ABŞ Qaziantep terroru barədə də xəbərdarlıq edibmiş

ABŞ-ın Ankaradakı səfirliyi ölkə vətəndaşlarına Türkiyədəki turizm bölgələrində terror təhlükəsi ilə bağlı xəbərdarlıq edibmiş. Musavat.com “İhlas” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlıqdan 4 gün sonra Qaziantepdə terror aktı törədilib.
ABŞ səfirliyinin “TƏCİLİ” qrifi ilə yolladığı elektron məktubda amerikalılara terror xəbərdarlığı edilib. Xəbərdarlıqda bildirilib ki, terror təşkilatları Türkiyənin populyar turizm bölgələrində terror fürsəti axtarır.
Səfirlik xəbərdarlıq edib ki, Türkiyədəki xarici turistlər terror təşkilatlarının açıq şəkildə hədəfindədir.
Bu xəbərdarlıqdan cəmi 4 gün sonra - bu gün Türkiyənin Qaziantep şəhərində İŞİD üzvü olduğu bildirilən şəxs bomba yüklü maşını partladıb. Terror aktı nəticəsində 2 polis şəhid olub, aralarında polis və mülki şəxslərin olduğu 23 nəfər isə yaralanıb.