ABŞ-dan Əsədə sərt cavab tədbirləri - ANALİZ

 
Barak Obama administrasiyası Rusiyanın köməyi ilə Suriya ordusunun Hələbə etdiyi hücuma qarşı daha sərt cavab tədbirləri görmək üçün müzakirələrə başlayıb.
 
Teleqraf.com xəbər verir ki, bununla bağlı Reuters agentliyi məlumat yayıb.
 
Administrasiyanın iki məmurunun sözlərinə görə, Suriya ordusunun Hələbə etdiyi hücum Ağ Evin bəzi nümayəndələrini şoka salıb. Hesab olunur ki, Hələbdə nəzarəti ələ almaqla hökumət qüvvələri ölkənin ən böyük şəhəri üzərində prezident Bəşər Əsədin hakimiyyətini bərpa etmiş və müxaliflərə ciddi zərbə endirmiş olacaq.
 
Vəzifəli şəxslərdən biri bildirib ki, əvvəlcə Vaşinqton dövlət katibi Con Kerrinin xəbərdarlığına riayət edə və Suriya məsələsində Rusiya ilə dialoqu dayandıra bilər. Cavab tədbirlərinə Fars körfəzində suriyalı üsyançılara müasir silahlar vermək də aiddir.  Bununla yanaşı, ABŞ qırıcılarının Suriya hökumət qüvvələrinə məxsus bazaları bombardman etməsi variantı az inandırıcıdır, çünki burada rusiyalı hərbçilər var.
Hərbi siyasət üzrə ekspertlərin fikrincə, Obama Suriyada ən vacib məsələdə ciddi səhv buraxıb: "O, Suriya ordusunun kimyəvi silahdan istifadə etməsinə və "qırmızı xətti" keçməsinə dəstək verib. Bu o deməkdir ki, Obama verdiyi vədə əməl etməyib və təhlükənin qarşısını almayıb".
Amerikalı məmurlardan biri Vaşinqtonun növbəti planları haqqında danışıb: "Vaşinqton bu məsələdə digər ərazilərdə olan qiyamçıları dəstəkləyəcək və onlara havadan zərbə endirməyə imkan yaradacaq. Bu döyüşün istiqamətini dəyişməsə də, rusiyalı hərbçiləri dayanmağa və fikirləşməyə vadar edəcək. ABŞ-dan göndəriləcək silahlar arasında zenit raketləri olmayacaq. Çünki bu raketlər Suriyaya daxil olduğu zaman terror qruplaşmalarının əllərinə keçə bilər".
Digər variantlar arasında Suriyaya əlavə qüvvələrin göndərilməsi var. Bu qüvvələr kürd silahlılarına və qiyamçılara təlimlər keçəcək.
Əlavə edilir ki, müzakirələr hələlik aparat üzvləri arasında aparılır.
 
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə dünən baş tutan telefon danışığında ABŞ dövlət katibi Con Kerri Vaşinqtonun Suriya məsələsində Moskva ilə əməkdaşlığı dayandıra biləcəyini açıqlamışdı. O Rusiyadan atəşkəsə riayət olunması üçün Əsədə təzyiq göstərməyi tələb etmişdi.