"Aç qapını, gələk səni öldürək..."

"Hamıdan az danışan bir müəssisə rəhbəri olmalıdırsa o da müdafiə sənayesinin başçısı olmalıdır"
 
 
Bu günlərdə Milli Məclisdə Ordudan medianın nə yazıb yazmayacağı barədə müzakirələr aparıldı və Müdafiə Nazirliyinin nümayəndəsi, ümumiyyətlə ordudan az yazmağı məsləhət gördü, düşmənin bu yazılanlardan istifadə edə biləcəyini bildirdi. Bu müzakirələrdən və qəbul olunan qərardan sonra gözləmək olardı ki, həm jurnalistlər, həm də bu mövzuda yazan başqaları müəyyən məhdudiyyətlər tətbiq edərlər. Burda mükəmməl olmasa da həqiqət çalarları da var, çünki informasiya həm gizli, həm də açıq mənbələrdən toplanır, müqayisə və təhlil edilir, yenidən yoxlanılır və uyğun tədbirlər görülür. Düşmən də, kəşfiyyat da, diplomatlar da, marağı olan tərəflər də bu geniş yayılmış metoddan həmişə istifadə edirlər.
 
“Dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır”.
 
Bu, Azərbaycan Respublikasının "Dövlət sirri haqqında" qanunun birinci maddəsidir. Şablon bir ifadə var - indi internet əsridir. Əvvəllər sirr, məxfi hesab etdiyimiz çox məlumatlarla  internet doludur. Ordu və silahlarla bağlı  məlumatlar var ki, bəlkə də Rusiya, Amerika kimi dövlətlər üçün onu yaymaq sirr deyil, reklamdır, çünki hər iki dövlət silah satmaqla məşğuldur. 
 
Bu gün rəsmi dövlət agentliyi AzərTac-ın yaydığı və artıq Ermənistan mətbuatında da yayılmış bir informasiya məni təəccübləndirdi. “Hazırda İsrail şirkəti ilə birgə müəssisə yaratmışıq, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edirik. Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparırıq. Artıq “Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin bir sıra şirkətləri ilə və digər ölkələrin müvafiq qurumları ilə layihələr həyata keçirmək niyyətindəyik.”
 
Bu məlumatı müdafiə sənayesi naziri Yavər Camalov verib. Burda hər cümlə informasiyadır. Kəşfiyyata lazım olan informasiya.
Nazir davam edir: “bundan əlavə, düşmənin pilotsuz uçuş aparatlarının endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir. Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək. Kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlamışıq. Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq, özü müəyyənləşdirib özü də məhv edəcək. Digər tərəfdən elektro impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir. Artıq bu işlərin icrasına başlamışıq”. 
 
Düşmənimi qorxuduruq? Bəs onda qılıncımızı niyə bəlli edirik ki, düşmən də uyğun qalxan, qılınc götürsün? Yəni erməni, başının çarəsini qıl, “üstünə filan-filan silahlarla gəlirik. Ya da o deməkdir ki, biz torpağı azad etmək üçün  müharibə aparmaq fikrində deyilik. Belə bir məqsəd varsa, nəyimiz varsa niyə açıb tökürük?
 
Bu məlumatları Ermənistan tərəfə sıravi bir vətəndaş versəydi, yüngül desək cəzalanardı. Bu məlumatların dövlət sirri olub olmadığını bilmirəm. Amma, onu bilirəm ki, bu məlumatdan düşmən hər cür istifadə edəcək: əks tədbirlər görəcək, yoxudursa o da əldə edəcək və sairə.
 
Mən hörmətli naziri heç nədə günahlandırmıram. Yəqin bu məlumatlar nəinki dövlət sirri, görünür heç sirr deyil, adi bir müəssisənin “sosializm yarışı”nın göstəriciləridir. Amma, onu bilirəm ki, hamıdan az danışan bir müəssisə rəhbəri olmalıdırsa o da müdafiə sənayesinin başçısı olmalıdır.
 
Bu şübhələnmək mənim köhnə peşəmdən irəli gələn xarakterdir. Bizi keçmişdə belə öyrədiblər. Sirri saxlamağı öyrədiblər, onu yayanları da xəbərdar etməyi. Belə çıxır ki, indi  belə deyil. Deyilsə, üzr istəyirəm...
 
İlham İsmayıl
Qarabağ müharibəsi veteranı, təhlükəsizlik polkovnik-leytenantı

Загрузка...
Загрузка...