ABŞ Zərrabı bunları deməyə məcbur edir – Sui-qəsdin sirri

 
ABŞ həbsxanasında girov saxlanılan Rza Zərraba qarşı sui-qəsd olub. Zərrab ilk dəfə FETÖ-nun 17 dekabrda dövlət çevrilişinə cəhdi zamanı həbs edilib. O zaman FETÖ-nun əsas məqsədi dönəmin baş naziri Ərdoğanı həbs etmək idi, lakin Ərdoğan həmin çevrilişin qarşısını aldı.
 
Bu sözləri Axar.az-a tanınmış jurnalist Ruslan Bəşirli azərbaycanlı iş adamı Rza Zərrabın həbsxanada başına gətirilən hadisələrdən danışarkən deyib. O bildirib ki, Rza Zərrab ABŞ həbsxanasında Türkiyəyə qarşı təzyiq olaraq saxlanılır:
 
“Sonradan ABŞ-a səfər edən Rza Zərrab orada həbs olundu. İndi Zərrabı ABŞ-da az qala ömürlük həbs gözləyir. Ona qarşı irəli sürülən ittiham isə tam qanunsuzdur. Guya Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozub. Əvvəla, həmin dövrdə ABŞ İrana sanksiya tətbiq etmişdi, lakin bu sanksiya BMT tərəfindən təsdiqlənməmişdi. İkincisi, Zərrab Türkiyə vətəndaşıdır və Türkiyə həmin vaxt nəinki İrana sanksiya tətbiq etməmişdi, hətta sanksiyanın təsirini azaltmaq üçün Ankara Tehrana yardım edirdi. Bu səbəbdən də Zərraba qarşı irəli sürülən ittihamlar qanunsuzdur. Məsələ çox bəsitdir, Zərrab siyasi qərarla həbs olunub”.
 
Ruslan Bəşirli ABŞ-ın Zərrabdan Türkiyəyə və hökumətinə qarşı iftira ifadələri almaq istədiyini bildirib:
 
“Onun sui-qəsd cəhdinə məruz qalması, vəkillərinin belə xəbəri olmadan həbsxanadan çıxarılaraq, naməlum bir yerə aparılması Zərraba xəbərdarlıqdır. Bu, “səni öldürərik, istədiyimiz ifadəni ver” xəbərdarlığıdır. Bu olay həm də bir daha ABŞ-ın qanunlara məhəl qoymayan, beynəlxalq hüququ hər addımda tapdayan bir ölkə olduğunun göstəricisidir”.
 
Qeyd edək ki, İrana qarşı tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı iş adamı Rza Zərrabın həbsxanadan yoxa çıxması ilə bağlı məlumatlar yayılmışdı. Vəkil Mustafa Doğan mətbuata açıqlamasında onun ölümlə təhdid edilərək yalan ifadə verməyə məcbur edildiyini bildirib.

Загрузка...
Загрузка...