ABŞ kəşfiyyatının Hillari Klinton və Donald Trampla bağlı tərəddüdləri... FOTOLAR

 
 
Bu həftə ABŞ prezidentliyinə əsas namizədlər sayılan Donald Tramp və Hillari Klinton ABŞ-da uzun müddətdən bəri formalaşan təcrübəyə əsasən xüsusi xidmət orqanlarnın konfidensial raportları ilə tanış olacaqlar.
 
Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu perspektiv namizədlərin şəxsi keyfiyyətlərinə görə kəşfiyyatda işləyən peşəkarları qorxudur.
 
Prezident vəzifəsinə iddialı olan əsas namizədlərin məxfi informasiyalarla məlumatlandırılması ənənəsi hələ ABŞ prezidenti Harri Trumenin dövründən qalıb. Bu cür brifinqlər zamanı kəşfiyyat orqanlarının nümayəndələri namizəd şəxsləri dünyada baş verən ən aktual məsələlər barədə məlumatlandırırlar. Namizədlərin əldə etdiyi məlumatlar ABŞ kəşfiyyatı və diplomatik nümayəndəliklər tərəfindən toplanılır.
 
Konfidensial brifinqi dinləmək üçün namizədlərə xüsusi buraxılış lazım deyil. Lakin onlara verilən bütün informasiyalar məxfi hesab olunur və xüsusi xidmət orqanları bu məlumatların yayılmaması barədə onlardan yazılı iltizam alırlar. Brifinqlər Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun şəxsən iştirakı ilə keçirilir.
 
Bu vaxta qədər bu cür prosedurlar adi iş xarakteri daşıyıb. Lakin hazırda kəşfiyyat orqanları məxfi məlumatları namizədlərlə paylaşmaq məsələsində tərəddüd edirlər.
 
Qeyd olunur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Maykl Heyden həm Hillari Klintonun, həm də Donald Trampın kəşfiyyat orqanları tərəfindən verilən məlumatlardan doğru şəkildə istifadə edə bilməyəcəkləri barədə fikirlər irəli sürüb. O, bu barədə özünün “Nyu-York Tayms” qəzetindəki məqaləsində də yazıb.
 
 
Maykl Heyden
 
M.Heydenin yazdığına görə, “Donald Tramp ağlına birinci nə gəlirsə, onu söyləyən adam” təsirini bağışlayır. ABŞ kəşfiyyatınn keçmiş rəhbərinin qeydlərinə görə, bu, dövlət sirrlərinə yiyələnəcək adam üçün çox təhlükəli keyfiyyətdir.
 
Vaşinqon şəhərində yerləşən Global Security.org ekspert qrupunun analitiki Con Payk da “qazeta.ru” saytına verdiyi müsahibədə eyni narahatlığı paylaşıb: “Bizdə belə bir əminlik yaranıb  ki, Moskva ən azı Trampın kampaniyasına əl atıb və buna görə də onun bu cür brifinqlərdə alacağı bütün informasiyalar tez bir zamanda  V.Putinin masasının üstündə ola bilər”.
 
 
Con Payk
 
Bu şübhələr ABŞ-ın Demokratlar Partiyasının serverinin qırılmasından sonra daha da güclənib. Təxmin olunur ki, rusiyalı hakerlər Demokratlar Partiyasının məlumat bazasının şifrəsini qıraraq, oradan əldə olunan informasiyaları  “WikiLeaks” saytının əməkdaşlarına ötürüblər.
 
Həmin məlumatlarda partiyanın yüksək vəzifəli şəxslərinin yazışmaları da yer alıb. Bu yazışmalardan Demokratlar Partiyasının rəhbər şəxslərinin məhz Hillari Klintonun vahid namizəd olaraq, təsbit olunması üçün çalışdıqları məlum olub.
 
Bu qalmaqal D.Trampa böyük uduş gətirib. Respublikaçı namizəd hadisəni az qala bayrama çeviməklə yanaşı, açıq şəkldə Rusiyanı Hillari Klintonun yazışmalarını faş etməyə çağırıb. Məhz bundan sonra Donald Tramp az qala Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlıqda günahlandırılıb.
 
Maykl Heydenin sözlərinə görə, Hillari Klinton da öz növbəsində dövlət katibi kimi yüksək vəzifə tutmasına rəğmən elektron məktublar məsələsində ciddi ehtiyatsızlığa yol verib və şəxsi hesabından dövlət yazışmalarını həyata keçirib.
 
 
 
Bundan başqa, MKİ-nin keçmiş direktoru əlavə edib ki, demokratların məktublarının hakerlər tərəfindən ələ keçirilməsindən sonra Hillari Klintonun ABŞ kəşfiyyat orqanları ilə də problemləri yarana bilər.
 
Rusiya mətbuatının yazdığına əsasən ABŞ kəşfiyyat sistemi artıq bir müddətdir ki, etibarlılıq böhranı yaşayır.
 
MKİ-nin keçmiş analitiki Metyu Berrouzun mətbuata açıqlamasına görə, MKİ İraq müharibəsindən sonra öz nüfuzunu itirib və siyasi elitanın bir hissəsinin dəstəyindən məhrum olub.
 
Xatırladaq ki, ABŞ məhz kəşfiyyatın Səddam Hüseynin guya kimyəvi silah hazırlaması barədə verdiyi məlumatlara görə İraqa hərbi müdaxiləyə qərar vermişdi. Sonradan bu məlumatların doğru olmadığı bəlli olmuşdu.
 
Bütün bunlara rəğmən ABŞ-ın kəşfiyyat sistemi hələ də dünyanın ən yaxşılarından (bəlkə də ən yaxşısı) hesab olunmaqdadır. Bunu hətta ABŞ-ın ən əsas beynəlxalq rəqiblərindən olan Rusiyanın prezidenti Vladmir Putin də etiraf edib.