Abutalıbova yol göründü: YERİNƏ KİMİ GƏTİRƏCƏKLƏR? - təfsilat

Fərəcov geri çəkilib, Eldar Əzizovla Elmar Vəliyev isə şiddətli şəkildə mübarizəyə qoşulublar
Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbovun səhhətində yaranmış problemlə əlaqədar olaraq, yaxın günlərdə vəzifəsindən çıxarılacağı artıq dəqiqləşib. Bu barədə Politika.Az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatlarda deyilir ki, Abutalıbovun özü də vəzifəsindən getmək istədiyini rəsmi qurumlara çatdırıb. Bildirib ki, daha əvvəlki səviyyədə işləyə bilmir, üstəlik, səhhəti də buna imkan vermir. Politika.Az-ın əldə etdiyi məlumata görə, Bakı merinin belə bir addım atmasından sonra xəbər şəhərə yayılıb və onun postu uğrunda mübarizə şiddətli şəkil almağa başlayıb.
Məlumatlara görə, bu post uğrunda əsasən canfəşanlıq edənlər arasında iki şəxs var. Onlardan biri Gəncənin icra başçısı Elmar Vəliyev, digəri isə Səbayelin icra başçısı Eldar Əzizovdur. Bu iki rəqibin hədəfləri Bakı meri olmaqdır və bunun üçün butün imkanlarından istifadə edirlər.
Politika.Az xəbər verir ki, bu post uğrunda mübarizə aparan Sumqayıtın icra başçısı Zakir Fərəcov isə geri çəkilib. Onun Sumqayıta icra başçısı təyin olunması səbəbindən bu addımı atdığı deyilir. Bildirilir ki, Fərəcov bu məsələdə Eldar Əzizovun yanında yer tutacaq. Ona görə ki, onun Əzizovla çox yaxşı münasibətləri olub. Düzdür, ilk başda tərəflər arasında münaqişəli vəziyyətlər yaranıb. Lakin sonradan münasibətlər düzəlib və dostluğa çevrilib.