vermiş hadisənin iştirakçısı olmamış, xuliqanlıq etməmiş, sadəcə əmlakının mühafizəsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlamışdır. Məgər xüsusi mülkiyyətində olan əmlakın mühafizəsi üçün müqavilə bağlamaq cinayətdirmi?! Bütün bunlar onu göstərir ki, bizim təqsirimizin olmaması sübut olunacaq.”.

Vəkil həmçinin məsələ ilə bağlı Riyad Mühafizə Xidmətinin verdiyi rəsmi açııqlamanı medianın diqətinə  çatdırdı “Baş verən hadisədə zərərkən sahibkarlar yanaşı, “Riyad” Mühafizə Xidmətinin əməkdaşları da var. Hücuma məruz qalan, təhqir olunan məhz mühafizəçilərimizdir. Çünki mühafizəçilər obyektə zərər dəyməsin və mülk sahibinin icazəsi olmadan onun mülkiyyətinə daxil olmaması məqsədiylə girişdə durmuşdular. Qarşı tərəf mühafizəçilərdən olan səddi keçə bilməyəcəyini bilərək, təxribata əl atıb və soyuq silahlardan istifadə edərək ilk hücum edən olublar. Mühafizəçilər də ancaq müdafiə xarakterli cavab veriblər. Birmənalı olaraq mühafizəçilər tərəfindən hadisə yerində olan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına qarşı güc tətbiq olunmayıb.”

Vəkil əlavə edib ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlamasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb: “Yuxarıda qeyd olunanlar bir daha Xanməmmədov Azadxan Allahqulu oğlunun niyyətinin obyektin girişində münaqişə yaratmaq deyil, sadəcə hazırlanacaq təxribatların qarşısını almaq və mühafizənin hansı formada təşkil edilməsi barədə Mühafizə xidmətinin əməkdaşlarına məlumat verməkdən ibarət olmuşdur. Həmçinin, bildirirəm ki, qarşı tərəfin mediyaya təqdim etdiyi video görüntülərdə Xanməmmədov Azadxan Allahqulu oğlunun baş vermiş münaqişədə iştirakı öz təsdiqini tapmamış və çoxsaylı müraciətlərə baxmayaraq həmin video görüntülərin tam şəkildə təqdim edilməsi təmin edilməmişdir. Həmin video görüntülərin tam şəkildə təqdim edildiyi halda Xanməmmədov Azadxan Allahqulu oğlunun qeyd olunan münaqişədə ümumiyyətlə günahının olmadığını sübut edəcəyi səbəbindən qarşı tərəf qeyd olunan video görüntüləri bu günədək mediyaya təqdim etməmiş və bununla da, mediyada və ictimaiətdə yalnış fikir formalaşdıraraq istintaqın gedişatına dolayısı yolla təsir göstərmişdir. Həmin görüntüləri tam əldə etdikdən sonra Azadxan müəllimin həmin münaqişədə iştirakının olmamasına, Azadxan müəllim tərəfindən münaqişənin yaranması üçün hər hansı hərəkətlərin atılmamasına, buna şəraitin yaradılmamasına bir daha əmin ola bilərsiniz.”.

C.Yusifov bildirib ki, müdafiə etdiyi şəxs həbs edildikdən sonra F.Seyidov əmlakın ona verilməyəcəyi təqdirdə A.Xanməmmədovun daha ağır maddələr ilə ittiham olunacağı ilə hədələyir: “Halbuki, cinayət hüququnda və məhkəmə praktikasında ümumiyyətlə CM-nin 221.2.1-ci maddəsi ilə həbs qətimkan tədbirinin seçilməsi yalnız və yalnız müstəsna hallarda nəzərdə tutulmuşdur. Hətta cənab Prezident İlham Əliyevin cəza siyasətinin hümanistləşdirilməsi ilə bağlı imzaladığı son sərəncamında belə bu tipli işlərə həbs qətimkan tədbirinin seçilməməsi öz əksini tapmışdır. Buna baxmayaraq, A.Xanməmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Apelyasiya şikayəti verməmizə baxmayaraq, qərar dəyişdirilmədən saxlanılmışdır. Bu isə qanunvericiliyin tələblərinin pozulması cinayət hüququnda nəzərdə tutulmuş humanistlik prinsipinin nəzərə alınmamasıdır”.

Bu dəqiqə Azadxan müəllimin vəziyyəti kritikdir “

IMG_20170718_114056Mətbuat konfransında iştirak edən sahibkarın ailə üzvləri A.Xanməmmədovun ağır ürək xəstəsi olduğunu bildiriblər. Azadxan Xanməmmədovun  həyat yoldaşı Əsmər Fətullayeva bildirib ki, bu barədə Birinci Vitse- prezident Mehruban xanım Əliyevaya da müraciət edib(müraciət saytımızda yayımlanıb). O, səhətilə əlaqədar həbsxanada həyat yoldaşının həyatının təhlükədə olduğunu vurğulayıb: “Onun gündəlik həyat tərzi ağır şəkildə stasionar müailəcədə keçir. O bir neçə dəfə əməliyyat keçirib. Bugün də o gərək gündəlik olaraq həkim nəzarəti altında olsun və gündəlik öz lazımi dərmanlarını qəbul etsin, əks halda bu onun sağlamlığını daha ağır duruma salacaq. Adamın ürəyinə stend qoyulub, digər ürək damarları da 50 % nisbətində çalışır. İndi isə 2 aya yaxın müddətdir ki, nə həkim nəzarəti var, nə də ki dərmanlarını qəbul edir. Hətta Apellyasiya məhkəməsində hakimlər və digər iştirakçılar da ona şahid oldular ki, Azadxan müəllim ürəyinin ağrısı möhkəm tutduğuna görə o yerindəcə şok keçirdi. Əgər Azadxan müəllimin başına sağlamlığı ilə əlaqədar hər hadisə gəldikdə, buna kim cavabdeh olacaq? Bunun məsuliyyətini kim daşıyacaq? Bu dəqiqə Azadxan müəllimin vəziyyəti kritikdir. “

Sonda A.Xanməmmədovun ailə üzvləri Prezident İlham Əliyevə müraciət edərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş ediblər: “Başqa əlacımız yoxdur. Son ümüdümüz yalnız başda cənab Prezident İlham Əliyev olmaqla, ölkə rəhbərliyinə və Sizədir hörmətli media nümayəndələri. Bir daha qeyd edirik biz qanunu sevən və hər zaman onu icra edən insanlarıq. Bizim xahişimiz ondan ibarətdir ki, kritik ürək xəstəliyi olan Xanməmmədov Azadxan müəllimin hazırda həbs qətimkan tədbiri ev dustlaqlığına dəyişdirilsin və istintaq tam qanuni şəkildə düzgün aparılsın. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk və Sizə çox inanırıq”.

Xanalı Eynullayev
AzPolitika.info

IMG_20170718_113918

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









Загрузка...
Загрузка...