ABŞ və Rusiya razılığa gəldi

ABŞ və Rusiya Suriyanın bir neçə rayonunda atəşkəslə bağlı yeni razılığa gəlib.
RİA Novosti-nin yaydığı məlumatı Bəşər Əsədə aid silahlı qüvvələrin qərargahı da təsdiqləyib.
Atəşkəs rejimi ölkənin Latakiya bölgəsinin şimal hissələrində və Dəməşqin ətraf rayonlarında tətbiq ediləcək. Latakiyada atəşkəs 72 saat, Suriya paytaxtı ətrafında isə 24 saat müddətinə tətbiq olunacaq.
Yeni atəşkəs "problemli vəziyyətləri tənzimləməyə" yardım etmək məqsədi daşıyır.
Atəşkəs bu gecə saat 00.00-dan qüvvəyə minəcək.
Qeyd edək ki, Suriyanın ayrı-ayrı rayonlarında intensiv döyüşlər davam edir. Ötən həftə ərzində Hələb şəhərindəki atışmalar nəticəsində 200-dən çox dinc sakin həyatını itirib.("Report")