​ABŞ-ın Rusiya “nağılı”: Kəşfiyyat əlacsız qalıb

 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyində (NSA) Rusiya müəmması dərinləşir.
 
Axar.az xəbər verir ki, hər üç qurum Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini bildirsə də, dəlil təqdim etməkdən boyun qaçırıblar.
 
Məsələ ilə bağlı açıqlama verən Dövlət Departamentinin sözçüsü Con Kirbi ortada dəlil olmadığını etiraf edib. Onun sözlərinə görə, sübut olmasa da, rəsmi dairələr saxtakarlığın Moskvadan idarə olunduğuna inanır:
 
“Gizli xidmətlərin iş prinsipləri açıqlana bilməz. Onlar mənbələrini gizli saxlamaq məcburiyyətindədirlər”.
 
Jurnalistlərdən biri bu sözlərdən sonra ABŞ kəşfiyyat orqanlarının İraqda kütləvi qırğın silahları olduğuna dair yanlış hesabatını Kirbinin yadına salıb.
 
Vaşinqton rəsmisi bildirib ki, hadisələri qarışdırmaqolmaz:
 
“Heç kim 2000-2001-ci illərdə xətaya yol verildiyini inkar etmir. Ancaq bu, 15 il öncə baş verib. O gündən bəri çox şey dəyişib. Biz irəliyə baxdıq və bu səhvlərdən çox şey öyrəndik”.