​Acunun “O Səs Türkiyə”yə dəvət etdiyi müğənni Aybəniz Haşımovanın qızından nələr dedi? - FOTO/MÜSAHİBƏ

 
“O Səs Türkiyə” musiqi yarışmasında iştirak etmək üçün ikinci dəfə dəvət alan Ozan Əhmədov verilişlə bağlı fikirlərini bizimlə bölüşüb.
Publika.az xəbər verir ki, O.Əhmədov müsabiqəyə şəxsən Acun Ilıcalının təklifi ilə dəvət aldığını deyib. Gənc müğənni ötənilki mövsümdə müsabiqədən uzaqlaşdırılan azərbaycanlı iştirakçıların mətbuata verdiyi qalmaqallı açıqlamalarına da aydınlıq gətirib.
"Günahını başqalarında deyil, özündə axtarmalısan"
- Acun bəy sizi yarışmaya növbəti dəfə dəvət edib. Onun diqqətini nə ilə çəkə bilmisiniz?
- Keçən il Hadisə xanımın komandasında çıxış etmişdim. Onda dueldə öz həmyerlimizə uzduzanda belə bir ifadə işlətmişdim: “Düşmənimiz olan erməniyə uduzsa idim, üzülərdim. Amma mən türk oğluna, öz qardaşımıza uduzdum. Odur ki, özümü məğlub saymıram”. Bəlkə də, çıxışımla birlikdə bu sözlərim Acun bəyə müsbət təsir edib.
Aynişan Quliyeva anası Aybəniz Haşımovanın tələbələri müsabiqənin növbəti mərhələsinə keçmədiyi üçün “O Səs Türkiyə” haqqında mənfi fikirlər bildirmişdi. Onun bu addımını düzgün hesab etmirəm. Əgər irəli getmək üçün güc tükənibsə, günahı başqalarında deyil, özündə axtarmalısan. Niyə bəyənilmədiyinin səbəblərini “O Səs Türkiyə” də axtarmaq olmaz. Mən onun fikirləri ilə qətiyyən razı deyiləm. Məsələ ondadır ki, sözügedən müsabiqədə iştirak etmək üçün güclü səs şərt deyil. Aydın məsələdir ki, “O Səs Türkiyə” musiqi şousudur. Odur ki, səhnə performansı da böyük rol oynayır. Layihə səslə bağlı olsa da, verilişin baxımlı olması üçün onun formatı iştirakçılardan şou tələb edir. Məsələn, reperlərin böyük aktava səsi olmur. Buna baxmayaraq, “O Səs Türkiyə”də reperlər səhnədə partlayış edə bilir.
Onu da qeyd edim ki, Azərbaycanda seçimlər olub-olmaması haqqında məlumatım yoxdur, Türkiyədə isə artıq qeydiyyat başlayıb. Lakin mənim qeydiyyatdan keçməyimə ehtiyac yoxdur, çünki yarışmaya Acun bəyin şəxsi dəvəti ilə çağırılmışam. Yarışma sentyabr-oktyabr aylarında başlayacaq.
"Aybəniz Haşımova kimi valideynim olsa, bir saatın içində populyar olardım"
- Aybəniz Haşımovanın fikirlərinizə sərt reaksiya verəcəyindən çəkinmirsiniz ki?
- Aybəniz xanıma böyük hörmətim var, axı mən heç kimi təhqir etmirəm, sadəcə yaradıcılıq baxımdan fikirlərimi bölüşürəm. Aybəniz xanımın tələbələri növbəti mərhələyə keçmədiyi üçün Aynişanın münsifləri ittiham etməsi düzgün deyildi. Mənim də Aybəniz Haşımova kimi valideynim olsa, bir saatın içində populyar olardım.
- Siz verilişə birinci dəfə gedəndə saydığınız kriteriyaları nəzərə almışdınız, yoxsa seçdiyiniz mahnı sizə uğur gətirdi?
- Mən “Səs Azərbaycan” mahnı müsabiqəsində də iştirak etmişəm, orda Mübariz Tağıyevin komandasında oxuyurdum. Mahnı seçimində həm Mübariz Tağıyevlə, həm də Vüqar Camalzadə ilə məsləhətləşmişdim.
- Bəzi azərbaycanlı iştirakçılar müsabiqə təşkilatçılarının onlarla soyuq rəftar etdiyini iddia etmişdi. Deyilənlər nə dərəcədə doğrudur?
- Azərbaycanda sənətçilər gənclərə dəstək göstərmək istəmir. “O Səs Türkiyə” isə mənə çox böyük dəstək oldu. Onlardan burda görmədiyim böyük sevgi və diqqəti gördüm. Ümumiyyətlə, sənətə gəlməyimdə Azərbaycanda mənə yardım edən yeganə insan aparıcı Zaur Baxşəliyevdir. Bu gün tanınıramsa, bunun yarısı mənim zəhmətimdir, yarısı da Zaurun köməyi sayəsində olub. Sağ olsun Zaur bu gün də mənə yardım edir.
Müsabiqə müddəti ərzində azərbaycanlı iştirakçılarla eyni hoteldə qalırdıq. Verilişin bütün komandası bizə böyük qayğı ilə yanaşırdı, ömrüm boyu elə diqqəti görməmişəm.
