Abutalıbovun qohumunun “bazarı öldü” - ÖZƏL

Abutalıbovun qohumunun “bazarı öldü” Devalvasiyadan sonra bir çox ticarət mərkəzlərində yaranan durğunluq davam edir
 
Politika.Az-ın müxbirinin verdiyi məlumata görə, böhran Akademik Milli Dram Teatrının qarşısındakı keçiddə yerləşən dükanlara da xüsusi təsir edib.
Artıq aylardır ki, müflis olan ticarətçilər yer haqlarını da ödəyə bilmirlər. Onların sözlərinə görə, bahalaşma, digər tərəfdən isə əhalini gəlirlərinin azalması alıcılığa mənfi təsir edib. Nəticədə BŞİH-in Ticarət və Xidmət Departamentinin bazarı da “ölüb”.
 
Belə ki, alıcılıq qabiliyyətinin aşağı düşməsi meriyanın bu sahəsində əldə olunan gəlirləri də azaldıb. Departamentin direktoru Ramiz Hacıyevin əvvəlki qaydada ticarət obyektlərindən aylıq ala bilmədiyi xəbər verilir. Dünənə kimi sahibkarlara “qan udduran” Bakı meri Hacıbala Abutalıbovun məmurları indi xərac tələb edə bilmirlər.
Prezidentin iş adamları ilə bağlı verdiyi mühüm tapşırıqlar və məmurlara etdiyi sərt xəbərdarlıq Bakı meriyasında sözügedən departamentin bazarını çətinə salıb. Politika.Az-ın əməkdaşı onu da öyrənib ki, R.Hacıyevin rəhbərlik etdiyi gəlirli departament ona dayısı tərəfindən hədiyyə olunub.
 
Qeyd edək ki, Hacıyev Abutalıbovun bacısı oğludur. İllərdir ki, dayısına güvənən departament müdiri müxtəlif qanunsuzluqlara, sahibkarların incidilməsinə imza atıb. Son illərdə ondan prezidentə çoxsaylı şikayət məktubları ünvanlanırdı.
 
Dövlət başçısının iş adamlarının fəaliyyətinə imkan yaradılması haqda tapşırığı artıq Hacıyevin işinə yaramayıb. Digər ticarət dükanlarında olduğu kimi, “Azdrama” qabağındakı keçiddə çalışanlar isə deyirlər ki, müştəri üzünə həsrət qalıblar.
 
Onu da bildirək ki, şəhərin müxtəlif ərazilərində, o cümlədən mərkəzi küçələrdə xeyli sayda mağazalar bağlanıb. Böhranın gətirdiyi iqtisadi çətinliyə və dolların bahalaşmasının vurduğu zərər tab gətirməyən xeyli sayda geyim dükanları fəaliyyətini dayandırıb.