Abşeronun Hökməli qəsəbəsində yeni inşa olunmuş bağçanın açılışı olub

Ümummilli lider Heydər Əliyevin 93 illiyi ərəfəsində Abşeron rayonunun Hökməli qəsəbəsində yeni inşa olunmuş bağçanın açılışı olub. Açılış mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, ulu öndər Heydər Əliyevin vaxtında həyata keçirdiyi siyasət sayəsində Azərbaycan surətlə inkişaf etməkdədir.
O, vurğulayıb ki, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də çox böyük naliyyətlər qazanılıb. Əldə edilən inkişaf təhsil sahəsinin maddi-texniki bazasının daha da gücləndirilməsini, yeni-yeni təhsil ocaqlarının inşa edilməsini labüd edir.
Bütün ölkə ərazisində, eləcə də Abşeronda təhsillə bağlı çox böyük uğurların əldə olunduğunu qeyd edən İ.Gülməmmədova rayonda fəaliyyət göstərən bütün məktəb binalarının əsaslı şəkildə təmir olunduğunu, onların maddi-texniki bazasının gücləndirildiyini, eyni zamanda yeni-yeni uşaq bağçalarının tikilərək istifadəyə verildiyini vurğulayıb.
“Bu gün Hökməli qəsəbəsində istifadəyə verilən bağça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayonumuza və abşeronlulara göstərdiyi diqqət və qayğının təzahürü və nəticəsidir” – deyən İ.Gülməmmədova qeyd edib ki, ötən il ölkəmizin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən respublikamızın bütün rayonlarında yeni bağçaların inşa edilməsi təşəbbüsü irəli sürülüb. Bu təşəbbüslə Abşeron rayonunda da uşaq bağçalarının tikilməsinə başlanıldığını və artıq 6 uşaq baxçasının əhalinin istifadəsinə verildiyini bildirən başçının sözlərinə görə, hazırda daha 6 uşaq baxçasının inşası davam etdirilməkdədir.
Qeyd edilib ki, son illərdə Hökməli qəsəbəsində böyük abadlıq-quruculuq işləri aparılıb. Yeni ambulatoriya binası tikilib. Qəsəbə məktəbi yenidən qurulub.
Sonra çıxış edən qəsəbə sakinləri qəsəbədə həyata keçirilən abadlıq-quruculuq işlərinə görə, dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra yeni inşa edilmiş baxçaya baxış keçirilib.
Fidanlar hazırladıqları musiqi səhnələrini təqdim edib, müxtəlif şeirlər səsləndiriblər.