- İkinci dəfə “O Səs Türkiyə” də çıxış etməkdə məqsəd nədir?
- Keçən il verilişə ümumilikdə 9-10 nəfər qatılmışdıq, onların da bir neçəsi Aybəniz Haşımovanın tələbələri idi. Bildiyim qədəri ilə Acun bəy təkcə məni dəvət edib. Onun məni ikinci dəfə çağırması çox maraqlıdır, həm də qürur hissi keçirirəm.
"Hadisə mənə yaxınlaşıb üzüldüyünü dilə gətirdi"
- “O Səs” Türkiyə”nin münsiflərinin azərbaycanlı iştirakçılarin bizim mətbuata onlar haqqında verdiyi açıqlamalarından xəbəri var idi?
- Əlbəttə ki, var idi. Hətta Hadisə mənə yaxınlaşıb baş verənlərdən üzüldüyünü dilə gətirdi. Acun bəyin özü də, köməkçisi də bizim mətbuatda yazılanlardan məlumatlı idi, amma o, bu barədə susmağa üstünlük verdi.
- Münsiflərin dördü də sizə dönsə, onlardan hansını seçmək fikrindəsiniz?
- Bildiyiniz kimi keçən il Hadisə xanımın komandasında idim, ona böyük hörmətim var, amma bu dəfə onu seçməyəcəm. Qoy sirr qalsın.
- Niyə Hadisəni seçmək istəmirsiniz? Sizə uğur gətirmədiyini düşünürsünüz?
- Əksinə, onun qrupunda olmaq mənə şöhrət gətirdi. Yarışma sayəsində tanındım, işlərim çoxaldı, hətta özümə maşın da aldım.
- Toylarda oxuyursunuz?
- Bəli, toylarda, banketlərdə çıxış edirəm.
"2-3 saatı 10-15 manata oxuduğum günlər olub"
- Müsabiqə toy qiymətlərinə təsir etdi?
- Sözsüz. Əvvəllər tədbirlərim az olurdu, indi dəvətlər də, qiymətlər də artıb. “O Səs Türkiyə”dən əvvəl ailəmizin maddi vəziyyəti yaxşı deyildi, nənəmin pensiya pulu ilə dolanırdıq. Hətta pivəxanalarda 2-3 saatı 10-15 manata oxuduğum günlər olub. Atasız böyümüşəm, ailənin bütün yükü mənim çiyinlərimdə idi. Amma indi belə deyil, müğənnilikdən yaxşı pullar qazanmağa başlamışam.
- Musiqi təhsiliniz var?
- Anam musiqi müəlliməsidir, babam əməkdar artistdir. O, “Göygöl” ansamblında Aybəniz xanımın bacısı Şahnaz Haşımova ilə çıxış edib. Musiqiyə anam həvəsləndirib. Qazax rayonunda musiqi məktəbinin muğam şöbəsini bitirmişəm.
- İkinci dəfə münsifləri təəccübləndirmək çətin olmayacaq ki? Oxuyacağınız mahnını seçmisiniz?
- Çətin olacaq, amma özümə güvənirəm. Tacir Şahmalıoğlunun “İlahi, belə də gözəl olarmı?” mahnısını ifa edəcəyəm. Onun mahnılarını çox sevirəm. Mahnı bir qədər fərqli tərzdə olacaq. Əvvəlində muğam, ardında isə Haluk Leventin kompozisiyasını rok janrında oxuyacağam. Heç bir qorxum yoxdur, səhnəyə çıxdınsa, bütün qorxu və həyəcanı bir kənara atmalısan.
- Özünüzü inkişaf etdirmək üçün nə edirsiniz?
- Mahnıların çoxunun musiqisini özüm yazıram. Bəstəkarlardan tez-tez məsləhət alıram.
- Yarışmanın şərtlərinə görə, mükafatdan əlavə “O Səs Türkiyə”də hansı münsifin komandası qalib gəlsə, o iştirakçı üçün ya albom çıxartmalı, ya mahnı yazdırmalı, ya da klip çəkdirməlidir. Amma bu vaxta qədər münsiflərdən heç biri qalib gələn heç bir iştirakçı üçün bunları etməyib.
- Bu söhbətlərə qarışmaq istəmirəm. Müsabiqə ilə bağlı hər hansı irad bildirməyə haqqım olmadığını düşünürəm. Yalnız onu deyə bilərəm ki, bu müsabiqə çoxlarına böyük şöhrət və böyük imkanlar qazandırıb.
- Çingiz Mustafayevlə qohum olduğunuz doğrudur?
- Bəli, o, mənim dostum və qohumumdur. Uşaqlıqda birlikdə böyümüşük.
"Çingiz Mustafayevin yaradıcılığından bəhrələnirəm"
- Amma sizə dəstək olan insanlar arasında onun adını çəkmədiniz.
- Onun gözəl musiqi qrupu var. Onunla daim əlaqədə oluruq, Çingiz Mustafayevin yaradıcılığından bəhrələnirəm. Məni vaxtı ilə öz qrupunda çıxış etmək üçün dəvət edib, müəyyən problemlər olduğundan qrupa gələ bilmədim. Bundan əlavə onun qrupunda artıq yer yoxdur.
Aytən

Загрузка...
Загрузка...