"ABŞ Əsədi devirmək üçün İŞİD-i Suriyaya sıxışdırır" — Politoloq rəyi

 
Mosulun İŞİD-dən azad edilməsi üçün ABŞ və Qərb koalisiyası əməliyyat keçirir.
 
Mosul əməliyyatına Türkiyənin də qoşulacağı rəsmən təsdiqlənib. Türkiyə Mosul əməliyyatında İŞİD-ə havadan zərbələr endirəcək. Türkiyə hava hücumlarında İncirlik və Diyarbəkirdə yerləşən bazalardan istifadə edəcək.
 
Mosul əməliyyatının indiki şəraitdə başlanması birmənalı qarşılanmır.
 
Mosul əməliyyatının başlama səbəbi və Türkiyənin bu əməliyyatda iştirakı barədə politoloq Elşən Manafov Ölkə.Az-la öz fikirlərini bölüşüb:
 
"Hazırda Mosul əməliyyatına qoşulmuş olan dövlətlərin bu bölgə ilə bağlı maraqları kifayət qədər bəllidir. ABŞ başda olmaqla Qərb koalisiyasının Mosul əməliyyatına bu dönəmdə başlamasına aydınlıq gətirsək, belə bir fikir səsləndirmək olar ki, ABŞ əslində Suriya və İraqla bağlı özlərinin geosiyasi maraqlarını növbəti müstəviyə keçirmək istəyirlər. Çünki zamanında İŞİD-in məhz ABŞ-ın bu və ya digər mənada maliyyə və siyasi dəstəyi nəticəsində yaranması ilə bağlı məsələlər gündəmdə olub və təkzib edilməz faktlardır ki, beynəlxalq terrorizmi doğuran amillər Qərbin bu bölgədəki geosiyasi maraqlarından irəli gəlmişdi. Bu gün İŞİD-ə qarşı mübarizə belə bir fikiri səsləndirməyə əsas verir ki, İŞİD özü beynəlxalq güclərin diqqətindən kənarda qalıb, artıq beynəlxalq güclərin diqtəsi ilə oturub, durmur. İŞİD-in Mosulu ələ keçirən zaman təxminən yarım milyarda yaxın vəsaitə yiyələnməsi onun ABŞ-dan maliyyə asılılığına son qoydu.
 
İŞİD-in bölgədəki hərəkətləri region dövlətlərinə ciddi təhlükə törətdiyindən, təhlükənin aradan götürülməsi və onun daha çox ABŞ-ın maraq çərçivəsinə salınması üçün bu əməliyyat baş tutacaq.
 
Türkiyənin bu əməliyyatlara qoşulması Ərdoğanın ciddi iradlarından sonra baş tutdu. Ərdoğan iki gün əvvəl ABŞ iqtidarına mesaj verdi ki, əslində zamanında Səddam Hüseyn iqtidarı da ABŞ-ı İraqa dəvət etməmişdi. Türkiyə o zaman bu əməliyyata qoşulmaq istəyəndə onun qarşısına belə bir irad qoydular ki, ABŞ-ın və Qərb koalisiyasının bu əməliyyata başlaması İraqın rəsmi icazəsi və xahişi ilə baş tutub. İraq hökumətinin belə bir xahişi və istəyi olmayıb. İraq hökuməti rəsmi olaraq bir neçə dəfə Ərdoğan hökumətindən qoşunlarının İraq ərazisindən çıxarılmasını tələb etmişdi. Ərdoğan isə bəyan etdi ki, zamanında İraqla Türkiyə arasında Türkiyə qoşunlarının İraqa daxil olması və burada Türkiyəyə ciddi təhlükə törədə biləcək İŞİD-ə qarşı mübarizə aparılması üçün razılıq əldə olunub. Məhz Ərdoğanın bu ciddi iradlarından sonra NATO üçün strateji əhəmiyyəti göz önünə alınaraq Türkiyə ordusunun da Mosul əməliyyatında iştirak etməsinə razılıq verildi.
 
Türkiyənin bu əməliyyatlara qoşulmasında marağı kifayət qədər fərqlidir. Türkiyə gözəl başa düşür ki, İŞİD Mosuldan çıxdıqdan sonra həmin ərazidə kürd dövlətinin yaradılması istiqamətində ABŞ özünün növbəti geosiyasi layihəsini həyata keçirmək üçün mövqeyini ortaya qoyacaq. Kürdüstanın yaradılması isə Türkiyədə separatizmin baş alıb getməsi, PKK-nın daha da canlanması üçün bir siqnal olacaq. Türkiyə onsuzda PKK-nın separatizmindən əziyyət çəkir. Ona görə də, Kürdüstanın yaradılması Türkiyə baxımından ciddi siqnal ola bilər. Bu mənada Türkiyənin bu əməliyyata qatılması NATO üzvlərinin maraqlarından fərqli maraqlara xidmət etdiyini göstərir. Bütün hallarda Türkiyə İraq Kürdüstanının yaranması ilə bağlı məsələlərə özünün dövlət maraqları konteksindən yanaşacaq və güman edirəm ki, bu məsələdə Rusiyanın nə qədər fəal iştirak edib-etməyəcəyi məsələsi gündəmdə olacaq.
 
Mosul əməliyyatının başlamasının digər bir səbəbi İŞİD-i İraq ərazisindən Suriyaya sıxışdırmaqdır. ABŞ-ın istəyi Bəşər Əsəd rejiminə qarşı vuruşan Azad Suriya Ordusu ilə İŞİD-i əlaqələndirib koordinasiya yaratmaqdır. Görünür, Rusiyanın Suriyadakı fəallığı və Əsəd rejiminə verdiyi dəstək və nəticə etibarı ilə Bəşər Əsədin devrilməsi üçün ABŞ-ın etdiyi səylərin uğursuzluğu ABŞ-ı artıq İŞİD-i Suriyaya sıxışdırmaq məcburiyyətində qoyub. İŞİD-in Suriyaya çəkilməsi ABŞ-ın Əsəd rejimini devirmək və buradan Rusiyanı sıxışdırmaq üçün maraqlarına cavab verdiyindən, məhz bu dönəmdə İŞİD-ə qarşı hərbi əməliyyatlara başladılar. İstisna etmək olmaz ki, Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da bu əməliyyatlara qoşulacaq. Düşünürəm ki, bundan sonra hədəfdə Yəmən və İran arasında münasibətlər olacaq.
 
İŞİD-ə qarşı mübarizə sadəcə olaraq ABŞ-ın maraqları çərçivəsində aparılacaq və elə bir vəziyyətə gətiriləcək ki, İŞİD yenidən ABŞ-ın bölgə ilə bağlı sifarişlərini yerinə yetirmək məcburiyyətində qalsın".