​Ad günündə gəncin dalınca 3 nəfər düşdü... – FİLM KİMİ OLAY

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və oğurluqda  təqsirli bilinən 1996-cı il təvəllüdlü Babək Atamalıyev, Hüseynağa Ağayev və Musa Camalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu il martın 22-də gecə saat 1 radələrində baş verib.
 
27 yaşlı Namiq Məmmədovun Sumqayıt şəhəri, 13-cü mikrorayonda üzərində zorakılıq xəsarətləri olan meyiti aşkar edilib. Fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
İstintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Babək Atamalıyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, Namiq Məmmədov doğulduğu gün qətlə yetirilib.
 
Hadisə şahidləri bildirib ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxanda ona 3 nəfər yaxınlaşıb və siqaret istəyiblər. Namiq Məmmədovun onlara siqaret vermək istəməməsi mübahisə doğurub. Beləliklə, mərhumu təqib edən sərxoşlar həyətə girənə qədər onu söyüb təhqir ediblər. Təhqirlərdən bezən Namiq həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb.
 
Siqaret arzusunda olan şəxslərdən biri -1996-cı il təvəllüdlü Babək Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq Namiqi vurub və qaçıb. Qonşular qatilin arxasıyca düşsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib.
 
Qonşulardan biri mərhumun ailəsinə xəbər verməyə, biri taksi axtarmağa, digəri isə təcili tibbi yardıma zəng edib. Namiq aldığı ağır bıçaq zərbəsindən bir neçə dəqiqə sonra anasının qucağında keçinib.
 
Namiqi öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar.
 
Bildirilir ki, qatil “ölüm işi hara, dükan yarmaq hara? 1-2 il yatıb çıxarıq” düşüncəsiylə bu yola əl atıb.
 
Polis bölməsinə oğurluq ittihamı ilə aparılan həmin şəxslər qətlə şahidlik etmiş 4 qonşu tərəfindən tanınıblar. Şahidlik üçün bölməyə dəvət olunan qonşular təsadüfən qatili görərək onun oğurluq üstündə tutulduğunu eşidiblər.
 
Qonşular həmin şəxsin əslində Namiqin qatili olduğunu bildiriblər və Babək Atamalıyev sorğu-sualdan sonra hər şeyi boynuna alıb.
 
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.
 
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Babək Atamslıyevin 20 il,  Hüseyağa Ağayev və Musa Camalovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses noyabrın 8-də davam edəcək.