“ABŞ iki kürd bölgəsi yaratmaq istəyir” - Türkiyə üzərində böyük oyun

Rusiya ilə Türkiyə arasında Su-24 təyyarəsi ilə bağlı məlum gərginlik yaranandan sonra vəziyyəti qəlizləşdirməyə çalışan dövlətlərdən biri də Yunanıstan oldu.
 Yunan rəsmilər bildirdilər ki, Türkiyə təyyarələri onların hava məkanını tez-tez pozur. Amma onlar türklər kimi davranmırlar. Hətta Yunanıstanın baş naziri Aleksik Tsipras bununla bağlı Tvitterdə də yazdı. İndi isə yunanlar Ayasofiya məsələsini qaldırıblar. Onlar Ramazan ayı ərzində bu məkanda “Quran”dan surələr oxunmamasını istəyirlər. Yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinin Afinaya səfəri də nəzərdə tutulub. Digər tərəfdən isə Almaniya Bundestaqı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib.
Beləliklə, Türkiyə xarici siyasətdə təklənmiş kimi görünür.
Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri bildirib ki, Türkiyənin regionda sıxışdırılması açıq-aşkardır. Onun sözlərinə görə bu da Türkiyənin bütün sahələr üzrə böyüməsi və müstəqil siyasət yürütməsi ilə bağlıdır: “Türkiyə əvvəllər Avropa Birliyinin bilavasitə təsdiqedici əlavəsi kimi fəaliyyət göstərirdi. Ancaq bu gün Türkiyə geosiyasi aktiv oyunçudur.
 Bütün geosiyasi qərarları da özü müstəqil olaraq verir. Fikir verirsinizsə, Türkiyə müdafiə sənayesi kontekstində də çox güclənməkdədir. Getdikcə Türkiyənin müstəqil iqtisadi qüdrəti artır. Bu da təbii ki, regional və qlobal ölkələri çox ciddi surətdə narahat etməkdədir. Ona görə də bu gün həm Suriya cəbhəsində, həm də daxildə ciddi terror aktları ilə üz-üzədir. Bu gün baş verən terror aktını da məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Əgər sabah bu teraktın altından İŞİD çıxsa belə, bunu İslam kontekstində dəyərləndirmək doğru deyil. Çünki İŞİD özü qlobal güclərin əlində bir alətdir”.
N.Miri qeyd edib ki, Almaniya Bundestaqında qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul olunması da məhz Türkiyəyə edilən siyasi təzyiq vasitəsi kimi düşünülməlidir: “Bundan başqa ABŞ bu gün Türkiyənin qonşuluğunda, həm Şimali İraqda, həm də Suriyada iki kürd bölgəsi yaratmaq istəyir. Bu projeyə əngəl olmaq istəyən yeganə güc məhz Türkiyə faktorudur. Ona görə də bu gün həm ABŞ, həm Rusiya, həm Avropa Birliyi, həm də qonşu ölkələr tərəfindən Türkiyəyə qarşı bir cəbhə açılıb. Bütün bu sıxışdırılmaları, təzyiqləri bu kontekstdə dəyərləndirmək lazımdır”.
Müsahibimiz qeyd edib ki, Yunanıstan 5 əsrdir Türkiyə ilə düşmənçilik aparır: “Bunun da səbəbləri bəllidir. Bu, təkcə ərazi və İstanbul kimi şəhərin itirilməsi ilə bağlı deyil. Bütövlükdə həm də mənəvi-psixoloji-dini yöndə onlar Türkiyəni özlərinə düşmən hesab edirlər. Ayasofiya kimi dini mərkəzin bu gün Türkiyədə, İstanbulda qalması ilə Yunanıstan heç bir zaman barışmayıb və bu gün də barışmır. Ona görə də hətta vaxtaşırı isti münasibətlər olsa belə, Yunanıstan Türkiyəyə qarşı bir düşmənçilik siyasəti yürüdür.
 Bütün bunlara rəğmən fikir verirsinizsə, Türkiyə Yunanıstana qarşı mənəvi-psixoloji sərhədləri keçmir. Bütün zamanlarda Türkiyədə belə bir fikir mövcud olub Ayasofiya mərkəzi müsəlman dini mərkəzi kimi, yəni məscid kimi istifadə olunsun. Ancaq Türkiyə bu mənəvi-psixoloji-dini sərhədləri keçmədiyi üçün Ayasofiya mərkəzi hələ də məscid kimi istifadə olunmur. Bütün bunlara rəğmən Yunanıstan yenə də öz düşmənçilik siyasətini davam etdirir. Hesab edirəm ki, 1453-cü ildə türklərin Konstantinopolu işğal edib onu İstanbula çevirməsi ilə başlayan və əsrlər boyu davam edən bu düşmənçilik davam edəcək. Odur ki, məsələyə başqa rəng vermək lazım deyil. Yunanıstan da fürsətcil bir dövlətdir. Bu gün bütün dünyanın Türkiyəyə qarşı olduğu bir zamanda təbii ki, o da bu təzyiqlərin bir parçası olmaqla Ankaranı sıxışdırmaq niyyətindədir”.