ABŞ-dan gözlənilməz: Qarabağ üçün növbəti gərginlik...

 
ABŞ-ın bu hərəkəti Rusiyaya Cənubi Qafqazda qol-qanad açmağa imkan yaradacaq və Ermənistanın dəyirmanına su tökəcək.
 
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli ABŞ-ın Minsk Qrupundakı təmsilçiliyinin ixtisara salınacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ bu addımı atarsa, Dağlıq Qarabağ məsələsində üstüörtülü formada da olsa, ermənipərəst mövqe tutmuş olar:
 
“Həqiqətən də ABŞ-ın Minsk Qrupundakı həmsədrinin ixtisara salınması planlaşdırılır. ABŞ bunu Dövlət Departamentində ixtisar əməliyyatlarının həyata keçirməsi və maliyyə vəsaitinə qənaət etməklə əlaqələndirir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin 1 illik xərci 130 min dollardır. Güman etmirəm ki, ABŞ kimi nəhəng bir dövlətin 130 min dollara böyük ehtiyacı olsun. Burada siyasi motivlərin üstünlük təşkil etdiyi ortadadır. ABŞ-ın bu addımı ilə onun Dağlıq Qarabağ probleminə ögey münasibətini vurğulamaq məcburiyyətindəyəm. Çünki ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl öz çıxışlarında problemin həlli üçün proseslərin sürətlənməsi və tez zamanda həll edilməsinə dair görülən tədbirləri nəzarət altında saxlayacağı ilə bağlı bəyanatlar verirdi. Ağ Evin sözcüsü də bu sözləri tez-tez təkrar edirdi. Gözlənilmədən Minsk Qrupunun həmsədrinin, proseslə daim məşğul olan bir adamın missiyasının dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininə həvalə olunması bu işdə axsamaların yaranmasına səbəb olacaq. Bu axsama Amerikadan olan həmsədri əvəz edən şəxsin hər gün bu işlə məşğul olmaq imkanının olmaması ilə bağlıdır. Eyni zamanda Minsk Qrupunun amerikalı həmsədrinin ixtisara salınması ilə Dağlıq Qarabağ probleminin həllində əsas söz Rusiyanın öhdəliyinə veriləcək. Yenidən Rusiya Cənubi Qafqazda, eləcə də Dağlıq Qarabağ problemi məsələsində at oynatmaqda davam edəcək”.
 
Politoloq qeyd edib ki, ABŞ-ın bu məsələdəki mövqeyi başadüşülən deyil:
 
“Tramp bundan əvvəlki çıxışında Cənubi Qafqazda mövqeyini daha da genişləndirəcəyi və burada Rusiya ilə ciddi rəqabət mübarizəsinə girəcəyini bildirmişdi. Həmin rəqabətin elementlərindən biri də Dağlıq Qarabağ probleminin həlli məsələsidir. ABŞ bu problemin həllinə ciddi yanaşmır. Çünki ABŞ-ın daimi nümayəndəsini keçici nümayəndə ilə əvəzləmək istəyini başqa cür adlandırmaq olmur.”.
 
Politoloq vurğulayıb ki, öncədən çox ciddi proqnozlar vermək istəmir:
 
“Amma bunu əminliklə deyə bilərəm ki, ABŞ-ın bu hərəkəti Rusiyaya Cənubi Qafqazda qol-qanad açmağa imkan yaradacaq və Ermənistanın dəyirmanına su tökəcək. Bu islahatın Ermənistanı dəstəkləyən lobbiçilərin təsiri altında həyata keçirildiyi qənaətindəyəm. Özünü dünyanın bir nömrəli dövləti elan edən və dünya düzəninə cavabdeh olan dövlətin belə haqsız mövqe sərgiləməsi başadüşülən deyil”.
 
Qeyd edək ki, ABŞ-ın Minsk Qrupundakı təmsilçiliyinin ixtisara salınacağı haqda xəbər yayılıb. ABŞ Dövlət katibi Reks Tillersonun bununla bağlı Senata göndərdiyi məktubda bildirilir ki, Amerikadan olan həmsədrin missiyası dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininə həvalə oluna bilər.

Загрузка...
Загрузка...