ABŞ-ın Yaxın Şərq planı: iki kürd dövləti

Türkiyənin ən sərt reaksiyalarına baxmayaraq, ABŞ Suriyada PYD ilə əlaqələrini genişləndirir.
 Axar.az xəbər verir ki, rəsmi Ankara Vaşinqtona birgə Rakka əməliyyatı təklif etsə də, sonuncunun cavabı müsbət olmadı. Görünür, Ağ Evin Suriyada PYD ilə bağlı başqa planları var…
 Türkiyə mətbuatında yayılan məlumatlara görə, ötən ilin noyabrından Suriya və İraqda yeni dəhlizin yaradılmasına başlanılıb. PYD-YPG qüvvələri ilə qurudan hərbi əməliyyata başlayan ABŞ Süleymaniyyədən başlayaraq Kərkük də daxil olmaqla Afrin bölgəsinə qədər uzanacaq yeni enerji dəhlizin xəritəsini çəkib.
 Türkiyə ilə sərhəddən 90 kilometr məsafədə uzanan dəhlizin yaradılması ilə ABŞ Türkiyənin müdaxiləsini də məhdudlaşdırmış olacaq.
 Mosulun İŞİD tərəfindən işğalından sonra Bağdadla əməkdaşlıq edən rəsmi Vaşinqton PYD qüvvələrini Kərkük ətrafına yerləşdirib. Ayrıca, İraq-Suriya sərhədindəki Şenqal bölgəsi də PKK silahlılarına təhvil verilib. Bu yolla Türkiyə ilə strateji razılaşmalara imza atan Məsud Bərzaninin də bölgəyə təsir etmə qabiliyyəti azldılıb.
 Ərbil, Dahuk və Mosulun bir hissəsinin kənarda qaldığı yeni xəritəyə görə qərbdə Afrinə qədər uzanan enerji dəhlizi ABŞ-ın dəstəklədiyi Kürdüstan xəritəsinə çevriləcək. ABŞ-ın yeni planında Ərbil və Dahukda Bərzaninin rəhbərliyi ilə ikinci kürd bölgəsinin yaradılması da nəzərdə tutulur.
 İraq Kürd Rəhbərliyinin lideri Bərzaninin oktyabrda Vaşinqtona səfəri gözlənilir. Müzakirələrdə kürd lider ABŞ-ı Süleymaniyyə və Kərkük planından daşındırmağa çalışacaq.