ABŞ prezidentləri niyə məhz Ağ Evdə yaşayır?

 
 
Amerikada yeni seçilən prezidentlər öz ailələri ilə birlikdə Ağ Evə köçürlər. Ailə prezidentin səlahiyyət müddəti bitənə qədər, burada yaşamağa məcburdur. Bəs nə üçün ABŞ-da prezident və onun ailəsi yalnız Ağ Evdə məskunlaşmalıdırlar, bu, bir ənənədir, yoxsa təhlükəsizlik məsələsi ilə bağlıdır?
 
Ekspertlərə görə, səbəb əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır. Lakin burada yaşamaq prezident üçün heç də xərcsiz deyil...
 
Müsavat.com xəbər verir ki, kənardan Ağ Ev qədimi saraylara bənzəsə də, buradakı yaşam tərzi və daxili qanunlar heç də sarayla bir tutula bilməz. Öncə qeyd edək ki, bu bina Amerika Birləşmiş Ştatlarının federal paytaxtı olan Vaşinqtondakı çox saylı rəsmi binanın ən əhəmiyyətlisidir. Binanın tarixi, ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonla bağlıdır. Lakin Corc Vaşinqtona bu binada yaşamaq qismət olmayıb. Belə ki, 1799-cü ildə - onin dünyasını dəyişməsindən bir il sonra prezident binasının açılışı edilib. Bina başdan-başa ağa boyanıb.
 
1800-cü ildə Con Adamsdan bəri bütün ABŞ prezidentləri bu binada yaşayıb. Bina geniş bir park içində, təxminən altı hektar böyüklüyündə bir ərazidə yerləşib, 52,5 metr uzunluğunda və 25,5 metr genişliyindədir.
 
Mətbuatda “Ağ Ev” sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin “Viq” qəzetində işlədilib. Ağ Ev adının rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1902-ci ildə prezident Teodor Ruzvelt Vaşinqtondakı prezident iqamətgahının Ağ Ev adlandırılması barədə sənəd imzalayıb. 1814-cü ildə Britaniya qoşunlarının Birləşmiş Ştatlara hücumu zamanı Ağ Ev tamamilə yandırılsa da, tezliklə bina təmir olunub. Sonralar da Ağ Evdə vaxtaşırı təmir işləri aparılıb, amma onun arxitekturasında ciddi dəyişiklik edilməyib. Yalnız texniki nailiyyətlərlə əlaqədar binanın içərisində yeniliklər tətbiq olunub - elektrik və telefon xətləri çəkilib.
 
2001-ci ilin 11 sentyabr hadisələrinə qədər Ağ Ev turistlərin üzünə açıq olub və hər gün bu binaya orta hesabla 6 minə qədər turist gəlib. 11 sentyabrdan sonra isə dəmir barmaqlıqlarla hasara alınıb.
 
Xarici mətbuatda belə bir məlumat var ki, 1981-ci ildə and içərək ABŞ prezidenti vəzifəsinə başlamasından təxminən bir ay sonra Ronald Reyqan və həyat yoldaşı Nanci Reyqan Ağ Evdə axşam yeməyinin ardınca gözləmədikləri sürprizlə qarşılaşırlar. Belə ki, xidmətçinin gətirdiyi Ağ Ev inzibati məsulunun göndərdiyi hesab fakturasında yalnız o axşamın deyil, son bir ayın bütün yeməklərinin hesabı qeyd olunub. Bundan əlavə, hesabda bir ay ərzində Ağ Evə qonaq gələnlərin istifadə etdikləri bütün təmizlik vasitələrinin, diş fırçası, ətirlərin və digər bu kimi əşyaların da qiyməti yazılıb. Bütün bunları isə prezident öz maaşından ödəməlidir...
 
Qeyd olunur ki, ABŞ prezidentləri Ağ Evə yalnız kirayə haqqı ödəmirlər. Ancaq bunun xaricindəki hər şey maaşlarından çıxılır. Yalnız rəsmi dövlət qonaqlarının xərcini Amerika vergi ödəyiciləri ödəyirlər. Geri qalan fərdi mətbəx xərcləri, xidmət və materialların ödənişi prezident və ailəsinə aiddir. Qısacası, icarə və kommunal xərclər xaricində özləri üçün xərclənən hər qəpiyi dövlətə ödəmək məcburiyyətindədirlər. Oradakı xidmət 5-ulduzlu oteldəki xidmət səviyyəsində olduğu üçün, bunun qiyməti də təbii olaraq, böyükdür. Bu baxımdan tarixən ABŞ prezidentlərinin bu qiymətə heç də asan öyrəşmədiyinə dair faktlar da var.
 
Bütün bu şərtlər qarşılığında nə üçün məhz Ağ Ev? Bildirilir ki, bu, yuxarıda da qeyd etdiyimiz kimi ilk olaraq təhlükəsizlik məsələləri ilə bağlıdır. Çünki Ağ Evin ətrafında təhlükəsizlik tədbirlərinə sıx yer verilib. Hətta Ağ Evdə təhlükəsizliklə bağlı xüsusi daxili qayda-qanunlar var. Prezidentlər həmin müəyyənləşmiş təhlükəsizlik qaydalarına uyğun davranmağa məcburdurlar. Bura necə deyərlər, illərdir qurulmuş bir sistem əsasında fəaliyyət göstərir. Bu baxımdan hər bir yeni ABŞ prezidenti bu sistemə uyğun davranmağa, prezidentlik müddəti boyunca orada yaşanmağa məcburdur.