İş adamı nazirə fırıldaqdan yazdı - Müraciət

İş adamı Sadiq Mustafayev azad.media vasitəsi ilə başına gələn haqsızlıqla növbəti dəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.
İş adamı bundan əvvəlki müraciətində bildirirdi ki, Əli Məlikov adlı şəxs tərəfindən aldadılıb:
"Mən iş adamıyam, Əli Məlikov bunu bilib münasibətimizdən istifadə edərək 2012-ci ilin aprelində 600 min dollar almış, bu günə qədər də tam qaytarmamışdır. Pulumu tələb etdikdə yaxın və nüfuzlu qohumları da bu məsələyə qatılmış, mübahisəmiz daha da dərinləşmişdir. Həmin qohumlarından biri də qaynatası cənab Sahib Qarayevdir.
O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi ”Azkommunlayihə” Kommunal Layihələndirmə Institutunda direktor vəzifəsində işləyir. Əli Məlikovdan şikayət edəndə Sahib Qarayev qızının və nəvələrinin xətrinə bu işdə mənə köməklik edəcəyini və məsələ ilə maraqlanacağını bildirmişdir. Onun təşəbbüsü ilə görüşdük, kürəkəninin borcu barədə ətraflı bildirdim. Borcun cüzi bir hissəsi mənə qaytarıldı. Demə, bunlar oyun imiş.
Sahib Qarayev mənə işləmək, borcun əvəzini işlə çıxmaq üçün şərait yaradacağını vəd etdi. Inandırmaq üçün görəcək işin eskiz-layihəsini verdi, konkret iş yerləri göstərdi. Görüləcək işləri borcun bir hissəsi kimi hesablayaraq, qalan borcun 100 min dollar olması barədə öz aramızda qəbz aldı. "Mən Hacıyam” deyib aldığı qəbzi sonradan istintaq orqanlarına sübut kimi təqdim edərək kürəkəninin borcunu 600 min dollar deyil, 100 min dollar olduğunu sübut etməyə çalışdı”.
Sadiq Mustafayev növbəti müraciətində nazirdən xahiş edir ki, bu məsələni diqqətə alsın. İş adamı deyir ki, Sahib Qarayev onu faktiki olaraq müflis edib: "Cənab nazir, ümid yerim sizsiniz. Sizdən artıq dərəcədə xahiş edirəm ki, məni qəbul edib dərdimi dinləyəsiniz və pulumun qaytarılmasına kömək edəsiniz”.